06 iyun 2025 08:25
176

Qurban xeyirxahlıq, sevgi, humanizm və həmrəylik bayramıdır

Hər il ölkəmizdə yüksək əhval-ruhiyyə və təntənə ilə keçirilən Qurban bayramı günlərində dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur

Qurban bayramı İslam dinindəki ən müqəddəs bayramlardan biridir. O, Həzrəti İbrahimin (ə.s) Allaha olan səmimi təslimiyyətini simvollaşdıran bir bayramdır. Ərəbcədən “yaxınlaşmaq” mənası verən Qurban Allaha yaxınlaşmağı ifadə edir. Qurban kəsmə ibadətinin təməl prinsipləri Həzrəti İbrahimə (ə.s) və oğlu İsmayıla dayanır.

Həzrəti Məhəmməd Peyğəmbər (s.a.s) buyurur ki, Allah qatında günlərin ən əzəmətlisi Qurban günüdür. Həmin gün kəsilən qurbanların qanı yerə düşmədən insanların günahları bağışlanmış olur. Qurbanın hər tükünün sayına həmin şəxsə savab yazılır.

Allaha təsliməyyətin, fədakarlığın və sədaqətin önəmini göstərən Qurban sülh, bərabərlik, bütün insanlara sevgi, paylaşmaq, fədakarlıq kimi mənəvi dəyərlərdən faydalanmaq bayramıdır. Bu bayram Allaha şükür etməyin ifadəsi olmaqla yanaşı, insanın nəfsini tərbiyə etməsi, paylaşma və həmrəylik duyğularını gücləndirmək baxımdan çox mühüm əhəmiyyət kəsb edir. Qurban yalnız ibadət deyil, eyni zamanda, cəmiyyətdə həmrəyliyi gücləndirən bir ənənə olaraq müsəlmanlar üçün mənəvi təmizlənmə, arınma dövrüdür.

Qurban bayramı Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirmiş Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır. Bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir. Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır.

Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərliyinin ikinci dövründə dini dəyərlərə həssas münasibət də özünü qabarıq şəkildə göstərmişdir. 1994-cü il mayın 21-də, Qurban bayramında Bibiheybət ziyarətgahına gələn Ulu Öndər dövlətin dini-mənəvi dəyərlərlə bağlı əsas strategiyasını bəyan etdi. Dini ocaqların, müqəddəs yerlərin təmir və bərpa işlərinin əsası da o vaxtdan qoyuldu. Prezident İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dini abidələr, məbədlər, ziyarətgahlar əsaslı şəkildə bərpa edilir, yeniləri tikilir, dini əqidəsinə görə vətəndaşlar arasında ayrı-seçkiliyə yol verilmir. Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin və islamofobiyanın geniş yayıldığı bir dövrdə ölkəmizdə bərqərar olan dini və mədəni tolerantlıq modeli dünyaya təqdim edilən bir sülh mesajıdır. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqun səmərəli inkişafına töhfə verən bir ölkə olduğunu qəbul edir.

Dövlətimiizn başçısı hər il müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir. Bu təbriklərdə Qurban bayramının xalqımızın milli-mənəvi həmrəyliyinin, cəmiyyətimizdə şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəyinə əminlik ifadə olunur, xalqımıza xoşbəxtlik, əmin-amanlıq, insanların süfrələrinə bol ruzi-bərəkət arzulanır. Hər il respublikamızın bütün bölgələrində Allahın adına qurbanlar kəsilir, Azərbaycanın tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir.

Prezident İlham Əliyev iyunun 4-də Qurban bayramı münasibətilə xalqımızı təbrik edərək bildirib ki, dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan bu bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə bərabərliyə, qardaşlığa və fədakarlığa dəvət edir: “Cəmiyyətimizdə humanizmi və xeyirxahlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və təntənə ilə keçirilir. Bu günlərdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, saf niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”. 

Qurban bayramınız mübarək!

Zahid Rza, “İki sahil”