İyunun 2-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışı enerji siyasətində strateji və müdrik yanaşmanın növbəti təzahürü olub. 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum” kimi nüfuzlu tədbirlər Azərbaycanın enerji sektorunda çoxşaxəli siyasətini və gələcəyə dair strateji baxışını bir daha nümayiş etdirir. Bununla bir daha sübut olunub ki, Bakı artıq təkcə enerji istehsalçısı deyil, həm də beynəlxalq enerji gündəliyini formalaşdıran aparıcı mərkəzlərdən biridir.
Enerji diplomatiyasının təməli hələ 1994-cü ildə ilk neft-qaz sərgisi ilə qoyulmuşdu. Məhz həmin il imzalanan və “Əsrin müqaviləsi” adı ilə tarixə düşən beynəlxalq neft sazişi Azərbaycanın müasir enerji strategiyasının başlanğıcı oldu. Bu sənədin əhəmiyyəti təkcə karbohidrogen ehtiyatlarının hasilatı ilə məhdudlaşmır, həmçinin ölkənin iqtisadi müstəqilliyinin və beynəlxalq əməkdaşlığının rəmzinə çevrildi. Qısa zaman ərzində çoxsaylı transmilli enerji şirkətləri ilə etibarlı tərəfdaşlıq quruldu, regionun enerji xəritəsi yenidən formalaşmağa başladı. Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində dövlətimizin başçısı çıxışında qeyd edib ki, bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu: “O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı”.
Dövlətimizin enerji sahəsində xarici tərəfdaşlarla cəsarətli əməkdaşlıq yolunu seçməsi strateji baxımdan son dərəcə mühüm idi. Qısa müddətdə enerji sektoru vasitəsilə həm valyuta axını təmin olunmuş, həm də digər iqtisadi sahələrin inkişafına təkan verildi. Bu proses nəticəsində neft-qaz gəlirləri yeni sənaye sahələrinin formalaşmasına, infrastrukturun yenilənməsinə və sosial rifahın yüksəlməsinə imkan yaratdı.
Hazırda Azərbaycan sabit sistemə və davamlı inkişaf yoluna çıxmış iqtisadiyyatı ilə regionun lider dövlətlərindən biridir. Ümumi daxili məhsulun (ÜDM) 30 faizindən çoxu enerji sektorundan formalaşır və bu rəqəm milli iqtisadiyyatın dayanıqlı təmələ söykəndiyini göstərir. Xarici dövlət borcunun ÜDM-ə nisbətdə cəmi 7 faiz təşkil etməsi və strateji valyuta ehtiyatlarının bu borcu 14 dəfə üstələməsi ölkənin maliyyə intizamını və risklərə qarşı davamlılığını nümayiş etdirir. Əhalinin sosial təminatında da mühüm irəliləyişlər əldə olunub. Yoxsulluq səviyyəsi 5 faizə endirilib ki, bu da iqtisadi artımın cəmiyyətin bütün təbəqələrinə çatdırıldığını göstərir.
İnsan kapitalının inkişafına, təhsilə və elmi tədqiqatlara yönəlmiş ardıcıl siyasət nəticəsində savadlılıq səviyyəsi 100 faiz həddində sabitləşib. Gənclərin müasir ixtisaslar üzrə yetişdirilməsi, ali məktəblərdə beynəlxalq proqramların tətbiqi və texnologiya yönümlü kadr potensialının formalaşdırılması ölkənin gələcəyini təmin edən əsas faktorlardandır. Bu yanaşma enerji sahəsinin də yüksək ixtisaslı kadrlarla təmin edilməsinə və yeni texnologiyaların tətbiqinə əlverişli zəmin yaradır.
Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən boru kəmərləri sayəsində ölkə Avrasiyanın əsas enerji və nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr bu sistemin dayaq sütunlarını təşkil edir. Bu infrastruktur vasitəsilə nəinki enerji resursları ixrac olunur, həm də regional təhlükəsizlik və əməkdaşlıq gücləndirilir. Hazırda enerji ixracının coğrafiyası genişlənməkdədir, 2024-cü il ərzində Azərbaycanın təbii qazı artıq 12 ölkəyə çatdırılıb. Bu rəqəm ölkəmizin qlobal enerji bazarında rolunun gücləndiyini və etibarlı tərəfdaş imicinin formalaşdığını göstərir. Hədəf 2030-cu ilə qədər ixracın əlavə 8 milyard kubmetr artırılmasıdır. Bu artım bir neçə yeni qaz yatağının istismara verilməsi, hasilatın optimallaşdırılması və infrastrukturun genişləndirilməsi hesabına baş tutacaq.
Eyni zamanda, yaşıl enerji sahəsində də mühüm addımlar atılır. 2030-cu ilə qədər 6,5 giqavatlıq bərpaolunan enerji gücünün yaradılması planlaşdırılır. Bu, ümumi enerji istehsalının təxminən 35 faizini təşkil edəcək və qazıntı yanacaqlarına olan tələbi əhəmiyyətli dərəcədə azaldacaq. Yaşıl enerjiyə keçid həm də ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpası və iqlim dəyişikliklərinə qarşı mübarizə baxımından xüsusi əhəmiyyət daşıyır.
Bakı Enerji Həftəsi çərçivəsində artıq 1000 meqavat gücündə yaşıl enerji üzrə müqavilələr imzalanıb. Cari ildə isə daha böyük həcmdə sazişlərin bağlanması gözlənilir. Bu dinamika ölkənin yaşıl enerji üzrə regional mərkəzə çevrilməsi istiqamətində atdığı məqsədyönlü addımların ardıcıllığını nümayiş etdirir. Ölkənin əlverişli iqlim şəraiti və coğrafi yerləşməsi bu sahədə beynəlxalq investorların marağını artırır.
COP29-un ölkədə keçirilməsi və uğurla təşkil olunması da mühüm nailiyyətdir. Bu təşəbbüslər vasitəsilə Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı qlobal proseslərə töhfə verməyə nail olub. İnkişafda olan ölkələr üçün maliyyə dəstəyinin 100 milyard dollardan 300 milyard dollara qədər artırılması, karbon bazarının təşkili kimi addımlar bu prosesdə öncül mövqe tutmağın göstəricisidir. Qlobal Cənub və Qlobal Şimal arasında etimad körpüsünün qurulması da COP29-un əsas məqsədlərindən biri idi. Xüsusilə inkişafda olan kiçik ada dövlətlərinə yardım təşəbbüsü humanitar dəyərlərə əsaslanan siyasətin nümunəsidir. Bu yanaşma iqtisadi resurslardan əlavə həm də mənəvi məsuliyyət daşıyan yeni beynəlxalq münasibət modelinin konturlarını cızır. Dövlətimizin başçısı vurğulayıb ki, bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi: “Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır”.
Bütün bu fəaliyyətlər Azərbaycanın enerji siyasətini təkcə milli maraqlara deyil, qlobal məsuliyyətə əsaslanan bir modelə çevirib. Qazıntı yanacağı və yaşıl enerji sahəsində həyata keçirilən proqramlar regional sabitliyə, beynəlxalq əməkdaşlığa və dayanıqlı gələcəyə xidmət edir. Enerji siyasəti siyasi sabitliyin, sosial rifahın və beynəlxalq nüfuzun əsas dayaq sütununa çevrilib.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri