15 may 2025 16:31
136

Argentina miqrantlara qarşı mübarizəni gücləndirir

Amerika lideri Donald Trampa hər zaman heyranlığını açıq şəkildə ifadə edən Argentina prezidenti Xavyer Mayli miqrasiya sahəsində kumirinin yolunu davam etdirmək qərarına gəlib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki,  o, indiyədək əcnəbilərə qonaqpərvərliyi ilə fəxr edən və əhalisi bir neçə miqrasiya dalğası ilə formalaşmış Argentinada vətəndaşlıq almaq qaydalarını xeyli sərtləşdirən fərman imzalayıb.

Bundan sonra ölkə yalnız maddi cəhətdən təminatlı əcnəbiləri qucaq açacaq. Argentinaya pulsuz müalicə və təhsil üçün gələnlər isə geri qaytarılacaq.

Miqrasiya siyasəti sahəsində yeni tədbirləri Argentina liderinin mətbuat katibi Manuel Adorni təqdim edib.

Birincisi, bundan sonra müraciət edənlərdən Argentina vətəndaşlığını almaq üçün iki il davamlı olaraq ölkədə yaşamaları tələb olunacaq. Yeganə alternativ ölkə iqtisadiyyatına “əhəmiyyətli maliyyə sərmayələri” yatırmaq olacaq.

İkincisi, bu fərman Argentinada olarkən ölkəyə qeyri-qanuni daxil olan və ya xırda cinayət törədən əcnəbilərin deportasiya prosedurunu xeyli sadələşdirir.

Maraqlıdır ki, son illərdə Argentinada miqrasiyada xüsusi artım müşahidə olunmayıb. 2022-ci ildə aparılan son siyahıyaalmaya görə, 46 milyonluq ölkədə cəmi 1,93 milyon əcnəbi əsilli insan yaşayır ki, bu da 1869-cu ildə sayılmağa başlayandan bəri immiqrantların ən aşağı nisbətidir.