18 may 2025 00:36
113

Kreml Putin və Zelenski arasında görüşün mümkünlüyünü istisna etmir

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski iki ölkənin nümayəndə heyətləri arasında müəyyən razılaşmalar əldə olunacağı təqdirdə görüşə bilərlər.

“İki sahil” xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov söyləyib.

Kremlin nümayəndəsi vurğulayıb ki, bu cür görüşün mümkünlüyü yalnız danışıq qruplarının işinin nəticəsindən asılıdır. “Belə bir görüş, iki tərəfin nümayəndə heyətlərinin işindən asılı olaraq və həmin nümayəndə heyətləri arasında müəyyən razılaşmalar əldə olunacağı təqdirdə mümkündür. Biz bu görüşü mümkün hesab edirik”, – deyə Peskov bildirib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinin nizamlanması istiqamətində işlər davam edir. Rusiya və Ukrayna atəşkəsin əldə olunması üçün şərtlərin siyahısını bir-biri ilə mübadilə etmək barədə razılığa gəlib. Hazırda mövqelərin uzlaşdırılması istiqamətində iş aparılır. Növbəti danışıqlar raundu artıq əldə edilmiş razılaşmaların icrasından sonra mümkün olacaq.

D.Peskov əlavə edib ki, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibinin dəyişdirilməsi nəzərdə tutulmur. Bütün təmaslar qapalı rejimdə, ictimaiyyətə ətraflı məlumat verilmədən davam etdirilir.

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığının mümkünlüyü ilə bağlı suala cavab verən Kremlin mətbuat katibi bildirib ki, belə bir qərar qəbul olunacağı təqdirdə Moskva bu barədə əlavə məlumat verəcək. Hazırda İstanbulda keçirilən danışıqlardan sonra Rusiya və ABŞ liderləri arasında heç bir təmas olmayıb.