Dörd gün davam edəcək, Xəzər regionunun ən böyük 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri ölkəmizin kənd təsərrüfatı sahəsində mövcud imkanlarını bir daha dünyaya təqdim edir
Dövlət başçısı İlham Əliyevin çağırışlarında bu məqam xüsusi vurğulanır ki, qeyri-neft sektoru və əldə olunan iqtisadi artımlar ölkəmizin uzunmüddətli inkişafını təmin edəcək. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizə - bütün bu amillər bizim iqtisadi inkişafımızı təmin edəcək.
2003-cü ildən neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların uğurlu nəticələri göz önundədir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, bu müddət ərzində ölkə iqtisadiyyatına 310 milyard manat investisiya yatırılıb ki, bunun 200 milyard manatı qeyri-neft sektorunun payına düşür. Azərbaycan investisiya cəlbediciliyini sabitliyi, əlverişli biznes mühitinin yaradılması ilə qoruyur. Bu mühüm məqamı da qeyd edək ki, Azərbaycanda böyük sahibkarlar sinfi formalaşıb. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi nüfuz qazanır. Bu, təbii ki, ölkəmizin islahatlar prosesini dövrün və zamanın tələblərinə uyğun dərinləşdirməsinə, yeniliklərin tətbiqinə əsaslanır. Yeni texnologiyaların tətbiqi şəraitində işin keyfiyyətini və səmərəliliyini artırmaq mümkündür və bu, son illərin uğurlu nəticələrində özünün aydın ifadəsini tapır.
Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin miqyasına diqqət yetirməklə Azərbaycanın iqtisadi inkişafının yüksək səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik. Möhkəm təmələ əsaslanan iqtisadi siyasətimiz hər bir layihəni uğurlu sonluqla başa çatdırmağa əsas verir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan dövlət başçısı İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Regional inkişaf proqramlarının uğurlu icrası yeni-yeni hədəflərə stimul verir. Bu baxımdan ki, son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını prioritet məsələ kimi qarşıya qoyan dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq rayonlar arasında ixtisaslaşma həyata keçirildi. Bu gün böyük inamla qeyd edirik ki, işğaldan azad edilmiş ərazilərimiz də bu sahələrin inkişafı üçün böyük potensiala malikdir. Böyük Qayıdışın gerçəkləşməsindən sonra ölkəmizin dayanıqlı inkişafının, ən əsası isə bütün dövrlər üçün aktuallığını qoruyan ərzaq təhlükəsizliyinin təmini üçün geniş imkanlar yaranacaq.
Dövlətimizin başçısı tərəfindən son illərdə qeyri-neft sektoruna göstərilən yüksək diqqət nəticəsində aqrar bölmə də yeni inkişaf mərhələsinə qədəm qoydu və bu istiqamətdə yeni strateji inkişaf hədəfləri müəyyən edildi. Kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahədə aparılan islahatlar, elektron kənd təsərrüfatı informasiya sisteminin tətbiqi, aqrar xidmətlərin elektronlaşdırılması ilə bağlı ölkəmizdə mühüm irəliləyişlər baş verdi.
Azərbaycan hər bir sahədə zəngin təcrübəyə, potensiala malikdir. Bunu ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər, eyni zamanda, beynəlxalq sərgilər də təsdiqləyir. Mayın 13-də Bakı Ekspo Mərkəzində Xəzər regionunun ən böyük 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri açıldı. Tədbirlər Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Həmçinin Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini fəal şəkildə dəstəkləyirlər. Bu il “InterFood Azerbaijan” sərgisi öz 30 illik yubileyini qeyd edir. 30 il ərzində 50-dək ölkədən 3000-dən çox şirkət və 150 mindən çox ziyarətçini qəbul edən sərgi səmərəli biznes platforması statusunu qazanıb. Sərgidə təqdim olunan yeni texnologiyalar və innovativ həllər qida sənayesi sahəsinin inkişafına və biznes əlaqələrinin genişləndirilməsinə əlverişli imkanlar yaradır. Eyni zamanda, “InterFood Azerbaijan” sərgisi ərzaq təhlükəsizliyinin əsas aspektlərini əhatə edərək, onun möhkəmləndirilməsində vacib rol oynayır.
“InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində 30-dan artıq ölkədən 450-dək şirkət öz iştirakını təsdiq edib. 4 gün davam edəcək sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri-Lanka, Türkiyə, Türkmənistan və Yunanıstanı əhatə edir. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir milli qruplar şəklində iştirak edir. Regionun ən böyük kənd təsərrüfatı sərgisi olmaqla, “Caspian Agro” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edəcək və yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar auditoriyasını bir araya toplayaraq təcrübə, bilik və innovasiyalar mübadiləsi üçün unikal imkanlar yaradacaq. “Caspian Agro” və “InterFood Azerbaijan” 2026-cı ildən etibarən yeni “AgriWeek” brendi altında keçiriləcək. Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi fermerlər, sahibkarlar, investorlar və mütəxəssislər üçün kənd təsərrüfatı və qida sənayesinin aktual məsələləri barədə fikir mübadiləsi aparmaq, biznes əlaqələri qurmaq və müasir innovasiyalarla tanış olmaq imkanı yaradır.
Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri ilə tanış oldu. Dövlətimizin başçısı İtaliyanın stendi ilə tanış oldu. “İtaliya Respublikasının Milli Qrupu”nda ümumilikdə 7 şirkət təmsil olunur. Onlar müxtəlif kənd təsərrüfatı məhsullarını təqdim edirlər. İtaliya bu sərgilərə böyük maraq göstərən ölkələrdəndir. Odur ki, bu ölkə 10 ildən çoxdur ki, sərgilərdə iştirak edir. Cənab İlham Əliyev Gürcüstanın stendi ilə də tanış oldu. “Gürcüstan Milli Qrupu”nda 8 şirkət var. Onlar əsasən qida məhsullarını təqdim edirlər. Gürcüstan da bu sərgilərə böyük maraq göstərir. İndiyədək bu ölkə 10 dəfə sərgilərdə təmsil olunub.
Dövlət başçısı İlham Əliyev sərgilərin açıq hissəsində nümayiş etdirilən texnika və pavilyonlarla tanış oldu. Azərbaycanın kənd təsərrüfatı və qida sənayesinin inkişafına dəstək verərək, ölkənin ixrac potensialının artırılması, xarici investisiyaların cəlb edilməsinə imkan yaradır, eyni zamanda, qida təhlükəsizliyi və innovativ həllərin tətbiqi üçün əlverişli platforma rolunu oynayır.
Prezident hər zaman çıxışlarında ölkənin ərzaq təhlükəsizliyinin əsas vəzifə olduğunu dönə-dönə vurğulamış, kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişafına daha böyük diqqət yetirilməsinin vacibliyini qarşıya qoymuşdur. Əhalinin qida tələbatının daha dolğun ödənilməsi, ekoloji təmiz məhsulların istehsalı və ixracının artırılması, kənd əhalisinin məşğulluq səviyyəsinin, habelə maddi rifahının yüksəldilməsinə əlverişli şərait yaradılmasını mühüm vəzifə kimi önə çəkilir: «Bizim planlarımız böyükdür. Müharibə başa çatıb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamımızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin.»
Ölkə Prezidenti çıxışlarında, həmçinin 2020-ci ilin sentyabr ayına qədər torpaqlarımızla yanaşı, çaylarımızın da işğal altında olduğunu diqqətə çatdırır. Ermənilər o çayların məcralarını dəyişdirərək, xüsusilə Tərtərçayın suyunu kəsərək ölkəmizi bu imkanlardan məhrum edirdilər. Suvarma da ərzaq təhlükəsizliyi üçün əsas amillərdən biridir: Cənab İlham Əliyev bildirmişdir: «Buna baxmayaraq, biz fəal çalışırdıq və eyni zamanda, ixracla da bağlı addımlar atılmalı idi. Mən misal gətirdiyim rəqəmlər, o cümlədən kənd təsərrüfatı ixracı hesabına əldə edilib. Əgər biz sovet dövrünə baxsaq, görərik ki, o vaxt Sovet İttifaqında vahid kənd təsərrüfatı və xalq təsərrüfatı kompleksi var idi, bölgü aparılırdı. Azərbaycan pambıq, üzüm, tütün, meyvə-tərəvəz istehsal edirdi və ət, süd, buğda idxal olunurdu Rusiyadan, Ukraynadan, Belarusdan. O vaxt biz özümüzü, ümumiyyətlə, bu əsas ərzaq məhsulları ilə təmin edə bilmirdik. Ona görə bizim qarşımızda iki vəzifə dayanmışdı. Birincisi, ərzaq təhlükəsizliyini maksimum dərəcədə təmin etmək ki, özümüzü kənarda başqa ölkələrdə yaranmış böhrandan sığortalayaq. İkincisi, ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək ki, həm məşğulluğu, eyni zamanda, yerli istehsalı və ixracı artıraq. Ona görə bu gün də bu vəzifə gündəlikdədir.» Artıq azad edilmiş torpaqlarda da vaxt itirmədən əkin işlərinə başlanılıb və böyük vəsait səfərbər edilib. O da məlumdur ki, azad edilmiş torpaqlar sovet dövründə daha çox heyvandarlıq üçün istifadə olunmuşdu. Bu fakt da açıqlanır ki, dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında bitkiçiliklə məşğul olmaq ənənəsi olmayıb. Orada üzümçülük, tütünçülük, heyvandarlıq inkişaf etmişdi. Statistik rəqəmlərdə bu məqam da yer alır ki, ermənilər işğal dövründə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Bu, Ermənistan üçün böyük rəqəm idi.
