Xüsusi vurğulamaq yerinə düşər ki, Azərbaycan, Türkiyə və Pakistan münasibətləri regionda ən güclü və strateji əhəmiyyət kəsb edən qardaş dövlətlərdir. Ortaq tarix, mədəni və dini köklər, eləcə də bir-birinə qardaşlıq münasibətləri siyasi, iqtisadi, hərbi və diplomatik sahələrdə əməkdaşlıq üçün möhkəm zəmin rolunu oynayır. Son vaxtlar liderlərin mütəmadi görüşləri göstərir ki, qardaşlıq münasibətləri ən yüksək səviyyədədir və hər üç tərəf bu münasibətlərin daha da möhkəmlənməsində maraqlıdır. Azərbaycan, Türkiyə və Pakistan regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsində, eləcə də qarşılıqlı iqtisadi və hərbi əlaqələrin inkişafında mühüm rol oynayan üçtərəfli əməkdaşlıq platforması yaradıb. Bu dost və qardaş ölkələrin qarşılıqlı münasibətləri beynəlxalq aləmdə nümunəvi əməkdaşlıq modeli kimi qiymətləndirilir. Qazaxıstanın paytaxtı Astanada 2024-cü il iyulun 3-də ŞƏT-in 24-cü sammiti zamanı təməli qoyulan birliyin növbəti Zirvə görüşünün Laçında keçirilməsi Azərbaycan, Türkiyə və Pakistanın müttəfiqliyinin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini sübut edir. Bu alyans nəinki gücünü təsdiqlədi, həm də bütün əsas sahələrdə - siyasət və təhlükəsizlikdən tutmuş iqtisadiyyat və nəqliyyata kimi əməkdaşlığı daha da genişləndirməyə hazır olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında 2020-ci il Vətən Müharibəsi zamanı Ankara və İslamabadın göstərdikləri siyasi və mənəvi dəstəyi bir daha xatırlatdı və xalqımızın bu dəstəyi yüksək qiymətləndirdiyini bir daha səsləndirdi. Dövlətimizin başçısı Azərbaycanın da hər zaman Türkiyə və Pakistanın yanında olduğunu vurğuladı.
Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr artıq Üçtərəfli Platformaya inteqrasiya olunur. Bu model ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın, strateji birliyin və regional inteqrasiyanın yeni mərhələsini əks etdirir. Üçtərəfli görüşlər bu platformanın həm simvolik, həm də praktiki təzahürüdür. Bu platforma vasitəsilə regionda iqtisadi layihələrin genişləndirilməsi, investisiya imkanları, hərbi-texniki əməkdaşlığın gücləndirilməsi, diplomatik koordinasiyanın dərinləşməsi deməkdir. Dövlət başçısının da vurğuladığı kimi, bu birliyin gücünü beynəlxalq platformalarda və təşkilatlarda həmrəylik artırır. Bunu nəzərə alaraq, Bakı, İslamabad və Ankara beynəlxalq təşkilatlarda - BMT, İƏT, İƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (CICA) və D-8-də birgə səylərini daha da gücləndirmək əzmindədirlər.
Azərbaycanın dostluq ittifaqları yaratmaq səyləri nümunə ola bilər. Elə Azərbaycan-Türkiyə-Pakistan unikal üçbucağının əsasını da unikal münasibətlər təşkil edir. Azərbaycan və Türkiyə öz suveren siyasətləri və suveren maraqları ilə müstəqil dövlətlərdir, lakin bu münasibətlərə təsir etmir, çünki bağlar var, çox güclü bağlar. Eyni yanaşma Pakistanla münasibətlərə də aiddir. Pakistan dünyada Ermənistanı hələ də tanımayan və onunla heç bir münasibət saxlamayan yeganə ölkədir. İslamabadın bu siyasəti Türkiyə tərəfinin addımları ilə yanaşı, çoxlarının haqlı olduğunu açıq şəkildə etiraf etməyə cəsarət etmədiyi illərdə Bakıya çox ciddi dayaq oldu. Bütün bu amillər tədricən bir araya gəldi və bu gün yeni regional formatın yaranmasına səbəb oldu. Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimizi və xalqlarımızı ortaq tarix, mədəniyyət və dəyərlər birləşdirir. Bir-birimizin uğurlarına sevindik, çətin günlərdə bir-birimizin yanında olduq. Ölkələrimiz həmişə suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfdarı olublar. Türkiyə və Pakistan 44 günlük Vətən Müharibəsində Azərbaycana dəstək olub, ölkəmiz isə türk və Pakistan xalqlarının çətin anlarında yanında olub: "Bu gün biz xalqlarımızın birliyini bir daha təsdiq edirik. Ölkələrimizin strateji yerləşməsi və dinamik iqtisadi potensialı qarşılıqlı fayda üçün geniş imkanlar yaradır. Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq”.
