20 may 2025 12:02
107

Dövlət Agentliyi 4 ayda 20 inzibati xətaya dair protokol tərtib edib

Bu ilin yanvar-aprel aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunmuş sübutlara əsasən 20 inzibati xəta ilə bağlı protokol tərtib edib.

“İki sahil” xəbər verir ki, bu protokollardan 14-ü hüquqi, 6-sı isə fiziki şəxslər barədə olub.

İstehlakçıların malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, istehlak xüsusiyyətlərinə və ya keyfiyyətinə dair az miqdarda aldadılmasına görə 13 inzibati protokol hazırlanıb.

İstehlakçının hüquqlarını qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə 2 protokol tərtib olunub.

Dərman vasitəsinin Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətdən baha qiymətə satılması ilə bağlı 1 protokol qeydə alınıb.

Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərinin yerinə yetirilməməsinə görə də 1 protokol hazırlanıb.

Bundan başqa, saxlanma müddəti ötmüş malların satışına görə 1 inzibati xəta protokolu tərtib edilib.

“İstehlakçı hüquqlarının müdafiəsi məqsədilə daxil olan müraciətlərin araşdırılması çərçivəsində bir sıra hallarda pozuntuya yol vermiş sahibkarlıq subyektləri barəsində inzibati xəta haqqında protokollar tərtib olunur. Tərtib olunan bu protokollar gələcəkdə analoji inzibati xətaların baş verməsinin qarşısını almağa xidmət edir”, - məlumatda qeyd olunub.