08 may 2025 10:47
126

Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər

Astronomlar Günəş sistemində mümkün doqquzuncu planeti aşkar ediblər. “9-cu Planet” adlandırılan bu yeni planet Günəşdən çox uzaq məsafədə yerləşə bilər və bir tam dövrünü 10–20 min Yer ili ərzində başa vurur.

“İki sahil” xəbər verir ki, bu planetin ölçüləri Neptunla müqayisə edilə bilər, lakin Günəşdən 20–30 dəfə daha uzaq məsafədə yerləşir.

Tədqiqatın nəticələri “Publications of the Astronomical Society of Australia” jurnalında dərc olunub. Hələlik müstəqil elmi ekspertizadan keçməyib. Planetin mövcudluğunu təsdiq edən əsas sübut kimi Koyper qurşağındakı obyektlərə göstərdiyi təsir göstərilir, belə ki, bu qurşaq Neptunun orbitindən kənarda yerləşən və çoxlu kiçik göy cisimlərinin toplandığı ərazidir.

Əgər bu planet həqiqətən mövcuddursa, bu, bəzi obyektlərin qeyri-adi orbitlərini izah edə bilər. Astronomların fikrincə, onun cazibə qüvvəsi Koyper qurşağındakı bəzi cisimlərin Günəş sisteminin qalan hissəsinə əks istiqamətdə hərəkət etməsinin səbəbi ola bilər.

Alimlər 1983–2006-cı illər arasında aparılmış infraqırmızı müşahidələrdən istifadə edərək parlayan obyektlər aşkar ediblər. Bu obyektlər yavaş hərəkət edən uzaq bir planet ola bilər.

Əgər 9-cu Planetin mövcudluğu təsdiqlənərsə, o zaman 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqının qərarı ilə planetlər siyahısından çıxarılıb cırtdan planetlər kateqoriyasına aid edilmiş Plutonun yerini rəsmi şəkildə tuta bilər.