Mayın 28-də Laçında keçirilən əlamətdar tədbirlər və görüşlərlə yanaşı, hər üç dövlətin rəhbərləri bayram konsertində iştirak ediblər. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi: “Əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bu bayram tədbirlərində iştirakı, bizə göstərdikləri dəstək və bizimlə həmrəylik artıq qlobal miqyasda tamamilə yeni reallıqlar yaratmışdır”. Türkiyə və Pakistanın ərazi bütövlüyü uğrunda mübarizədə Azərbaycana dəstəyi həqiqətən də regionda yeni reallıq yaratdı və daha geniş coğrafiyaya da təsir etdi. Bu dəstək Azərbaycanın azadlıq müharibəsinə müdaxilə etmək, işğalçıya açıq şəkildə kömək etmək cəhdlərinə əngəl oldu. Onların hər kəsə “biz oradayıq” deməsi kifayət idi. Bu misli görünməmiş bir vəziyyət idi, bunun heç bir nümunəsi yoxdur. Azərbaycan əldə etdiyi qələbə ilə yeni reallıqlara start verdi. Qeyd etmək lazımdır ki, yeni dünya düzəninə doğru ilk addım 2020-ci ildə atıldı, o zaman Azərbaycan sübut etdi ki, hər şey yalnız dünya dövlətlərinin icazəsi ilə həll oluna bilməz. Laçında tarix faktları çox dəqiqliklə xarakterizə edərək, ölkə başçımız İlham Əliyev mühüm məsələlərə toxundu: “107 il bundan əvvəl müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Bu, böyük tarixi hadisə idi. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki il sonra - 1920-ci ilin aprel ayında müstəqilliyimiz əlimizdən alınmışdır. Ondan bir neçə ay sonra - 1920-ci ilin noyabr ayında sovet Rusiyası tərəfindən Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilmişdir. Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalmışdır. Ancaq xalqımızın iradəsi və qardaş xalqların dəstəyi bizə güc verirdi, bizi ruhlandırırdı və iradəmizi gücləndirirdi”.
Bu gün Azərbaycan, Türkiyə və Pakistanın müttəfiqliyi beş il əvvəlkindən də güclüdür. 44 günlük müharibə müəyyən mənada bu qardaşlığın gücünün sınağına çevrildi və indi heç kim şübhə etmir ki, əgər üç ölkədən birində problem yaranarsa, bu digər ölkələr ona öz dəstəyini verəcəkdir. Təəssüflər olsun ki, regionda hələ də sülh yoxdur və Ermənistanda revanşizm gücləndiyi üçün indiki nisbi sabitlik ipdən asılır. Bir müddət sönmüş bölgə uğrunda mübarizə yenidən alovlanmağa başlayıb və bu, yeni problemlərlə doludur. Sonradan öz maraqlarının diktəsini bərqərar etmək üçün Ermənistandan yenidən sabitliyi pozmaq üçün istifadə oluna bilər. Ölkənin hazırkı hakimiyyət orqanları mehriban qonşuluq arzusunda kifayət qədər səmimi olsalar da, suveren siyasət hələlik Ermənistanın silahı deyil. Hakimiyyət ölkənin öz daxilindəki revanşizm dalğasının öhdəsindən gələ bilməyəcək və daha çox xarici təzyiqlərə tab gətirə bilməyəcək. Ona görə də sabitliyin pozulması və silahlı təxribatlar təhlükəsi qalmaqdadır. Bu o deməkdir ki, ədalətin, beynəlxalq hüququn tərəfində dayanacaq dövlətlərə, onların rəhbərlərinə böyük ehtiyac var. Azərbaycan üçün bu ölkələr ilk növbədə Türkiyə və Pakistandır. Ermənistanın müttəfiqlərindən fərqli olaraq Ankara və İslamabad niyyəti sülh və təhlükəsizliyin təmin edilməsinə, ədalətin bərqərar olmasına dəstək verməkdir.
