Ermənistanın baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasında qalmaqal getdikcə dərinləşir. Bir neçə gün öncə Paşinyan yenə də hökumət iclasında kilsənin ünvanına sərt ifadələr işlədib. Hətta o, dini məbədlərin standartlar əsasında fəaliyyət göstərməli olduğunu, ibadət yerlərinin əmlakına nəzarət mexanizminin formalaşmasının vacibliyini vurğulayıb. Paşinyan həmin tədbirdə Erməni Apostol Kilsəsinə qarşı olduqca kobud, lakin onun layiq olduğu ifadələr işlədib, hətta arxiyepiskoplardan birini əyyaşlıqda ittiham edib. O, həmçinin bildirib ki, Ermənistandakı kilsələr "şkaf kimidir", orada "lazımsız əşyalar, başqasının paltarı, ayaqqabısı, yatağı" saxlanılır.
Əslində isə Paşinyanın kilsəni bu şəkildə ittiham etməsi yeni deyil. Belə ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra kilsənin siyasi intriqalarla məşğul olduğunu açıqladı. Odur ki, kilsənin siyasi təsir imkanlarını məhdudlaşdırdı və bununla da qarşıdurmaların əsasını qoydu. İkinci Qarabağ müharibəsi Ermənistanda kilsə-hakimiyyət qarşıdurmasını daha da dərinləşdirdi. Hətta kilsə uğursuzluğa görə Paşinyanın istefasını gündəmə gətirdi. Doğrudur, sonradan onların bir-birinə qarşı ittihamlarına müəyyən mənada ara verildi. Amma son günlərim hadisələri göstərir ki, Paşinyan erməni kilsəsi ilə ölüm-dirim mübarizəsinə qalxıb və bu struktura öz adamını təyin etmək niyyətinə düşüb. Bu ittiahmların da əsas səbəbi “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyanın yenidən ortaya çıxması və küçə mübarizəsinə start verəcəyini bəyan etməsi olub. Bəzi siyasətçilərin fikrincə, Paşinyan 2026-cı il seçkilərinə hazırlığa indidən start verib və həmin prosesədək bütün ermənilərin katalikosu II Qaregini tam neytrallaşdırmağa çalışır. Başqa bir versiyaya görə, hadisələrin yenidən körüklənməsinə səbəb mayın 26-28-də II Qareginin İsveçrənin Bern şəhərində keçirilən “Dini etiqad azadlığı: Qlobal perspektiv” adlı konfransdakı çıxışıdır. Belə ki, o, konfransda Qarabağ erməniləri və Qarabağdakı maddi irslə bağlı cəfəng fikirlər söyləməklə yanaşı, bu məsələdə birbaşa Ermənistan hökumətini günahlandırıb. Kilsə, həmçinin Qarabağla bağlı siyasətinə görə Paşinyanı tənqid edib. Hətta o, Paşinyanı Azərbaycan və Türkiyənin tələblərini yerinə yetirməkdə ittiham edib.
Bəli, Paşinyan II Qaregini hədəfə alıb. Hətta hazırda o, sosial şəbəkə hesabını antikilsə platformasına çevirib. O, statuslarının birində yazıb ki, II Qareginin və ona bağlı şəxslərin şəhvət hisslərinə hakim ola bilməmələri din xadimləri üçün mənəvi məsuliyyətsizlikdir. Bu məsələdə müxtəlif dövlət strukturlarında rəhbər vəzifə tutan şəxslər də aktivləşərək Paşinyanı dəstəkləyir, kilsəyə qarşı sərt mövqe tuturlar. Ölkənin patriarxını baş mafioz adlandıran Paşinyanın həyat yoldaşı Anna Akopyan da ruhanilərə ünvanlanmış yazı yazıb və onları uşaqlara qarşı zorakılıqda ittiham edib.
Yeri gəlmişkən qeyd edək ki, Erməni Apostol Kilsəsi də hakimiyyət tərəfindən başladılan kampaniyaya müqavimət göstərməkdədir. Hətta hüquqşünas Ruben Melikyan hesab edir ki, Erməni Apostol Kilsəsi Nikol Paşinyanın hakimiyyətdən xaric edilməsi prosesinə başlamalıdır. O, Paşinyanı ali xain adlandırıb. Baden-Vürtemberq Erməni İcmasının ruhani keşişi ata Tiratur Sardaryan bildirib ki, Ermənistanın baş naziri emosional xuliqanlıqla məşğuldur. Parlamentdəki “Ermənistan” fraksiyasının bəyanatında isə bildirilir ki, hakim rejim Erməni Apostol Kilsəsini və onun yepiskop iyerarxiyasını hədəfə almaqla daxili parçalanmanı təşviq etmək, erməni xalqının kimliyinin əsaslarını sarsıtmaq, ölkədə mənəvi-əxlaqi böhranı dərinləşdirmək kimi davranışlarını davam etdirir. Fraksiya belə bir çağırış da edib: “Sadiq erməni xalqının sədaqətli yekdilliyi ilə erməni dövlətçiliyinin möhkəmləndirilməsi, kollektiv hüquq və mənafelərimizin qorunması naminə erməni kilsəsinin yanında olmağa davam edək”. Ermənistanın keçmiş hüquq müdafiəçisi Arman Tatoyan isə bu qarşşdurmanın Ermənistan üçün fəlakətli olduğunu bildirib. Ali Ruhani Şurası səlahiyyətli dövlət orqanlarını, həmçinin baş nazirin siyasətini dayandırmağa çağırıb. Amma hələlik ittihamlar səngimək bilmir. Siyasətçilərin fikrincə, kilsənin belə aktivləşməsində Ermənistanın sabiq prezidentləri-Robert Koçaryanın və Serjik Sarkisyanın da əli vardır.
Bu hadisələrin fonunda görünən odur ki, həm Avropa, həm də Rusiya dairələri Cənubi Qafqaz üzərindən yeni planlar həyata keçirməyə çalışır, bu məqsədlər üçün Ermənistandan vasitə kimi istifadə etməkdə davam edirlər. Bu mənada həm də demək olar ki, şüurlu şəkildə qurulmuş bu qarşıdurma hazırda masada olan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin vaxtını uzatmağa xidmət edir.
Qvami Məhəbbətoğlu, “İki sahil”