31 may 2025 00:13
270

«Sabiq»lərin kreslo davası...

İqtisadiyyatı getdikcə böhranla üzləşən, əhalisinin sosial vəziyyəti dözülməz halda olan, siyasi təlatum içərisində çabalayan Ermənistanda gərginlik pik həddinə çatıb. Baş nazir Nikol Paşinyan tərəfdarları ilə sabiq prezidentlər Serjik Sarkisyan və Robert Koçaryan arasında güclənən kreslo davası problemlərin bataqlığında çabalayan işğalçı ölkədəki vəziyyəti daha da ağırlaşdırıb. Küçədən hakimiyyətə gələn Paşinyanın «rupor metodunu» təkrarlayan, Nikol hakimiyyətini satqın adlandıran Respublika partiyasının sədri Serjik tərəfdarlarını küçə döyüşlərinə çağırır. Ölkədə keçiriləcək parlament seçkilərində niyyətinə çatmaq, rəqiblərinə qalib gəlmək üçün tərəfdar toplayan, təkcə Paşinyanla deyil, Rusiyanın kadrı sayılan Koçaryanla da üz-üzə gələcəyini aydın başa düşən Sarkisyan bütün siyasi, ideoloji vasitələrdən istifadə edir. Hələ ki, ən sınanmış variant hesab etdiyi küçə yürüşlərinə, aksiyalara üstünlük verən Sarkisyan siyasi mübarizəsini bu variant üzərində formalaşdırır. Təbii ki, bu cür qarşıdurmalar bataqlığında çıxış yolu axtaran, Ermənistanı ciddi xaosa sürükləyənləri kəskin qarşıdurma gözləyir. Bu ölkənin ekspertləri artıq həyəcan təbili çalaraq 2026-cı ilin rəsmi İrəvan üçün dözülməz siyasi situasiya ilə dolu olacağı anonsunu verirlər. Paşinyanın idarəetmədə uğursuz siyasətini, beynəlxalq aləmdə aşağı səviyyədə olan nüfuzunu diqqətə çatdıran alternativ tərəflər hakimiyyətdə olduqları dövrdə yol verdikləri nöqsanları, xeyir-duaları ilə törədilən cinayətləri, ölkəyə külli miqlarda ziyan vuran, adları hallanan korrupsiyaları xatırlamaq istəməyərək özləri barədə «təmiz kadr» imici formalaşdırmaq üçün ölkə daxilindəki və ölkədən kənardakı qüvvələrdən, erməni diasporunun gücündən istifadəni də unutmurlar. Paşinyanın Ermənistanın konstitusion quruluşunun dəyişilməsi ilə bağlı çağırışlarını xalqa xəyanət adlandıran sabiqlər baş nazirin reytinqinin aşağı salınması üçün ən kiçik siyasi gedişlərdən belə istifadə edirlər. Əslində başqaları tərəfindən idarə olunan Ermənistanda dövlətçilik institutu yox səviyyəsində olmaqla bu ölkənin xarici siyasəti heç zaman beynəlxalq ictimaiyyət tərəfindən ciddi qəbul edilməyib. Bu gün də Ermənistan dünya siyasətinin şahmat taxtasında heç sıravi oyunçu kimi də qəbul olunmur.

Cənubi Qafqazda sabitliyin və regional təhlükəsizliyin təmin olunması üçün düşünülmüş siyasəti ilə diqqəti çəkən Azərbaycandan fərqli olaraq Ermənistanın sülh sazişinin imzalanması üçün davamlı olaraq mövqe dəyişməsi məsələ ilə bağlı danışıqlarda, görüşlərdə aydın hiss olunur. Əvvəlki toplantılarda olduğu kimi, «Avropa Siyasi Birliyi»nin 6-cı Tirana Zirvə görüşündə də dəqiq mövqe bildirməyən Paşinyan adətinə uyğun olaraq əsas mövzudan yayındı. Ermənistanın ikili yanaşması və zaman-zaman qeyri-konstruktiv mövqeyi göstərir ki, bu ölkə hələ də regionda hərdəmxəyal siyasətini davam etdirmək niyyətindədir.

