Həmin gün Naxçıvandan Bakıya qayıdışı ilə müstəqilliyimizi əbədiləşdirən Ümummilli Lider Heydər Əliyev Azərbaycanın xilaskarı olduğunu təsdiqlədi
Azərbaycanın dövlətçilik tarixində həyati əhəmiyyətli sınaqlar çox olsa da 1993-cü ilin iyun hadisələri mürəkkəbliyi ilə fərqlənir. Xalqımızın həyatında silinməz izlər buraxan, AXC-Müsavat iqtidarının səbatsızlığı üzündən respublikanı uçuruma aparan Gəncə hadisələri müstəqilliyimiz üçün böyük təhlükə yaratdı. Ölkəni büyüyən xaos içərisində çabalayan xalq 4 iyunda Gəncədə başlayan qiyamın həyacanını yaşadı. Korpus komandiri Surət Hüseynovun AXC-Müsavat iqtidarına ünvanlanan hədə- qorxusu, «dar ağacı» ultimatumu ölkədə hakimiyyətsizlik şəraiti yaratmışdı. AXC-Müsavat iqtidarında yüksək mövqe tutan İsa Qəmbər- Əli Kərimli- Surət Hüseynov üçlüyü arasındakı qarşıdurmalardan yaranan Gəncə qiyamı Azərbaycanın məhvinə yönəldilmiş cinayət, hər an alovlana biləcək bir qığılcım idi. Hakimiyyətə gəlmək istəyən korpus komandiri Surət Hüseynovun xəyanəti, AXC-Müsavat cütlüyünün səriştəsizliyi, imperialist qüvvələrin strateji maraqları, ölkə rəhbərlərinin xəyanəti üzündən baş verən qiyam Azərbaycanın müstəqillik tarixinə qara hərflərlə yazıldı. Yaranan xaos vəziyyətindən istifadə edən, Azərbaycanın müstəqilliyinə hər vasitə ilə mane olmağa çalışan xarici dairələrin emissarları ölkədə qarışıqlıq yaratmaq üçün təxribatlar törədir, Ermənistanın Azərbaycan torpaqlarını asanlıqla işğal etməsi üçün bilərəkdən şərait yaradır, insanları təşvişə salırdılar. «Cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı. 1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır.» O dövrdə yaranmış hərc-mərcliyi bu sözləri ilə ifadə edən Prezident İlham Əliyev 9 iyun 1993-cü il tarixini Ulu Öndərin xilaskarlıq missiyasının bağlanğıc mərhələsi adlandırır.
O dövrdə baş verənləri bir daha xatırlayaq. Vəziyyət həqiqi mənada dözülməz idi. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. «Siyasət dəllarlarının» xəyanətləri insanlardan gizlədilir, dövlət sirləri erməni kəşfiyyatçılarına çatdırılır, döyüşə gedən əsgərlərimiz arxadan vurulur, topraqlarımız ayrı-ayrı partiyalara, şəxslərə xidmət edən silahlı dəstələr arasında başlanan intriqaların qurbanına çevrilir, təcavüzə məruz qalırdı.
Bakıda baş verənləri narahatlıqla izləyən və ölkəni uçuruma aparan vəziyyətin fəlakətlə nəticələnəcəyini uzaqgörən siyasəti ilə dərk edən Ulu Öndər Heydər Əliyevin iştirakı ilə keçirilən Naxçıvan MR Ali Məclisinin və muxtar respublika Nazirlər Kabinetinin birgə iclasında vəziyyət geniş təhlili olundu və hadisəyə münasibət bildirildi. «İyun ayının 4-də Gəncə şəhərində başlanmış və bu günə qədər davam edən hadisələr bizdə ciddi narahatlıq doğurur. Şəhərdə qan tökülüb, normal həyat pozulub, Faktiki olaraq vətəndaş müharibəsi başlanıb. Müstəqil Azərbaycan Respublikasının indiki ağır və keşməkeşli, tarixən məsuliyyətli bir dövründə baş verənləri dəhşətli hadisə kimi qiymətləndirir, qardaş qanı tökülməsini pisləyirik... Bunların qarşısı dərhal alınmalıdır Hamını bu yolda milli birliyə, vətəndaş həmrəyliyinə dəvət edirik» söyləyən müdrik şəxsiyyət Heydər Əliyev dahi siyasətçi, təcrübəli dövlət başçısı kimi xalqı birliyə çağırdı. İnsanlar başa düşürdülər ki, Azərbaycanda gərginliyin səbəbi tək Qarabağ münaqişəsi deyil, ölkədə vətəndaş müharibəsi üçün qığılcım həm də Gəncə hadisələridir. Azərbaycanın müstəqilliyinin itirilməsinin hansı faciələrlə nəticələnəcəyini muxtar respublika əhalisi də aydın başa düşürdü. Amma Ulu Öndər Heydər Əliyevin həyatına növbəti təxribatın, qəsdin olacağından ehtiyatlanan naxçıvanlılar xilaskarlarından ayrılmaq istəmirdilər. Amma təhlükədə olan Azərbaycanın müstəqilliyi idi.
9 iyun 1993-cü ildə paytaxta gələn Heydər Əliyev parlamentdə çıxış edərək bildirdi ki, əsl vəziyyəti öyrənmək üçün hadisə yerində olmalıyam. Belə də oldu. Canından artıq sevdiyi Azərbaycanı bəladan qurtarmaq üçün bütün mümkün variantlardan zəkasına güvənərək istifadə edəcəyini bildirən Ulu Öndər ən düzgün yolu seçdi.
Gəncədəki görüşün nəticələri barədə iyunun 15-də keçirilən Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasında el ağsaqqalı , müdrik siyasətçi kimi, açıqlama verən Heydər Əliyev bildirdi ki, göstərilən səylər, aparılan danışıqlar bu gərginliyi aradan qaldıracaq: « Ancaq mən demişəm və bir də deyirəm ki, mən heç vəchlə silah işlədilməsinin tərəfdarı ola bilmərəm. Bu gərginlik, qarşıdurma yalnız sülh yolu ilə, barışıq yolu ilə, qarşılıqlı anlaşma yolu ilə , danışıqlar yolu ilə həll olunmalıdır.»
Azərbaycanın tarixinə qurtuluş günü kimi yazılan həmin sessiyada deputatların yekdil səsverməsi ilə Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu, seçim ilə Azərbaycanın xilas yolunun, müstəqilliyizin əbədiliyinin təməli qoyuldu.
«...Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsini harada olursa -olsun yalnız və yalnız Azərbaycan Respublikasının mütəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm» söyləyən , daim xalqa arxalanan Heydər Əliyev qısa müddətdə ölkədə milli həmrəyliyə, birliyə nail oldu. Reallıq isə bu idi ki, o günlərdə Ulu Öndər Heydər Əliyevin hadisələrə müdaxiləsi olmasaydı dünyanın siyasi xəritəsində Azərbaycan adlı dövlətin varlığına çoxdan son qoyulmuşdu.
Bu hadisədən üç gün sonra, iyunun 18-də Azərbaycan xalqı eşitdiyi xəbərdən şoka düşdü: Azərbaycan Prezidenti Əbülfəz Elçibəy heç kimə məlumat vermədən , gizlincə Bakını tərk edərək doğma kəndi Kələkiyə gedib. Belə olan halda ölkəyə rəhbərlik təbii ki, respublikada ikinci səlahiyyətli şəxs olan spikerə həvalə olunmalı idi. İyunun 24-də Ali Sovetin qəbul etdiyi qərarla Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin Sədri Heydər Əliyevə həvalə olundu.
Beləliklə, cəmi üç gün əvvəl Ali Sovetin Sədri seçilən Heydər Əliyev dövlət başçısı funksiyalarını da yerinə yetirməli oldu.
Elçibəyə vəzifəsini davam etdirmək üçün müraciət edildi. Eyni zamanda, Sürət Hüseynova vətəndaşlıq borcu xatırladılaraq bildirildi ki, Vətənin ali maraqları naminə hərbi qarşıdurmaya son versin. Ölkənin tanınmış şəxsiyyətlərinin, ziyalıların təmsil olunduğı bir qrup Kələkiyə göndərildi. Elçibəy isə «Azərbaycanı Kələkidən idarə edəcəyəm» cavabı ilə Bakıya dönməkdən imtina etdi.
