19 may 2025 20:01
224

“Azərikimya” İstehsalat Birliyi: Doğrulan ümidlər və yeni hədəflər

Bu il Sumqayıt kimya sənayesinin 80 yaşı tamam olur. Başlandığında səthi aktiv maddələr zavodu adlanan ilk müəssisə 1945-ci ilin mart ayında işə salınıb və burada ilk məhsul - maye xlor və elektrolitik qələvi istehsal olunub. 

Sumqayıt şəhərinin inkişafında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub. 1969-82-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə Sumqayıtda yaradılan 10-dan çox kimya müəssisəsində istehsal olunan məhsullar 100-dən artıq ünvana göndərilirdi. 1981-ci ildə Heydər Əliyevin səyi və qətiyyəti nəticəsində etilen və propilen istehsal edən «EP-300» kompleksinin tikintisinə başlanıldı. Bir qədər sonra polietilen istehsalı üzrə «Polimer-120» kompleksinin əsası qoyuldu. «EP-300» və «Polimer-120» qurğuları yeni texnologiya və müasir tipli avadanlıqların tətbiqi üzrə neft-kimya sənayesi tarixində yeni bir uğur idi və məhz onların əsasında 1994-cü ildə yaradılmış Etilen-Polietilen Zavodu bu gün “Azərikimya” İstehsalat Birliyinin (İB) aparıcı müəssisəsi kimi fəaliyyət göstərməkdədir. 

Kimya sənayesi yeni inkişaf dövrünü yaşayır

Hazırda kimya sənayesi Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində özünün yeni inkişaf dövrünü yaşayır. Ölkə rəhbərinin 2010-cu il aprelin 2-də “Azərikimya”nın SOCAR-ın tərkibinə verilməsi barədə imzaladığı Sərəncam neft və neft-kimya sahələrinin vahid bir struktur daxilində daha səmərəli fəaliyyət göstərməsi və yüksək nailiyyətlər qazanması üçün yeni perspektivlər açdı. “Azərikimya” İB-də səmərəli işləyə bilən istehsalat sahələri yenidən quruldu, bir sıra yeni qurğu və komplekslər tikilərək istifadəyə verildi. Məmnunluq doğuran haldır ki, iki qurğunun - butilen-butadien fraksiyasının hidrogenləşməsi və maye qazların kükürdlü birləşmələrdən təmizlənməsi qurğularının açılış mərasimində Prezident İlham Əliyev iştirak etmiş və qurğuları işə salmışdır. 

Hazırda “Azərikimya” İB-nin əsas aparıcı müəssisəsi olan Etilen-Polietilen Zavodunun əsas istehsalatlarına Etilen və propilen istehsalatı (“EP-300” qurğusu), Yüksək təzyiqli polietilen istehsalatı (“Polimer-120” qurğusu), İzopropil spirti istehsalatı, Buxar və elektrik istehsalı (BGK qurğusu) daxildir.

“Azərikimya” İB-də modernizasiya və yenidənqurma

“Azərikimya” İB-də 2016-cı ildən icrasına başlanılmış və 2021-ci ilin dekabr ayında tamamlanmış Modernizasiya və yenidənqurma layihəsi çərçivəsində müasir və ekoloji yönümlü yeni istehsal qurğularının tikintisi və mövcud qurğuların rekonstruksiyası həyata keçirilmiş, nəticədə propilenin məhsuldarlığı 189 min ton/ilə çatdırılmış və müxtəlif növ xammallarda işləyən yeni tipli piroliz sobaları quraşdırılmışdır.

Layihə çərçivəsində ümumilikdə zavodun müxtəlif xidmət sahələri üzrə qurğu və avadanlıqları yenilənərək mərhələli şəkildə istismara verilib ki, bunun da nəticəsində orta hesabla gündəlik xammalın emal həcmi 2500 tona qaldırılıb. Zavodda əsas məqsədli və digər məhsullar üzrə faktiki istehsal həcmi artıb. Gündəlik istehsal olunan əsas məqsədli məhsulların istehsalı - etilen üzrə 570, propilen üzrə isə 560 tona çatdırılıb. Növbəti mərhələdə etilenin gündəlik istehsal həcminin 700 tona çatdırılması nəzərdə tutulur.