Daşnak tör-töküntüləri tərəfindən Qərbi Azərbaycandan zorla çıxarılan soydaşlarımızın doğma torpaqlarına qayıdacaqları xəbərindən xoflanan, Ermənistan ərazisində «Qərbi Azərbaycan» olmadığını «Qərbi Azərbaycan Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilandır. Bundan xaric Qərbi Azərbaycan yoxdur və ola da bilməz» sözləri ilə subuta yetirməyə çalışan Nikolu nəinki sülh sazişi, Cənubi Qafqazda sabitliyin qorunması belə düşündürmür. Rusiyanın təzyiqlərindən qorxan, rəsmi Moskvadan, həm də kreslo davasında özünə alternativ hesab etdiyi «sabiqlərdən» qurtarmaq üçün üzünü Qərbə çevirən Nikol üçün çıxış yolu Azərbaycanın şərtlərini qəbul edib sülh sazişini imzalamaqdır.

Dəfələrlə qeyd olunduğu kimi, bu ölkənin idarə olunmasında kilsənin, din xadimlərinin rolu hər zaman aktual olub. Ötən il «keşiş Baqrat» şousu ilə dini amillərdən istifadə etməklə ölkədəki siyasi vəziyyəti daha da gərginləşdirməyə çalışanlar heç nəyə nail ola bilmədilər. Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasında Bəxtiyar Nəcəfovun İrəvan qazısı təyin olunmasını yenidən siyasiləşdirən, müxtəlif səviyyələrdə , guya Azərbaycanı «yeni hücuma hazırlaşmaqda»” ittiham edən açıqlamalar əslində İrəvanın siyasi dairələrinin manipulyasiya ənənəsi, vaxt uzatmaq dərdidir. Beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi ilə yayılan bu cür yalanları beynəlmilələşdirmək üçün hərtərəfli təxribatlara başlayan maraqlı dairələrin məqsədi sülh sazişinin imzalanmasını əngəlləməkdir. Bu təyinatdan dinlərarası qarşıdurma yaratmaq üçün istifadə edən Nikolun, onun kimi kreslo həvəsində olanların məqsədi Ermənistan əhalisinin diqqətini ölkəni bürüyən iqtisadi böhrandan, sosial fəlakətlərədən yayındırmaqdır.

Amma rəsmi İrəvanın bu cəhdi də baş tutan deyil. Çünki bütün dünya ictimaiyyəti Azərbaycanı tolerant, multikultural ölkə kimi tanıyır, təcrübəsindən istifadə olunur. Ölkəmizdə keçirilən siyasi, iqtisadi, humanitar tədbirlərdə də Azərbaycanın dini və milli müxtəlifliyi qoruyub saxlamaqla yanaşı, bu sahədə beynəlxalq əməkdaşlığa açıq dövlət olduğu dəfələrlə etiraf olunub. Bu cür kampaniyalar sülh prosesinə zərbə vurmaqla yanaşı, Ermənistanın özünü təcrid vəziyyətinə salır. Bu günlərdə Bakıda «İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması» mözusunda keçirilən beynəlxalq konfransda Azərbaycanla bağlı səslənən xoş sözlər təbii ki, yalançı erməni təbliğatındandan daha inandırıcı və etibarlıdır.

Şübhəsiz, parlament seçkilərində qalib gəlmək üçün ən çirkin vasitələrdən istifadə etməklə ilk nvbədə sülh sazişinin imzalanmasına «qırımızı xətt» çəkmək üçün Azərbaycan amilindən istifadə heç zaman hayların gözlədikləri effekti verməyəcək. Ermənistanın apardığı destruktiv siyasət, süni gərginlik yaratmaq cəhdləri və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün atdığı addımlar işğalçı ölkəni zərbə altında qoyur.

Xuraman İsmayılqızı, «İki sahil»