07 may 2025 00:26
196

İslandların minillik inancı

Təsəvvür edin: yeni bir yol çəkilir, ağır texnika sahəyə gətirilir, planlar hazırdır… lakin bir anlıq hər şey dayanır. Səbəb? Tikinti sahəsində elf – “Huldufólk” adlı görünməz varlıqların yaşadığına inanılan bir qaya var. Qaya yerindən tərpədilmir, hətta layihə istiqaməti dəyişdirilir. Bu, mif yox, İslandiyanın reallığıdır.

İslandiyada min illərdir davam edən inanca görə, Huldufólk – “gizli xalq” – insanlara bənzər, lakin görünməyən varlıqlardır. Onlar təbiətə bağlıdır, dağlarda, qayalarda, meşələrdə "yaşayırlar". Adətən gözlə görünməzlər, amma insanlara ya yardım edə, ya da onları cəzalandıra bilərlər – xüsusilə yaşadıqları yerə hörmətsizlik edilərsə...

Bu inanclar, sadəcə keçmişdən gələn folklor hekayələri deyil. Sorğular göstərir ki, islandların təxminən 50 faizi bu varlıqların mövcudluğuna inanır, bəziləri isə “bəlkə də var” deyərək tam inkar etməyə cəsarət etmir. Ölkədə elflərlə bağlı “mütəxəssislər” – "elf baxıcıları" da fəaliyyət göstərir. Onlar bəzən hökumət və tikinti şirkətləri tərəfindən çağırılaraq müəyyən ərazilərin “gizli xalq üçün təhlükəsiz” olub-olmadığını yoxlayırlar.

Bu sirli və qeyri-adi mədəniyyət nümunəsi, İslandiyanın turizm və sənət sahələrində də geniş yer tutur. Elflər haqqında hekayələr ədəbiyyatın, rəssamlığın və filmlərin əsas mövzusuna çevrilib. Hətta Reykyavikdə turistlər üçün Elf Məktəbi fəaliyyət göstərir – burada iştirakçılar elflərin həyat tərzi, növləri və insanlarla münasibətləri barədə öyrənə bilirlər.

İslandiyanın bu unikal inancları, həm təbiətə olan dərin hörməti, həm də qədim köklərlə bağını qoruyub saxlaması baxımından olduqca təsirli nümunədir. Bəlkə də elə buna görədir ki, bu ada ölkəsində həyat daha sakit və harmonikdir.

Mələk Şixməmmədova,
BSU-nun tələbəsi,
Mənbə: Smithsonian Magazine