23 may 2025 16:22
107

Enerji sahəsində uğurlu əməkdaşlıq

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Macarıstan ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Bu gün Azərbaycan və Macarıstan arasında dərin tarixi köklərə əsaslanan ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir.  Ölkələrimiz arasında qarşılıqlı etimada söykənən diplomatik münasibətlər qurulub: 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Bu gün Azərbaycanla Macarıstan arasında siyasi əlaqələr yüksəlməkdədir, ali səviyyədə dialoq mövcuddur.

Bakı və Budapeşt bir çox beynəlxalq təşkilatda uğurla təmsil olunmaqla yanaşı, beynəlxalq müstəvidə bir-birlərinə qarşılıqlı dəstək nümayiş etdirirlər. Macarıstanın bir neçə həftə əvvəl Avropa Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımı ilə bağlı layihəsinə veto qoyması məhz qeyri-bərabərliyin aradan qaldırılması üçün Azərbaycanın da müzakirə edilən proqrama daxil olunması tələbi ilə əlaqəlidir ki, bu da ölkələrimiz arasında möhkəmlənən dostluq münasibətlərinin daha bir nümunəsidir. Bununla bağlı minnətdarlığını ifadə edən cənab İlham Əliyev bəzi Avropa ölkələrinin yaratdığı anti-Azərbaycan qruplaşmasına qarşı Macarıstanın nümayiş etdirdiyi cəsarətli, eyni zamanda ədalətli mövqeyini xüsusi vurğulamışdır: “Macarıstan bizim Avropa İttifaqındakı bir nömrəli tərəfdaşımızdır və bəzi hallarda Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüləndə birinci bizim müdafiəmizə Macarıstan qalxır. Bilirəm ki, buna görə Macarıstan da bəzi Avropa ölkələri tərəfindən təzyiqlərlə üzləşir… Avropa İttifaqına üzv olan ən azı üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib. Ancaq Macarıstanın prinsipial mövqeyi, haqqın, ədalətin yanında olması, beynəlxalq hüquqa hörmətlə yanaşması onun beynəlxalq nüfuzunu böyük dərəcədə artırır… Macarıstan burada təkcə öz dostunu müdafiə etmir, haqqı, ədaləti müdafiə edir”.

Dost ölkə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib. Macarıstan tərəfi CQD-nin Məşvərət Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda ötən il dekabrın 17-də Buxarestdə imzalanan Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş mühüm yer tutur. Həmin Sazişdən irəli gələrək qeyd olunan ölkələr arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi ilə bağlı layihənin icrası istiqamətində səylər uğurla davam etdirilir.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20sində Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfərə gəldi. Səfər çərçivəsində Budapeştdə ölkə başçımızla Macarıstanın Baş naziri Viktor Orbanın məhdud tərkibdə görüşü keçirildi. Ardınca hər iki ölkə lideri mətbuata bəyanatlarla çıxış etdilər. Macarıstanın Baş naziri Viktor Orban öz çıxışında Azərbaycanla əlaqələri olduqca yüksək qiymətləndirərək əsl birlik mesajı verdi. Macarıstan lideri qeyd etdi ki, dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə – diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətdə üzləşdiyi istənilən çətinlik zamanı hər zaman Prezident İlham Əliyev bizim yanımızda olmuşdur. Məhz cənab İlham Əliyev də dost və qardaş ölkə ilə əlaqələri yüksək qiymətləndirərək bildirdi ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir.

“Cənub Qaz Dəhlizi” (CQD) layihəsi çərçivəsində Macarıstanın olduqca müsbət təşəbbüsləri təqdirəlayiqdir. Bununla yanaşı, Macarıstanın tanınmış “MOL” şirkətlər qrupunun “Azəri-Çıraq-Günəşli” yatağında 9.57 faiz və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsində 8.9 faiz paya sahib olması Azərbaycanın zəngin təbii ehtiyatlarına inamın və uzunmüddətli tərəfdaşlığın göstəricisidir.
Yeni dövrün və zamanın tələbinə uyğun olaraq da enerji sahəsində baş verən yeniliklərə paralel Macarıstan hökumətinin “yaşıl enerji” sahəsində təşəbbüslərə verdiyi dəstək isə xüsusi qeyd olunmalıdır. 

Aytac Əkbərzadə,
Heydər Əliyev adına liseyin informatika müəllimi