10 may 2025 15:54
113

Azərbaycanla Vyetnamı tarixi dostluq münasibətləri birləşdirir

Azərbaycan dünyanın inkişaf edən, azad, demokratik dövlətlərdən biri olaraq müxtəlif beynəlxalq təşkilatlarla və dövlətlərlə əlaqələrini yeni dövrün tələblərinə uyğun genişləndirməkdədir. Azərbaycanın Asiya-Sakit okean dövlətləri ilə münasibətlərini genişləndirməsi  xüsusi əhəmiyyət daşıyır. Vyetnam Sosialist Respublikası ilə Azərbaycan arasında münasibətlərin inkişafı, yeni dövlətlərarası müqavilələrin imzalanması alqışlanan və dəyərləndirilən müsbət hadisələrdəndir. İki dövlətarasında əlaqələrini inkişaf etdirilməsi təsadüfi deyil. Hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnama səfər etməklə, o zaman çətin, ağır dövr yaşayan Vyetnam xalqına əhəmiyyətli dəstəyin ifadəçisi idi.

 Azərbaycanla Vyetnam arasında ikitərəfli əlaqələr, demək olar, stabil xarakterə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. 2014-cü ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri ölkələr arasındakı münasibətlər tarixində yeni səhifə açmış, əlaqələrin bütün sahələr üzrə əməkdaşlığın inkişafına güclü təkan vermişdir. 2015-ci ilin mayında Vietnam Sosialist Respublikasının Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfəri isə Azərbaycan-Vietnam münasibətlərinin tarixində vacib hadisə olmuş və iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi və dərinləşməsinə şərait yaratmışdır. Son illər ərzində iki ölkə arasında çoxşaxəli əməkdaşlıq qurulmuşdur. İqtisasi-ticarət əlaqələrinin dərinləşməsi hər iki xalqın maraqlarının təmin olunmasına köklü təsir edib.  2024-cü ildə Azərbaycan və Vyetnam arasında əmtəə dövriyyəsi 223,93 milyon ABŞ dollarına çatıb və bu, qarşılıqlı potensialın yalnız bir hissəsidir. Neft və qaz sahəsində əməkdaşlıq isə dərin tarixi köklərə söykənir. 2019-cu ildə SOCAR ilə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” şirkəti arasında imzalanmış müqavilə bu sahədə qarşılıqlı maraqların konkret nəticələrə çevrilməsinin sübutudur.

Liderlərin qarşılıqlı  səfərləri  ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm əsaslarını qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibəsində xüsusi ilə toxunmuşdur. Bildirmişdir ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir: “Azərbaycan – Vyetnam münasibətlərini təhlil edərkən Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Heydər Əliyevin rolunu xüsusi ilə qeyd etmək lazımdır. Onun bu ölkəyə səfəri Vyetnam üçün olduqca böyük, başqa sözlə, həyati əhəmiyyəti var idi. Əlbəttə ki, Fransa işğalından, ABŞ ilə dəhşətli müharibədən, eləcə də digər dövlətlərin müdaxiləsindən sonra da, Vyetnam regionda gedən geosiyasi proseslər fonunda yenə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda dahi Heydər Əliyevin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi. Prezidentimiz İlham Əliyevin onu da bildirmişdir ki, iki ölkə liderlərinin səfərləri ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm əsaslarını qoymuşdur: “1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib”.

Azərbaycan Prezidenti İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində  əsaslı olaraq bildirib ki,  Azərbaycanla Vyetnam arasında ikitərəfli əlaqələri bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. İqtisadi-ticari münasibətlərə toxunan dövlət başçısı qeyd edib ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur. İkitərəfli əlaqələr son illər daha da inkişaf etməkdədir”.  Hər iki ölkənin hakim partiyaları - Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında geniş və əhatəli əməkdaşlıq münasibətləri mövcuddur.  Bunla bağlı  Prezident İlham Əliyev  “Vietnam News Agency” agentliyinə vurğuladığı kimi, “partiyalararası əlaqələr qarşılıqlı siyasi etimadın təzahürü olmaqla yanaşı, ideoloji və institusional müstəvidə münasibətlərin dayanıqlı inkişafına xidmət edir. Bu dinamika, xüsusilə də qarşılıqlı səfərlər fonunda daha da güclənməkdədir”.

Prezident İlham Əliyev müsahibədə Vyetnam liderinin ölkəmizə səfəri ilə bağlı  bildirdi ki,  bu fəal əməkdaşlığa mühüm təkan olacaq: “Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açılır. Səfər çərçivəsində siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək. Bundan başqa, partiyalararası dialoqun inkişafına ayrıca əhəmiyyət verilir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq müsbət dinamika nümayiş etdirir. Qarşıdakı səfər siyasi və ideoloji zəmində qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinin əlavə təsdiqi olacaq. Ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. Sözsüz ki, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir”.

Parlamentlər və xarici işlər nazirləri arasında qurulan geniş əlaqələr

Azərbaycan və Vyetnam beynəlxalq aləmdə bir-birinin mövqelərini dəstəkləyirlər. Hər iki ölkə BMT və Qoşulmama Hərəkatı kimi platformalarda bir-birinə dəstək göstərirlər. Hər iki ölkənin xarici işlər nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələr və parlamentlərarası işçi qrupların fəaliyyəti bu əməkdaşlığı daha da dərinləşməsinə təkan verir. Bu günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyetnamın baş nazirinin müavini, xarici işlər naziri Bui Tan Son ilə görüşüb. Görüşdə Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın gələcəyi, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. İki ölkə arasında qarşılıqlı səfər və təmasların, xüsusilə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfərinin, habelə sözügedən səfər çərçivəsində Azərbaycan ilə Vyetnam arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsinin əməkdaşlıq gündəliyində müstəsna əhəmiyyəti vurğulanıb.İqtisadiyyat, ticarət, müdafiə sənayesi, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar, humanitar sahələr üzrə əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu qeyd edilib, bu imkanlardan istifadənin stimullaşdırılması üçün bir sıra mexanizmlər, o cümlədən siyasi məsləhətləşmələr, habelə Hökumətlərarası Komissiya kimi platformalardan istifadənin zəruriliyi qeyd edilib.Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı dəstək və həmrəyliyin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əlaqələrin inkişafına yeni tövhə

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri iki dövlət arasında əlaqələrin inkişafına yeni tövhə verəcək. Bunla bağlı mətbuata bəyanatla çıxışında  Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd olunmalıdır:  “Bu, çox ciddi siyasi sənəddir. Bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əminəm ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır. Gördüyünüz kimi, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır”.

Azərbaycan Prezidenti onu da qeyd etdi ki, bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var: “Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu gün bu əməkdaşlıq var və daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar”.

Prezident İlham Əliyev  qeyd etdi ki, bu gün bir çox istiqamətlər üzrə apardığımız müzakirələr əsnasında görürük ki, fikir ayrılığı yoxdur : “ Əksinə, biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik. Bir sözlə, əminəm ki, səfərin çox gözəl nəticələri olacaq. Bizim hörmətli qonağımız ilk dəfədir ki, Azərbaycanda səfərdədir. Səfər vaxt baxımından qısa olsa da, məzmun nöqteyi-nəzərindən kifayət qədər zəngindir. Bu gün bizim işimiz davam etdiriləcək. Sabah da hörmətli Baş katibin səfəri davam edəcək. Əminəm ki, öz vətəninə Azərbaycandan ən xoş təəssüratlarla qayıdacaq”.

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın bəyanatında bildirdi ki, hazırkı səfərim diplomatik münasibətlər qurulduqdan sonra Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana ilk səfəridir. Bu, Azərbaycanla bütün sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsində Vyetnamın qətiyyətli olduğunu nümayiş etdirir. Bütün bunlar, öz növbəsində, ölkələrimiz arasında ənənəvi dostluğa və əməkdaşlıq potensialına cavab verir. Biz etimad, dostluq və səmimiyyət şəraitində cənab Prezidentlə uğurlu danışıqlar apardıq və yaxın zamanlarda iki ölkə arasında əlaqələrin strateji istiqamətlər üzrə inkişaf etdirilməsi barədə razılığa gəldik. Şadıq ki, ölkələrimizin münasibətləri Prezident Ho Şi Minin Azərbaycana 1959-cu ildə səfəri ilə başladı. Onun səfərindən sonra müxtəlif təmaslar və səfərlər olmuşdur. Ölkələrimiz arasında əlaqələr dövlət rəhbərləri və xalqlarımız tərəfindən daim gücləndirilmişdir. Biz siyasi, diplomatik, energetika, müdafiə, ticarət və digər sahələrdə yaxşı nəticələr əldə etmişik. Bu əsasla biz strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı artıq qəbul etdik. Bu isə ölkələrimizin münasibətlərinin tarixində yeni dövr, yeni səhifə açır. Əminəm ki, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq”.

Vyetnam Kommunist Partiyasının Baş katibi bildirdi ki, biz, həmçinin sülhsevər yanaşmanı dəstəklədiyimizi qeyd etdik: “ Biz mübahisələrin dinc yolla həllini, beynəlxalq hüquqa, o cümlədən BMT-nin 1982-ci il tarixli Dəniz Hüququ Konvensiyasına uyğun olaraq, gücdən istifadə etməmək və onun istifadəsi ilə hədələməmək kimi prinsiplərin vacibliyini bildirdik. Əminəm ki, iki ölkə rəhbərlərinin qətiyyəti ilə ikitərəfli münasibətlərimiz bundan sonra da xalqlarımızın rifahı, eləcə də regionda və dünyada sülh, sabitlik və əməkdaşlıq naminə inkişaf edəcək”.

Göründüyü kimi Azərbaycanla Vyetnam arasında hər iki dövlətin və xalqın maraqlarını ifadə edən siyasət həyata keçirilir. Təbii ki, bu siyasət bundan sonra daha da inkişaf etdiriləcək və dinamik xarakter alcaq. Qazanan isə hər iki dövlət və xalqı olacaq.

Eldar İbrahimov,
​YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, professor