23 may 2025 01:57
86

Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlığı…

Kim nə qədər və nədən qazanır?

Macarıstan Şərqi Avropanın ən inkişaf etmiş ölkələrindəndir.  Belə ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, hazırda  Macarıstan 191 ölkə arasında  ümumi daxili məhsulun (ÜDM) həcminə görə 57-ci, adambaşına düşən ÜDM həcminə görə isə 58-ci pillədə qərarlaşmışdır. Sənaye və texnologiya sektorları sürətlə inkişaf edən bu ölkə dünyanın 35-ci ən böyük ixracatçısı və 34-cü ən böyük idxalatçısı hesab olunur. Çox yüksək həyat standartları olan Macarıstan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələr arasında yüksək gəlirli iqtisadiyyata sahib olması ilə fərqlənir.

Bu ölkə 2004-cü ildə Avropa İttifaqına üzv olmuş və 2007-ci ildən etibarən Şengen zonasına daxil olmuşdur. Hazırda BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası və başqa bir çox təşkilatların üzvüdür. Zəngin mədəni tarixə sahib olan Macarıstanda incəsənət, musiqi, ədəbiyyat, idman, elm və texnologiya sahələri yaxşı inkişaf etmişdir. Macarıstan Avropanın 11-ci ən çox turist qəbul edən ölkəsi hesab olunur. 2015-ci ildə buraya müxtəlif ölkələrdən 14.3 milyon nəfər turist səyahət etmişdir. Macarıstan dünyada ən böyük termal su mağarasına və ikinci ən böyük termal gölə sahibdir.

Bu gün Azərbaycanın belə bir iqtisadi və siyasi çəkisi olan dövlətlə dost və tərəfdaş olması ölkəmizə iqtisadi dividendlər gətirir. Eyni zamanda, Macarıstan da bölgənin güclü iqtisadi potensiala malik ölkəsi olan Azərbaycanla iqtisadi və ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır. Xüsusilə Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Dost ölkə enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Belə ki,  Cənub Qaz Dəhlizi layihəsinin uğurla reallaşması ilə «qoca qitə»  daha çox enerji ilə təchiz edilir. Bu mənada Macarıstanla enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Dost ölkənin «MOL» şirkətlər qrupu «Azəri-Çıraq-Günəşli» yatağında 9.57 faiz, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsində isə 8.9 faiz paya sahibdir. 2023-cü il yanvarın 30-da Budapeştdə imzalanmış «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu» bu istiqamətdə növbəti uğurlar üçün imkanlar yaradıb. 2023-cü il iyunun 2-də SOCAR ilə «MVM» şirkətlər qrupu arasında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə imzalanıb. 2024-cü il iyunun 5-də «MVM» şirkətlər qrupu ilə «Şahdəniz» layihəsində pay alışı, sentyabrın 20-də isə «MOL» şirkətlər qrupu ilə Şamaxı-Qobustan sahəsində kəşfiyyat, işlənmə və hasilatla bağlı sənədlər imzalanıb. Bundan başq, Prezident İlham Əliyevin 2025-ci ilin mayın 20-də Macarıstana reallaşan işgüzar səfəri zamanı isə Macarstan şirkətlərinin SOCAR-ın quru yataqlarında işləməsin dair sənədlər imzalanıb. Eyni zamanda, Macarıstan hökuməti  «Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş» əsasında yaşıl enerji dəhlizinin yaradılmasına dəstək verir.

Önəmli məsələdir ki, hər iki  ölkə arasındakı iqtisadi əlaqələr, strateji tərəfdaşlıq, dostluq qarşılıqlı hörmətə əsaslanır və hər il daha da möhkəmlənir. 2024-cü ilin sonuna olan göstəricilərə əsasən ölkələrimiz arasındakı ticarət dövriyyəsində 29 faiz artım qeydə alınıb.  Bu artım Azərbaycanın Avropa bazarlarında daha çox yer tutmasının və Macarıstanla ticarət əlaqələrinin genişlənməsinin nəticəsidir. Həmçinin ötən il Macarıstandan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,018 milyard ABŞ dolları təşkil edib. Bu, dost  ölkənin iqtisadiyyatımıza  olan marağını və hər iki ölkənin qarşılıqlı investisiya əlaqələrinin inkişafını təsdiqidir.

Digər önəmli məsələ isə odur ki, Macarıstan davamlı olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini müdafiə edib. Dost ölkənin şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərində iştirak etməkdə maraqlıdırlar. «KÉSZ» şirkətlər qrupu Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulmasında fəal iştirak edir. Xüsusilə Macarıstan hökumətinin vəsaiti hesabına Soltanlı kəndində məktəbəqədər və ümumi təhsil müəssisələri üçün binalar inşa edilməsi planlaşdırılır. 

Sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də mühüm addımlar atılıb. Belə ki, 2022-ci ilin yanvar ayında Ələt Azad İqtisadi Zonası ilə Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.2023-cü il iyulun 10-da «Azərbaycan İnvestisiya Şirkəti» ASC ilə Macarıstanın «Hell Energy» şirkəti arasında Birgə İştirak Müqaviləsi, iyulun 31-də isə «Scandens Pharmaceutical Industries Ltd» MMC ilə «Gedeon Richter» şirkəti arasında Azərbaycanda dərman vasitələrinin birgə istehsalı haqqında müqavilə imzalanıb. 2025-ci il aprelin 24-də «Azərkosmos» ilə «4iG Space and Defence Ltd.» şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Göründüyü kimi, hər iki ölkə arasındakı iqtisadi əlaqələrin genişlənməsi xalqlarımıza yalnız maddi qazanc gətirməklə məhdudlaşmır, həm də  səmimi dostluq münasibətlərini dərinləşdirir. 

Elçin Zaman, «İki sahil»