08 may 2025 08:42
131

Parisdə maşın PSJ-nin ÇL-nin finalına çıxmasını qeyd edən azarkeşlərin üstünə sürülüb

Fransanın "Paris Sen-Jermen" (PSJ) futbol klubunun azarkeşləri komandanın Çempionlar Liqasının finalına çıxmasını qeyd edərkən, avtomobil onların üstünə sürülüb.

İki sahil” xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Hadisənin Yelisey meydanı yaxınlarında baş verdiyi bildirilir. Yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onlardan biri kritik vəziyyətdədir, digər ikisinin vəziyyəti isə ağırdır.

Daha sonra avtomobil yanmış vəziyyətdə tapılıb. Sürücünün taleyi hələlik məlum deyil.

Qəzet əlavə edir ki, qeyd etmələr zamanı polis azı 43 nəfəri saxlayıb. Bəzi hallarda polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur qalıb, bəziləri isə mağazalara və avtomobillərə ziyan vurub.

Xatırladaq ki, PSJ Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin "Arsenal" klubunu 2:1 hesabı ilə məğlub edib və iki oyunun nəticəsinə görə rəqibini (3:1) üstələyib. Turnirin finalında Fransa klubu İtaliyanın "İnter" komandası ilə qarşılaşacaq. Görüş 31 mayda Münhendə baş tutacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”