21 may 2025 14:41
125

Azərbaycan və macar xalqları dərin köklərə malikdir

Azərbaycanın ortaya qoyduğu siyasi iradə, təşəbbüskarlıq ilə region üçün tənzimləyici və lokomotiv funksiyasını yerinə yetirməsi dostluq, qardaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Macarıstan münasibətlərində də aydın şəkildə nümayiş etdirilir. Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələr mövcuddur, bu gün də hər iki ölkənin rəhbərlərinin səyləri ilə Azərbaycan – Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədədir.

Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edir. Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur.

İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Belə ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Macarıstan parlamentində də Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Bu vaxtadək iki ölkə arasında imzalanan 50-dən çox sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

Ölkələrimiz arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf müşahidə olunur. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda Macarıstan investisiyalı şirkətlər əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərir.

Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür.

Macarıstanın enerji resurslarının şaxələndirilməsi üçün yaxşı dost və tərəfdaşlara ehtiyac var. Azərbaycan da hazırda dünyada etibarlı tərfdaş ölkə olaraq tanınır, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinin enerji təminatına əsaslı töhfələr verir Bu baxımdan əminliklə söyləmək olar ki, ölkə Prezidentimiz cənab İlham Əliyevin Macarıstana rəsmi səfəri ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək, münasibətlərimizdə yeni səhifə açacaq.

Əminə Ağazadə,

Milli Məclisin deputatı