 Layihə üzrə yeni etilen və propilen anbarları, hidrogenin zənginləşdirilməsi qurğusu, quru qazın və  propan-propilen fraksiya­larının təmizlənməsi qurğuları, 4 ədəd yeni CMK tipli  piroliz sobası, M-4 turbokompressoru, etan-etilen və propan-propilen fraksiyalarının selektiv hidrogenləşməsi reaktorları, metan-hidrogen fraksiyasının etilendən təmizlənməsi kalonu, soyuq blokda hidrogenin karbon monooksiddən təmizlənməsi həyata keçirilib, müxtəlif tipli nasoslar işə qoşulub, quru qaz fraksiyasının kükürdlü birləşmələr və mikro qarışıqlardan təmizlənməsi qurğusu istismara verilib və digər işlər icra olunub. 2020-ci ilin sentyabr-oktyabr aylarında əsaslı təmir zamanı modernizasiya və layihə çərçivəsində inşa olunan qurğu və avadanlıqlar mövcud “EP-300” qurğusuna birləşdirilib və zavodun yüksək məhsuldarlıqla istismarına başlanılıb.

Məhsuldarlığı 15 ton/saat olan butilen-butadien (C4) fraksiyalarının hidrogenləşdiril­məsi qurğusunun proqnoz tapşırığına və istehsala uyğun olaraq məhsuldarlığının 25 ton/saata çatdırılması zərurəti yarandığından qurğuda ikinci reaktorun paralel işlədilməsi üçün texnoloji sxem quraşdırılıb. Həmçinin dövri su sistemində soyutmanın effektivliyinin artırılması üçün yeni Susoyutma qurğusunda 4 ədəd yeni əlavə seksiyanın tikintisi  başa çatdırılaraq istismara verilib. Yüksək gərginlikli L-38 yarımstansiyasının Etilen istehsalatı ərazisinə köçürülməsi başa çatdırılıb və istismara verilib. Ümumi dəyəri 990,6 milyon manat olan layihənin tamamlanması enerji və xammal sərfini azaltmaqla texnoloji proseslərin fasiləsiz və etibarlı aparılmasına imkan yaradıb, əsas məhsullar üzrə faktiki istehsal iki dəfə, bəzi məhsullar üzrə üç dəfə artmış, Etilen-Polietilen Zavodunun propilen üzrə illik məhsuldarlığı 90-100 min tondan 187 min tona, etilen üzrə illik məhsuldarlığı isə 100-120 min tondan 192 min tona qaldırılmışdır.

Polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı qurğuları dayanıqlı xammalla təchiz olunur

Bununla da Sumqayıt Kimya Sənaye Parkında “SOCAR-Polymer” layihəsi çərçivəsində inşa edilmiş yeni polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı qurğuları dayanıqlı xammal ilə (etilen, propilen, saf hidrogen və enerjidaşıyıcılarla) təchiz olunmaqla bərabər, zavodun istismar dövrü uzadılmış, qurğuların etibarlılığı və səmərəliliyi artırılmış, keyfiyyət və kəmiyyət göstəriciləri yaxşılaşdırılmışdır. Etilen-Polietilen Zavodunun Etilen istehsalatında texnoloji problemlər yarandığı təqdirdə “SOCAR Polymer” MMC müəssisəsinə hidrogen qazının fasiləsiz nəqli, həmçinin  balonlarda zavoddaxili ehtiyatın yaradılması  məqsədilə yeni  Hidrogen məhsulunun ehtiyat saxlanması anbarı tikilib istismara verilmişdir.

Həmçinin Etilen-Polietilen Zavodunda Buxar-Generator Kompleksi təkmilləşdirilərək enerji effektivliyi 32 Mvt.s-dən 65 Mvt.s-yə çatdırılıb. Quraşdırılan turbogenerator “Azərikimya”nın  Sumqayıt Elektrik Şəbəkəsindən aldığı elektrik enerjisi tələbatını tam ödəməklə yanaşı, istehsal olunan artıq elektrik enerjisini SOCAR-ın və Sumqayıt şəhərinin digər müəssisələrinə ötürülməsinin də bu yarımstansiya üzərindən həyata keçirilməsinə imkan yaradıb.

