15 may 2025 23:16
124

Azərbaycan Albaniyanın enerji sektorunda strateji tərəfdaşıdır - Seno Klosi

Azərbaycan Albaniyanın enerji sektorunda strateji tərəfdaşıdır.

“İki sahil” xəbər verir ki, bunu Albaniyanın infrastruktur və energetika nazirinin müavini Seno Klosi bildirib.

“Albaniya 2026-cı ildə Azərbaycandan idxala başlamaq məqsədilə qazın tədarükü və energetikada istifadəsinin mümkün yollarını öyrənməyə çalışır. Albaniya ilk dəfə TAP qaz kəməri vasitəsilə qaz alacaq. Qaz kəməri artıq Albaniya ərazisindən keçir və İtaliyaya gedir, lakin gələcəkdə, ola bilsin ki, şimala doğru bir qol çəkilməsi layihəsi müzakirə olunacaq. Hələlik o, baxılma mərhələsindədir”, – Klosi söyləyib.

O qeyd edib ki, Azərbaycanla əməkdaşlıq Albaniyaya enerji sistemini genişləndirmək və modernləşdirmək üçün real imkanlar təqdim edir. “Məhz buna görə biz Azərbaycandan qaz tədarükünü strateji layihə kimi nəzərdən keçiririk və energetikanın digər istiqamətlərində də qarşılıqlı fəaliyyəti inkişaf etdirməyi planlaşdırırıq”, – o əlavə edib.

Nazir müavininin sözlərinə görə, Albaniya enerji sektorunda yüksək inkişaf tempi nümayiş etdirsə də, qazlaşdırma sahəsində hələ də geri qalır.

“Albaniya dinamik inkişaf edən enerji sektoruna malik bir ölkədir, lakin qaz sahəsində geri qalır”, – Klosi vurğulayıb.

“Məhz buna görə də biz Azərbaycandan qaz tədarükünü strateji layihə kimi nəzərdən keçiririk və enerjinin digər istiqamətlərində də qarşılıqlı fəaliyyəti inkişaf etdirməyi planlaşdırırıq”, – o əlavə edib.

Klosi həmçinin bildirib ki, SOCAR-ın dəstəyi ilə Albaniya biznes planının hazırlanması da daxil olmaqla layihənin ilkin mərhələsini tamamlayır.

“Biz hər iki ölkənin malik olduğu təcrübə və potensialın, eləcə də ümumiyyətlə enerji sahəsində toplanmış biliklərin mübadiləsi yolu ilə əməkdaşlığımızı genişləndirməyə çalışırıq”, – albaniyalı məmur söyləyib.

Nazir müavini vurğulayıb ki, Albaniya artıq günəş batareyaları və külək stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrindən fəal şəkildə istifadə edir. “Gələcək bunlardadır. Lakin belə texnologiyaları idarə etmək asan deyil və biz Azərbaycanla möhkəm və səmərəli əməkdaşlıq qurduğumuza görə şadıq”, – deyə Klosi açıqlamasını yekunlaşdırıb. (“Report”)