Azərbaycan və Macarıstan arasında münasibətlər müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur. Bu əlaqələr zamanla inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 2009-cu ildə bu ölkənin Azərbaycanda səfirliyi yaradılmışdır. Ölkəmizin isə Macarıstandakı səfirliyi 2004-cü ildə fəaliyyətə başlamışdır. 2014-cü ildə Budapeştdə “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır. 2023-cü ildə isə əlaqələr "Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" ilə daha da möhkəmləndirilmişdir. Ölkələrimiz arasında parlamentlərarası əlaqələr də yüksək səviyyədə qurulub.
Mayın 20-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri də bu qarşılıqlı əlaqələrin sağlam təməllərinin göstəricisidir və onu daha da möhkəmləndirir. Qeyd edək ki, təşkilatın Birinci Zirvə görüşü Azərbaycanın təşəbbüsü ilə 2024-cü ildə Şuşa şəhərində keçirilmişdir və burada Qarabağ Bəyannaməsi imzalanmışdır. Ölkə başçımız İlham Əliyev Macarıstana işgüzar səfəri zamanı mətbuata verdiyi bəyanatda demişdir: “Bu estafeti bizdən Macarıstan alıb, biz bunu alqışlayırıq. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir”.
Müasir dövrdə iki dost ölkə, strateji tərəfdaş arasında bir çox məsələlər üzrə mövqelərin üst-üstə düşməsi Azərbaycan və Macarıstan siyasi əlaqələrinin inkişafına təkan verir. Həm Ümummilli Liderimiz Heydər Əliyev, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu dost ölkəyə mütəmadi rəsmi və işgüzar səfərləri baş tutmuş, eyni zamanda, Macarıstanın rəsmi şəxsləri ölkəmizə çoxsaylı səfərlər etmişlər. Yəni iki ölkə arasında qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər və diplomatik təmaslar mütəmadi olaraq həyata keçirilir. Bu görüşlər və imzalanan müxtəlif sənədlər çərçivəsində iki ölkə arasında siyasi dialoq, qarşılıqlı dəstək və əməkdaşlıq sahələri müəyyən edilmiş, regional və beynəlxalq məsələlər, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri kimi mövzular müzakirə edilmişdir.
Enerji sahəsində qarşılıqlı əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini təmin etmək və Azərbaycanla bu sahədəki əlaqələri gücləndirmək üçün olduqca əhəmiyyətlidir. Macarıstan Azərbaycanın neft və qaz yataqlarında pay sahibidir. Müasir dünyamız üçün aktual olan yaşıl enerji sahəsində əməkdaşlıq perspektivləri də olduqca genişdir. Azərbaycanın enerji resursları və Macarıstanın texnoloji bacarıqları arasında qarşılıqlı faydalı əməkdaşlıq potensialı mövcuddur. Bu sahədə birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin inkişafında mühüm rol oynayır.
Ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Azərbaycan-Macarıstan Hökumətlərarası Birgə Komissiyası iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfələr verir. Bu komissiyanın iclasları vasitəsilə ticarət, investisiya, enerji və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə edilir. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi artmışdır.
Azərbaycan ilə Macarıstan arasında mədəniyyət və təhsil sahələrində də geniş əməkdaşlıq mövcuddur. Macarıstanın müxtəlif universitetlərində azərbaycanlı tələbələr təhsil alır və bu, iki ölkə arasında mədəni mübadiləni gücləndirir. Eyni zamanda, Macarıstanda Azərbaycan mədəniyyətini tanıdan tədbirlər, sərgilər və konsertlər təşkil edilir. Bu cür fəaliyyətlər xalqlar arasında dostluq və anlaşmanın inkişafına xidmət edir. Azərbaycanın Şuşa şəhəri Macarıstanın Gyöngyöş, Ağdam şəhəri ilə isə Tisavaşvari şəhəri ilə qardaşlaşmışdır.
Azərbaycan və Macarıstan beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirlər. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və ortaq maraqları müdafiə edirlər. Xüsusilə enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri kimi regional məsələlərdə əməkdaşlıq önəmli yer tutur.
Azərbaycan-Macarıstan əlaqələrinin gələcək inkişafı üçün bir çox sahələrdə əməkdaşlıq genişləndirilməkdədir. Xüsusilə yaşıl enerji, rəqəmsal texnologiyalar və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərir. Bundan əlavə, gənclər və təhsil sahələrində əməkdaşlığın artırılması xalqlar arasında daha da yaxın əlaqələrin qurulmasına şərait yaratmaqdadır.
Bununla yanaşı, regional və beynəlxalq məsələlərdə ortaq mövqenin qorunması və inkişaf etdirilməsi iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycan və Macarıstan arasında münasibətlər dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir. Bu əlaqələr müxtəlif sahələrdə əməkdaşlıq və qarşılıqlı fayda təmin edir. Gələcəkdə bu münasibətlərin daha da inkişaf etdirilməsi hər iki ölkənin ortaq maraqlarına xidmət etməklə birlikdə regionlarımızda sülhün və tərəqqinin bərqərar olmasına öz töhfəsini verəcəkdir.
Nuray Əliyeva,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
filologiya elmləri doktoru