Beləcə ölkəyə rəhbərlik Azərbaycanda hamının sevdiyi, qətiyyətinə inandığı, təcrübəsinə güvəndiyi, müstəqilliyimizin qarantı Heydər Əliyevə tapşırıldı.
O zaman Ulu Öndər Heydər Əliyev Rusiya televiziyasına verdiyi müsahibəsində yaranmış vəziyyəti şərh etmişdi: « Açığını desək, respublika demək olar ki, idarəedilməz olmuşdu, çünki prezident yoxdur. Baş nazir yox idi, -o , artıq çoxdan istefa vermişdi, mən tək qalmışdım, bir çox məsələlər isə prezidentin səlahiyyətlərindən istifadə edərək həll olunmalı idi. Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri öz üzərimə götürdüm.»
Beləcə 29 avqust 1993-cü ildə Azərbaycanda Elçibəyə etimad məsələsi ilə bağlı referendum keçirildi. Prezident seçkilərində ona bir milyon 800 yüz min nəfər etimad göstərmişdi. Referendumda isə onun əleyhinə üç milyon yarımdan artıq seçici səs vermişdi.
3 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində bütün Azərbaycan xalqı yekdilliklə Heydər Əliyevə etimad göstərdi
Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da Ümummilli Lider Heydər Əliyev dərin zəkası ilə bütün çətinliklərə qalib gəlmək əzmində olduğunu göstərdi. Azərbaycanın inkişaf yolu, dünya iqtisadiyyatına inteqrasiyası 15 İyun- Milli Qurtuluş Gününə aparan 9 iyun 1993-cü ildən başlandı. Uğurla davam edən Azərbaycanın müstəqilliyinin Heydər Əliyev dövru dövlətçilik tariximizə xlaskarlıq missiyası kimi yazıldı.
2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində xalqa müraciət edən Ulu Öndər bu missiyasını, xalqın taleyini dövlətçiliyin qorunmasını özü kimi inandığı siyasi davamçısı cənab İlham Əliyevə etibar etdi. Bu inamı doğruldan, İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuraraq torpaqlarımızı işğaldan azad edən, ona həvalə olunan məsuliyyəti doğrultduğunu, bu əminliyi xalqda yaradan, suverenliyimizin qarantı Ulu Öndər Heydər Əliyevə raport verən dövlət başçımızın «Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!» sözləridir. Cənnətə çevrilən Şərqi Zəngəzurun, Qarabağın hər kəsi heyrətləndirən müasir simasıdır. İnşa olunan şəhər və kəndlərdir. İstifadəyə verilən Füzuli, Zəngilan, Laçın Beynəlxalq Hava limanlarıdır. Çəkilən yollar, salınan körpülər, tunellərdir. Şuşada, Xankəndidə üçrəngli bayraqlarımız altında keçirilən möhtəşəm tədbirlərdir. Azərbaycanın təşəbbüsü, müəllifliyi ilə reallaşan, dünyanın enerji və nəqliyyat xəritəsini dəyişən qlobal layihələrdir. Ölkəmizin Orta Dəhliz kimi beynəlxalq layihələrdə söz sahibinə çevrilməsidir.
Göründüyü kimi, Ulu Öndərimizin siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi qüdrətli Azərbaycanı daha böyük uğurlara aparır. Bu siyasət sabahkı zəfərlərimizin də etibarlı qarantıdır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşəldir. Bu məşəlin hərarəti Azərbaycan xalqının birliyi, dünya durduqca bütün azərbaycanlıların ürəyini isidəcək, müstəqil Azərbaycanın siyasi, iqtisadi, hərbi qüdrətinin daha da möhkəmlənməsinə, uğur diplomatiyasının qələbəsinə xidmət edən Prezident, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğudur. «Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır» deyən Ümummilli Lider Heydər Əliyevin daim yaşayan əməlləridir.
Xuraman İsmayılqızı, «İki sahil»