“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” üzrə Əlaqələndirmə Qrupunun onlayn iclasında bölgənin sosial-iqtisadi inkişafı ilə bağlı layihələr müzakirə olunub.
"İki sahil" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
İştirakçılara “Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların Azərbaycanın digər ərazilərinə daşınması üçün çəkilmiş xərclərə görə dəstək məbləğinin ödənilməsi Qaydası”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nın icrası üzrə monitorinq və qiymətləndirmə nəticələri barədə məlumat verilib. İclasda Naxçıvanda potensial investisiya layihələri diqqətə çatdırılıb, əlaqələndirmə qrupunun üzvlərinin rəy və təklifləri dinlənilib.
Məlumata görə, Prezident Administrasiyası, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, İqtisadiyyat, Kənd Təsərrüfatı, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Azərbaycan Mərkəzi Bankının, Dövlət Gömrük Komitəsinin, Dövlət Turizm Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələrinin iştirak etdiyi iclasda gündəlikdə duran məsələlər müzakirə edilib.