Mərkəzi və Şərqi Avropa ölkələri ilə, xüsusilə Macarıstanla əlaqələrin möhkəmləndirilməsi son illərdə ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən biri olub. İki dost ölkə arasında əlaqələr təkcə siyasi və iqtisadi sahələrdə deyil, həm də enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində inkişaf edir. Eyni zamanda Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın Avropa ilə əlaqələrinin inkişafında mühüm rol oynayır.
Azərbaycan ilə Macarıstan arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub və son onilliklər ərzində dərin və çoxşaxəli tərəfdaşlığa çevrilib. 2014-cü ildə Azərbaycan və macarıstan arasında Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Bu proses 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da güclənib.
Əlaqələrin daha da möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə səmimi dostluq münasibətləri, iki ölkə arasında müntəzəm surətdə həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır. Belə ki, Azərbaycan Prezidenti Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar.
Baş nazir Viktor Orbanın Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün ötən il Şuşaya səfəri həmin dövrdə Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrlik etməsi, eləcə də Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində Şuşaya ilk səfər olması baxımından mühüm əhəmiyyət kəsb edib. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Macarıstan COP29-da istisna hal kimi Baş nazir səviyyəsində təmsil olunub.
Müsbət haldır ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini dəstəkləyir. Macarıstan Avropa İttifaqı, Avropa Şurası və digər Avropa strukturlarında ölkəmizin maraqlarını hər zaman müdafiə edir.
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfəri iki dost dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynayacaqdır.
Həmin gün Macarıstanın paytaxtı Budapeştdə Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə məhdud və geniş tərkibdə tərkibdə görüşləri keçirilib. Görüşlərdən sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış ediblər. Ölkə başçısı cənab İlham Əliyev öz bəyanatında xüsusi olaraq vurğulayıb ki, Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik, strateji tərəfdaşıq.
Dövlətimizin başçısı Macarıstanla Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu, onlardan birinin bizim tarixi köklərimiz olduğunu qeyd edib. Prezident İlham Əliyev mətbuata bəyanatında Ermənistan-Azərbaycan sülh prosesinə toxunub. Dövlətimizin başçısı bununla bağlı bildirib: “İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının da təşəbbüskarı biz olmuşuq, sülh müqaviləsinin mətninin də müəllifi biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib”.
Qeyd edilməlidir ki, Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Bu əməkdaşlıq, həmçinin “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu həyata keçirilməsi ilə Avropa bazarlarına daha çox enerji təchizatının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Macarıstanın enerji şaxələndirilməsinə dair maraqları Azərbaycanla strateji əməkdaşlığını daha da möhkəmləndirir və ölkələr arasında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Azərbaycan, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında önəmli rol oynamağa davam edir. Bu kontekstdə yaşıl enerji sahəsində imzalanmış müqavilələr və layihələr xüsusilə diqqət çəkir.
Macarıstan paytaxtında iki dövlət başçılarının görüşü zamanı mətbuata bəyanatında Prezident İlham Əliyev qeyd edilb ki, hər iki dövlət energetika sahəsində uğurlu əməkdaşlıq edir. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidir. Gələn ilin əvvəlində isə növbəti kontrakt imzalanacaqdır.
“Azərbaycanın quru neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq və mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, Macarıstanın tələbatı olan səviyyədə biz qaz təminatı təşkil edə bilərik”, - deyə dövlətimizin başçısı əlavə edib.
Beləliklə, enerji sahəsindəki bu yeni əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmasına və qlobal enerji təhlükəsizliyinə olan töhfəsini artırmasına imkan yaradıb. Bu, yalnız iqtisadi deyil, həm də geostrateji baxımdan önəmli addımlardır ki, Avropanın enerji bazarını daha müxtəlif və dayanıqlı etmək məqsədini güdür.
Prezident İlham Əliyev həmçinin qeyd edib ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir.
“Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq” –deyə dövlətimizin başçısı bildirib.
Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatında vurğulayıb ki, biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətdə üzləşdiyi istənilən çətinlik zamanı hər zaman Prezident Əliyev bizim yanımızda olmuşdur.
Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının tarixdə ilk dəfə olaraq Macarıstanda keçirildiyini söyləyən Baş nazir deyib: “Biz bu təşkilata tamhüquqlu üzv deyilik, müşahidəçi ölkəyik. Ancaq istənilən şəkildə biz bu gün bu Zirvə toplantısına ev sahibliyi edirik”.
Əminliklə qeyd etmək olar ki, ölkə başçısının macarıstana işgüzar səfəri Azərbaycan ilə Macarıstan arasında əlaqələrin daha da genişlənməsinə xidmət edəcəkdir.
İsrafil Kərimov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü