15 may 2025 11:30
113

Azərbaycan IOTA-nın İcraiyyə Şurasının 153-cü iclasında təmsil olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) İcraiyyə Şurasının Estoniyanın paytaxtı Tallində keçirilmiş 153-cü iclasında iştirak edib.

"İki sahil" bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurumun rəisi, IOTA prezidenti Orxan Nəzərli iclasda çıxış edib. O, qeyd edib ki, İcraiyyə Şurası təşkilatın strateji məqsədlərinə nail olmaq üçün böyük səylə çalışır. Şuranın iclasında mühüm məsələlərin müzakirə olunduğunu vurğulayan O.Nəzərli qəbul ediləcək qərarların təşkilatın gələcək fəaliyyəti üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib.

İclasda IOTA-nın gördüyü tədbirlər və Təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təşəbbüslər barədə məlumat verilib. IOTA-da təmsil olunan ölkələrin birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb, ümumi məqsədlərə və ortaq dəyərlərə töhfələri diqqətə çatdırılıb.

İclasın davamında IOTA Katibliyinin gördüyü işlər, İcraiyyə Şurasının 152-ci və 153-cü iclasları arasında Fəaliyyət Hesabatının layihəsi, 2024-cü il üzrə Maliyyə Hesabatının layihəsi, 2024–2025-ci illər üçün Daxili Auditorların Hesabatı, 2024-cü il üçün IOTA Strategiyasının İllik İcra Hesabatı və 2025-ci il üçün büdcənin icrası məsələləri müzakirə edilib.

Səfər çərçivəsində IOTA-nın prezidenti O.Nəzərli Estoniyanın Vergi və Gömrük Administrasiyasının baş direktoru Rayqo Ukqivi ilə görüş keçirib. Görüşdə iki ölkə arasında vergi inzibatçılığı sahəsində əməkdaşlıq perspektivləri və rəqəmsal həllərin tətbiqi imkanları müzakirə olunub. Tərəflər təcrübə mübadiləsinin vacibliyini vurğulayaraq birgə layihələrin həyata keçirilməsi istiqamətində razılığa gəliblər. O.Nəzərli estoniyalı həmkarını IOTA-nın 17-19 iyunda Bakıda keçiriləcək Baş Assambleyasında iştiraka dəvət edib.