Laçın sammiti bu regionla bağlı planı olan hər kəs üçün bir çağırışdır. Bu, həm də Azərbaycanın müttəfiqləri üçün potensial risklər yaradanlara bir siqnaldır. Pakistan hazırda çətin vəziyyətdədir. Son qarşıdurmalar zamanı çoxları Pakistanı açıq şəkildə dəstəkləməyə qərar vermədi. Amma Azərbaycan və Türkiyə Pakistan xalqının yanında idi. Baş nazir Şərifin Laçında dediyi kimi, “bu, üç qardaş ölkənin bir ailə kimi birləşdiyi tariximizin gözəl anlarından biridir. Onlar çətin anlarda birləşdilər və biz bunu heç vaxt unutmayacağıq. Mən qardaşım Prezident Ərdoğanın və təbii ki, əziz qardaşım Prezident İlham Əliyevin dəstəyini heç vaxt ödəyə bilməyəcəyəm".
Türkiyə Prezidenti 3 ölkənin malik olduğu imkanları bir daha qeyd edərək bildirdi ki: "Qarşılıqlı sevgi, hörmət və etimada əsaslanan, eyni mədəniyyət mühitindən bəhrələnən ortaq idealları bölüşən üç qardaş ölkəyik. Təxminən 350 milyon əhaliyə və 1,5 trilyon dollar iqtisadi gücə sahib ölkələrimizin arasındakı bağları daha da gücləndiririk. Birliyimizi strateji tərəfdaşlığa çevirməyə yönəlmiş hər bir addımın arxasında olduğumuzu xüsusilə vurğulamaq istəyirəm”.
Bölgəmizdə baş verən hadisələr ölkələrimiz arasındakı həmrəyliyin nə qədər vacib olduğunu gündən-günə daha aydın şəkildə göstərir. Bu təhlükələr ən müxtəlif formada ola bilər. Bu coğrafiyada davamlı sülhün, rifahın təmin edilməsi üçün Azərbaycan, Türkiyə və Pakistan öz imkanlarını açıq və qarşılıqlı şəkildə təqdim edirlər. Artıq bu ölkələr beynəlxalq səviyyədə etibarlı tərəfdaş olaraq qəbul edilir. Azərbaycan və Türkiyənin yaratdığı dəhlizlər, geosiyasi turbulentliyə baxmayaraq, etibarlı və sabit olaraq qalır və qlobal təchizat zəncirlərinin kəsilməməsinə imkan verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın əldə etdiyi nailiyyətləri dəyərləndirərkən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fəaliyyətini, onun siyasi, diplomatik bacarıqlarını, tək ölkəmiz üçün deyil, bölgəmiz və bütövlükdə dünya üçün göstərdiyi xidmətləri bir daha səsləndirdi: “Sabitlik abidəsi kimi yüksələn Azərbaycanın uğurları ilə hamımız qürur duyuruq. Bu gün keçmişdə yaşadığımız ağrılardan dərs alaraq davamlı sülhün bərqərar olmasını, etimadın və mehriban qonşuluq münasibətlərinin qurulmasını hədəfləyirik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq”.
Bəli, bu qədər böyük, tarixi Qələbələri həyata keçirə bilən ikinci siyasətçini misal çəkmək çətindir. Elə buna görə də o, dünyada böyük nüfuza malikdir. Öz xalqına sədaqətlə xidmət edən, fədakarlıq , qətiyyət göstərən, qeyri-mümkün olanı mümkün edən ölkə başçısına hər bir vətəndaş hörmət edir, ona inanır. Bir daha xatırlatmaq yerinə düşər ki, Laçın mesajları kimlər üçün səsləndirilibsə, onlar tərəfindən sətir-sətir öyrənilir. Bu mesajlar dərin məna daşıyır və təkcə regional qonşulara deyil, həm də geniş beynəlxalq auditoriyaya ünvanlanır.
Hicran Hüseynova,
Milli Məclisin Komitə sədri, professor