Emal zəncirinin mərkəzi - “Azərikimya” İstehsalat Birliyi

“Azərikimya” İB-də istehsal üçün istifadə olunan xammallar birbaşa SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodundan (NEZ) təchiz edilir. “Azərikimya” İstehsalat Birliyi Heydər Əliyev adına NEZ - “Azərikimya” İB - “SOCAR Polymer” MMC emal zəncirinin mərkəzi və önəmli həlqəsi olaraq, “SOCAR Polymer” MMC-nin qurğularını dayanıqlı, müvafiq keyfiyyət və kəmiyyət göstəricilərinə uyğun xammal ilə təmin edir. Birliyin Etilen-Polietilen Zavodu 2024-cü ilin oktyabr ayının 25-dən zavodun tarixində ən genişmiqyaslı olan əsaslı təmirə dayanmış və 50 gün müddətində təmir işləri tam, təhlükəsiz, uğurla icra edilmiş və dekabr ayının 15-dən etibarən zavodun mərhələli şəkildə işə qoşulmasına başlanılmışdır.

Əsaslı təmir işlərinin məqsədi zavodun istehsal avadanlıqlarının gücünü və ömrünü artırmaq, bununla da, istehsal olunan məhsullara getdikcə artan ölkədaxili tələbatı ödəməklə yanaşı, ixracın həcmini və coğrafiyasını genişləndirmək, texnoloji proseslərin tam stabil icrasını, avadanlıq və qurğuların daha səmərəli və təhlükəsiz qaydada istismarını təmin etmək, xammal və hazır məhsulların keyfiyyətini yüksəltməkdir.

Hazırda EP-300 qurğusunda “TECHNİP ENERGİES İTALY S.p.A” şirkəti tərəfindən  mövcud pnevmatik və dəqiqlik sinfi nisbətən aşağı olan texnoloji proseslərin idarə edilməsi sisteminin (NÖC və A) müasir elektron sistemlə yenilənməsi üçün mühəndis işləri həyata keçirilməkdədir. Layihənin tam yekunlaşması və yeni sistemin  prosesə tamamilə tətbiq edilməsi 2027-ci ilə planlaşdırılmışdır.

 Layihənin tətbiqindən sonra  EP-300 qurğusunda texnoloji proseslərin aparılmasının  texniki və ekoloji  təhlükəsizliyi,  idarəetmə sisteminin yüksək etibarlılığı, xammal və məhsul itkisinin minimuma  endirilməsi tamamilə təmin olunacaqdır.

Sumqayıt yeni texnolo­giyalar əsasında inkişaf etmiş sənaye mərkəzinə çe­vrilir

“Azərikimya” İB Sumqayıt şəhərinin ictimai həyatında da fəal rol oynayır, çoxlu sayda sosial, mədəni-kütləvi, ictimai, humanitar, idman, intellektual və ekoloji, maarifləndirici tədbirlər və iməciliklər, xeyriyyə aksiyaları, elmi-praktiki konfranslar və s. keçirir, Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən abadlıq-quruculuq işlərinə öz töhfəsini əsirgəmir.

Sonda qeyd etmək yerinə düşər ki, Sumqayıtı Azərbaycanın yeni texnolo­giyalar əsasında inkişaf etmiş güclü sənaye mərkəzinə, müasir, ekoloji cəhətdən təmiz və gözəl bir şəhərə çe­vir­məyi strateji bir məqsəd kimi qarşıya qoyan ölkə başçısının davamlı Sumqayıt səfərləri və bu səfərlərin müxtəlif təməlqoymalar və açılış mərasimləri ilə müşayiət olunması, yeni istehsal sahələrinin yara­dıl­ması, şəhərdə aparılan abadlıq və quruculuq işləri, yeni iş yerlərinin açılması, insanların iş şəraitinin, sosial rifah halının yaxşılaşdırılması, şəhərin ekologiyasının saflaş­dırılması, sakinlərin asudə vaxtlarının səmərəli təşkili onu deməyə əsas verir ki, Sumqayıt bundan sonra da aparıcı sənaye mərkəzi olmaqla, regionun ən gözəl şəhəri adını qoruyub saxlayacaqdır.

Orxan Vahidoğlu, “İki sahil”