04 iyun 2025 17:32
147

İİTKM-in nümayəndəsi İtaliyada keçirilən beynəlxalq konfransda çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Rəqəmsal Ticarət Qovşağının rəhbəri vəzifəsini icra edən Aygün Əhmədova İtaliyanın Roma şəhərində “ADA–Luiss Forum on EU–EaP Policy” adlı beynəlxalq konfransda çıxış edib.

“İki sahil” xəbər verir ki, ADA Universiteti ilə İtaliyanın Luiss Universitetinin birgə təşkilatçılığı ilə  keçirilən tədbirdə Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı ölkələri arasında münasibətlərin strateji aspektləri, təhlükəsizlik, enerji, rəqəmsallaşma kimi mövzular müzakirə edilib.

Aygün Əhmədova “Qüvvələrin strateji rəqabəti dövründə qarşılıqlı fəaliyyət siyasəti” (Connectivity Politics in a Time of Strategic Power Rivalries)  adlı paneldə “Azərbaycanın innovasiya, sahəvi transformasiya və süni intellektin inteqrasiyasına yanaşması” (Azerbaijan’s Approach to Innovation, Sectoral Transformation and AI Integration) mövzusunda təqdimatla çıxış edib. O,  rəqəmsal transformasiya, süni intellekt strategiyaları və bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas prioritetləri barədə danışıb.

İİTKM-in nümayəndəsi Azərbaycanda rəqəmsal mühitin və startap ekosisteminin inkişafı, bu sahədə kadr hazırlığı, sənaye və texnologiya parklarında tətbiq olunan güzəşt mexanizmləri barədə məlumat verib. O həmçinin yaşıl enerji siyasətinin gələcək süni intellekt həlləri və superkompüter infrastrukturu üçün baza kimi çıxış etməsinin əhəmiyyətini vurğulayıb.

Aygün Əhmədova İİTKM-in fəaliyyəti və həyata keçirdiyi layihələr, o cümlədən dövlət proqramları və strategiyalarının monitorinqi sahəsində əldə olunan nəticələr barədə də ətraflı danışıb.

Paneldə Sİ texnologiyalarının diplomatik əlaqələrə təsiri, etik yanaşmalar, yaşıl enerji ilə dəstəklənən rəqəmsal modellər və hesablama infrastrukturu mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.