Prezident İlham Əliyev İyunun 2- də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi rəsmi açılış mərasimində çıxış edərək dünyaya önəmli mesajlar verdi. Məlumdur ki, bu beynəlxalq tədbirin Azərbaycanın enerji sektoru və bütövlükdə beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyəti var. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qlobal enerji səhnəsinə ilk addımlarını atıb. İlk dəfə keçirilən Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın müasir enerji strategiyasının və qlobal enerji əməkdaşlığının dinamik rolunu əks etdirən, əsasını qoyan tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə eyni vaxta təsadüf edib. Məhz o vaxtdan bəri “Bakı Enerji Həftəsi” enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək regionun ən nüfuzlu platformalarından birinə çevrilib.
Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji diplomatiyası Ulu Öndərin neft strategiyasının davamı olaraq regionda sabitliyin və əməkdaşlığın mühüm təməli kimi çıxış edir. Hazırda ölkənin ümumi daxili məhsulunda (ÜDM) neft və qaz sektorunun payı 30 faizdən artıqdır. Bu amil ölkənin enerji sektorunun hələ də iqtisadiyyatda əsas rol oynadığını göstərsə də, paralel şəkildə həyata keçirilən şaxələndirmə siyasəti iqtisadi sabitliyə və sosial rifaha xidmət edir.
Bu gün ölkəmizin xarici borcunun ÜDM-ə nisbətinin 7 faizdən aşağı olması və strateji valyuta ehtiyatlarının borcdan 14 dəfə çox olması Azərbaycanın maliyyə dayanıqlığının nümunəvi modelini ortaya qoyur. Təhsil və insan kapitalı sahəsindəki investisiyalar nəticəsində ölkədə savadlılıq səviyyəsi 100 faizə çatıb. İnfrastruktur sahəsində isə həm regional, həm də beynəlxalq yükdaşımalar üçün müasir dəmir yolları, hava və dəniz limanları, avtomobil magistralları yaradılıb ki, bu da Azərbaycanı Avrasiya üçün tranzit mərkəzinə çevirib. İndi ölkəmiz enerji siyasəti yalnız iqtisadi məqsədlərlə məhdudlaşmır, eyni zamanda geosiyasi əhəmiyyət daşıyır. Xəzər dənizindən Qara və Aralıq dənizləri istiqamətində uzanan Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi transmilli layihələr ölkəmizi qlobal enerji xəritəsində əsas aktorlardan birinə çevirib.
Hazırda respublikamız təbii qazı on iki ölkəyə ixrac edir və bu rəqəm qarşıdakı illərdə daha da artacaq. Təkcə 2024-cü ildə 25 milyard kubmetr qaz ixrac olunub, 2030-cu ilədək isə bu göstəricinin 33 milyard kubmetrə çatdırılması planlaşdırılır. Yeni kəşf edilmiş yataqlardan hasilatın artması və müasir texnologiyaların tətbiqi bu məqsədlərə çatmaq üçün möhkəm zəmin yaradır. Dövlətimizin başçısı qeyd edib ki, açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik: «Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib.»
Prezident İlham Əliyev çıxışında ölkəmizin yaşıl enerji sektoru barədə də danışıb. Bildirib ki, 2030-cu ilə qədər ölkədə bərpaolunan enerji mənbələri əsasında 6,5 giqavat gücündə elektrik enerjisi istehsalı planlaşdırılır. Bu göstərici ümumi enerji balansının təqribən 35 faizini təşkil edəcək və həm daxili enerji tələbatının ödənilməsinə, həm də ixraca yönəlmiş qaz ehtiyatlarının optimallaşdırılmasına şərait yaradacaq. Həmin məqsədlə xarici investorlarla artıq müqavilələr imzalanıb və layihələrin icrası sürətlə davam etdirilir. Azərbaycanın COP29-un ev sahibi kimi seçilməsi isə ölkənin beynəlxalq etimad qazandığını, iqlim dəyişiklikləri ilə mübarizədə konstruktiv və məsuliyyətli mövqe sərgilədiyini göstərir.
Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri