TDT-də müşahidəçi dövlət kimi çıxış edən Macarıstan türk dünyası ilə Avropa arasında körpü, ənənəvi sərhədləri aşan dialoq və əməkdaşlıq üçün qapı rolunu oynayır.
“İki sahil” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Macarıstan nümayəndəliyinin icraçı direktoru Balazs Hendrich Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Türkçülük Günü münasibətilə keçirilən “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi’’ adlı panel iclasında deyib.
O qeyd edib ki, Macarıstanın Türk Dövlətləri Təşkilatındakı (TDT) iştirakı dərin tarixi, dil və mədəni əlaqələrə əsaslanır:
“Budapeştdəki nümayəndəliyimiz sadəcə inzibati bir qurum deyil. O, həm də mədəni mübadilə, iqtisadi tərəfdaşlıq və akademik əməkdaşlıq üçün mərkəzdir. Bu nümayəndəlik Macarıstanın türk dünyasının dəyərlərinə və gələcəyinə sadiqliyini və TDT-nin coğrafi hüdudlardan kənara çıxan inklüziv baxışını nümayiş etdirir. Budapeşt ofisi türk dünyasından kənarda yaradılmış ilk belə mərkəzdir və TDT üzv dövlətləri ilə Avropa İttifaqı arasında iqtisadi və ticarət tərəfdaşlıqlarının asanlaşdırılması, mədəni və təhsil mübadiləsinin təşviqi, o cümlədən təqaüdlər, birgə tədqiqatlar və gənclər proqramlarını, türk diasporunu dəstəklək, Avropadakı türklər arasında icma ruhunu gücləndirmək məqsədini daşıyır”.
B.Hendrich onu da əlavə edib ki, bu fəaliyyətlər vasitəsilə nümayəndəlik ofisi TDT-nin səsini Avropanın mərkəzində daha da gücləndirir və ortaq kimliyin qorunması, dayanıqlı inkişaf və daha dərin inteqrasiyanı hədəfləyən “Türk Dünyası 2040” baxışının həyata keçirilməsinə töhfə verir.