Qarşıya qoyulan hədəflər inkişaf üçün stimuldur. Dövlət başçısı İlham Əliyev bu inamı ifadə edir ki, ölkə iqtisadiyyatında, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılması sayəsində qarşıya qoyduğumuz məqsədlərə çatacağıq.
Reallıq budur ki, iqtisadi inkişafına görə illərdən bəri beynəlxalq təşkilatların hesabatlarında ilk onluqda yer alan Azərbaycan müharibə şəraitində belə dinamikliyini saxladı. Biznesin inkişafına, investisiya iqliminin sağlamlığı naminə həyata keçirilən layihələrin əhəmiyyətinə görə islahatçı ölkə adlandırılması, ən nəhayət, işğalçı Ermənistan üzərində şanlı Qələbəmiz Azərbaycanın iqtisadi, siyasi, hərbi gücünü dünyaya bəyan etdi.
Bu gün ölkəmizin iqtisadi imkanlarının təhlili fonunda bu mühüm məqam xüsusi vurğulanır ki, gələcək üçün böyük potensial mövcuddur. Azərbaycanda aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Azad edilmiş torpaqlarda aqrar sahənin, fermer təsərrüfatlarının inkişafı xüsusi əhəmiyyətə malikdir. Qeyri-neft sektorunun ən gəlirli sahələrindən olan turizmin inkişafı üçün də geniş imkanlar yaranır. «Əlbəttə ki, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində, - pandemiyadan sonra bu sərgilər bərpa ediləcək, - Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, plana uyğun davam etdirilən işlərin başa çatması ilə Qarabağın cənnətməkan siması özünə qaytarılacaq. Biz Qarabağ bölgəsində cənnət yaradacağıq.
«Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» gələcək üçün yol xəritəsidir. Bu reallıq da inkaredilməzdir ki, ölkəmizin hərtərəfli inkişafı kompleks tədbirlərin həyata keçirilməsini ilə müşayiət olunur. Dövlət başçısı İlham Əliyevin iştirakı ilə 2023-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının istifadəyə verilməsi də qarşıda dayanan çağırışların uğurlu icrasına stimul verir. Atılan addımlar bir daha təsdiqləyir ki, ölkəmizdə kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi, aqrar sığorta mexanizminin tətbiqi aqrar sahənin dinamik inkişafına müsbət təsirini göstərir. Bunun nəticəsidir ki, Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının həcmi artıb. Artım dinamikası qorunub saxlanılır. Subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilməsi aqrar sahədə rəqəmsallaşma səviyyəsinin ildən-ilə artmasını təmin edir. Aqrar sahəyə dair müasir innovasiyalar və texnologiyalara, texnoloji yeniliklərə, kənd təsərrüfatı texnikasına, damazlıq heyvanlara əlçatanlığın təmin edilməsi, gübrə bazarının liberallaşdırılması sağlam rəqabət mühitinin formalaşmasına səbəb olub. Məhsul istehsalının artması kənd təsərrüfatı məhsullarının ixrac potensialını yüksəldib.
Qeyd etdiyimiz kimi, işğaldan azad edilmiş ərazilərimizdə də aqrar sahənin inkişafı əsas çağırışlar sırasındadır. Dövlət başçısı İlham Əliyev bu günlərdə Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb onlara açarları təqdim edərkən bir kəndin timsalında ümumilikdə azad edilmiş ərazilərdə görülən işlər barədə geniş məlumat verdi. Əsas diqqət göstərilən məsələlərdən biri məhz əkin üçün yerlərin ayrılması oldu. Qeyd edildi ki, indi bəzi torpaqlarda artıq minatəmizləmə işləri başa çatıb. Sakinlərə torpaq sahələri də veriləcək. Əkib-becərmək mümkündür. Yəni, həyat qayıdır.
Göründüyü kimi, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycana davamlı uğurlar qazandırır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin geniş vüsət alması iqtisadi tərəqqinin hər bir ölkənin inkişafında prioritet olduğunu təsdiqləyir.
Yeganə Əliyeva, «İki sahil»