13 may 2025 00:12
159

Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışına başlayarkən Vyetnam Sosialist Respublikası Kommunust Partiyasının Baş katibi To Lamı salamladı. Sonra çıxışına davam edərək bildirdi ki, Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Səfərin nəticələri uğurlu olacağını və əldə edilmiş razılaşmaların konkret layihələrə çevriləcəyini qeyd etdi. Bu gün imzalanmış sənədlər arasında Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatı xüsusilə qeyd etmək istərdiyini bildirdi. Vurğuladı ki, bu çox ciddi siyasi sənəddir. Həm də bu, əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Əmin olduğunu bildirdi ki, artıq bu yüksəksəviyyəli münasibətlər gələcək ikitərəfli əməkdaşlıq üçün də ən vacib rol oynayacaqdır.

Bildirdi ki, bu gün imzalanmış sənədlər arasında bir çox istiqamətlər üzrə sənədlər var. Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır. Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edildi. Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu gün bu əməkdaşlıq var və daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar.

Azərbaycan Respublikasının Prezidenti çıxışına davam edərək, bildirdi: “Biz bu gün, eyni zamanda, beynəlxalq hüququn aliliyi haqqında fikir mübadiləsi apardıq və burada da heç bir fikir ayrılığı yoxdur. Bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında - beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır.Yəni bu gün bir çox istiqamətlər üzrə apardığımız müzakirələr əsnasında görürük ki, fikir ayrılığı yoxdur. Əksinə, biz demək olar ki, vahid mövqedən çıxış edirik. Baxışlarımızda da bir çox oxşarlıq var. Baxmayaraq ki, aramızdakı məsafə kifayət qədər uzundur, bizi birləşdirən nəqliyyat infrastruktur layihələri haqqında da bu gün danışdıq. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdıra bilərik. Bir sözlə, əminəm ki, səfərin çox gözəl nəticələri olacaq. Bizim hörmətli qonağımız ilk dəfədir ki, Azərbaycanda səfərdədir. Səfər vaxt baxımından qısa olsa da, məzmun nöqteyi-nəzərindən kifayət qədər zəngindir. Bu gün bizim işimiz davam etdiriləcək.

Sabah da hörmətli Baş katibin səfəri davam edəcək. Əminəm ki, öz vətəninə Azərbaycandan ən xoş təəssüratlarla qayıdacaq.”

Leyla Quliyeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü