“İRƏLİ” İctimai Birliyi gənclərin asudə vaxtının səmərəli təşkili, onların müasir dövrün tələblərinə uyğun bilik və bacarıqlarla təchiz olunması, eləcə də rəqəmsal dünyanın təqdim etdiyi yeni imkanlardan faydalanmalarını təşviq etmək məqsədilə 1–31 may tarixlərində “Rəqəmsal Ay” (All Digital Month) layihəsinə start verir.
Birliyin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, rəqəmsal savadlılıq bu gün bütün dünyada ən vacib istiqamətlərdən biridir. Prezident İlham Əliyevin 16 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişaf konsepsiyası” ölkəmizin bu sahədə strateji baxışını və qətiyyətini əks etdirir. Bu konsepsiya təkcə texnoloji yenilikləri deyil, həm də vətəndaşların, xüsusən gənclərin rəqəmsal savadlılığının artırılmasını və onlayn resurslara bərabər çıxış imkanlarının yaradılmasını hədəfləyir. Bu kontekstdə, “İRƏLİ” İctimai Birliyi tərəfindən həyata keçirilən “Rəqəmsal Ay” layihəsi ölkəmizin rəqəmsal inkişaf prioritetlərinə töhfə vermək və gənclərin bu sahədə savadlılığının artırılması və gücləndirilməsi məqsədi daşıyır. “Heç kəs kənarda qalmasın” prinsipinə əsaslanan layihənin əsas məqsədi Azərbaycan gəncliyinin, xüsusilə regionlarda və ucqar ərazilərdə yaşayanların resurslara əlçatanlığını təmin etmək, onların rəqəmsal alətlərdən səmərəli və təhlükəsiz istifadə vərdişlərini formalaşdırmaqdır. Eyni zamanda, layihə çərçivəsində peşəkar mütəxəssislər tərəfindən keçirilən təlimlər, seminarlar və görüşlər vasitəsilə gənclərə müxtəlif sahələr üzrə bilik və bacarıqlar qazandırmaq, onların təhsil və karyera imkanlarını genişləndirmək, internetdə düzgün məlumat axtarışı və mənbələrin qiymətləndirilməsi, kibertəhlükəsizlik və rəqəmsal etika, innovativ yanaşmalar, qlobal rəqəmsal trendlər üzrə təlim və seminarların təşkili nəzərdə tutulmuşdur.
“Rəqəmsal Ay” layihəsi təkcə rəqəmsal savadlılığın artırılması ilə məhdudlaşmır; bu, həm də gənclərin müasir dünyanın tələblərinə uyğunlaşması, innovativ düşüncə tərzini mənimsəməsi və cəmiyyətdə aktiv rol oynaması üçün bir platformadır. Layihənin təhsil yönümlü olması onun əhəmiyyətini daha da artırır – biz gənclərə yeni rəqəmsal alətlərlə tanışlıq, onlayn təhlükəsizlik bilikləri və peşəkar inkişaf üçün praktiki bacarıqlar təklif edirik. Regionlarda yaşayan gənclərin bu prosesə cəlb edilməsi isə ölkə daxilində bərabər imkanların yaradılması və inkilüzivlik baxımından mühüm addımdır.
Eyni zamanda layihənin qalıcı təsirlərinin olması üçün süni intellekt alətlərindən effektiv istifadəni dəstəkləyən “prompt engineering” mövzusunda kitabın dilimizə tərcümə olunması, eləcə də rəqəmsal alətlərdən səmərəli istifaadəni təşfiq edən e-jurnalın hazırlanması planlaşdırılır.
Gəncləri rəqəmsal gələcəyə bir addım daha yaxınlaşdırmağı hədəfləyən bu “ay” çərçivəsində keçiriləcək bütün tədbirlər barədə ətraflı məlumat yaxın günlərdə təşkilatın sosial media hesablarından ictimaiyyətə təqdim olunacaq.