SOCAR qlobal iqlim dəyişikliyi probleminin aktuallığını daim diqqət mərkəzində saxlamaqla özünün fəaliyyət sahələrində emissiyaların davamlı olaraq azaldılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirməkdədir
Bir zamanlar neft və qaz şirkəti kimi tanınan, indi isə dekarbonizasiya yolunda inamla irəliləyən SOCAR enerji keçidi dövründə lider kimi mövqeyini möhkəmləndirməkdədir. Bütün bunlar, eyni zamanda, SOCAR-ın davamlı inkişafı məqsədilə müəyyənləşdirilən strateji hədəflər sırasındadır. SOCAR qlobal iqlim dəyişikliyi probleminin aktuallığını daim diqqət mərkəzində saxlamaqla özünün fəaliyyət sahələrində emissiyaların davamlı olaraq azaldılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirməkdədir. Bu məqsədlə SOCAR özünün strategiyasında dekarbonizasiya və enerji keçidi hədəflərini müəyyənləşdirib. Qeyd olunan hədəflər və onlara çatmaq üçün həyata keçirilən tədbirlər emissiyalara dair götürülmüş öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə, habelə bu sahədə digər beynəlxalq və regional təşəbbüslərin icra olunmasına öz müsbət töhfəsini verməkdədir. Bu fəaliyyət SOCAR-ın korporativ sosial öhdəliyi ilə yanaşı, neft-qaz şirkətindən enerji şirkətinə transformasiyası istiqamətində atılan çox ciddi addımların göstəricisidir. Hədəflər arasında şirkətin aktivləri üzrə 2035-ci ilə qədər "upstream" seqmentində sıfıra yaxın metan hədəfi, 2050-ci ilə qədər "xalis sıfır"a nail olmaq daxildir. Belə məlum olur ki, SOCAR-ın strategiyasının mərkəzində 2050-ci ilə qədər "sıfır emissiya"ya nail olmaq kimi iddialı bir hədəf durur. Bu, istixana qazı emissiyalarının əsaslı şəkildə azaldılması, bərpaolunan enerji mənbələrinə investisiya qoyulması və innovativ texnologiyaların tətbiqi deməkdir.
SOCAR 2035-ci ilə qədər əsasən qazla işləyən enerji, həmçinin bərpa olunan enerji qarışıq portfelinə malik şirkətə çevrilməyi hədəfləyir. Bu fikri SOCAR-ın vitse-prezidenti Əfqan İsayev 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib. Onun sözlərinə görə, SOCAR qlobal miqyasda sərfəli, davamlı və təhlükəsiz enerji təmin edən milli enerji şirkətinə çevrilmək üçün çox aydın baxış müəyyən edib: "2035-ci ilə qədər biz əsasən qazla işləyən enerji, həmçinin bərpa olunan enerji qarışıq portfelinə malik enerji şirkətinə çevriləcəyik. Biz təbii qaz olmadan ədalətli, sərfəli, ən əsası, təmiz enerjiyə keçidi təmin edə bilməyəcəyik. Bu sadəcə mümkün deyil". O, deyib ki, SOCAR 2050-ci ilə qədər sıfır emissiyalı şirkətə çevriləcək: "Biz strategiyamızı üç təməl üzərində quracağıq. Birincisi, əsas fəaliyyətin dekarbonizasiyasıdır. Biz artıq buna başlamışıq. İkincisi, korporativ mədəniyyəti dəyişdirməkdir və bu son dərəcə vacibdir. Məsələn, biz şirkətin təşkilati strukturunu dəyişdirdik və yaradıcılıq çatışmazlığı üçün enerji keçidi və dekarbonizasiya adlanan yeni bir seqment təqdim etdik”. Ə.İsayev həmçinin bildirib ki, həmçinin bu, şəffaflığı təmin edir, hər kəs nə üçün məsuliyyət daşıdığını başa düşür: “Üçüncü təməl aşağı karbonlu biznesə daxil olmaqdır. Biz buna da başlamışıq və bu gün danışdığımız aşağı karbonlu bizneslərdən biri bərpa olunan enerji istehsalıdır. Beləliklə, davamlı, sərfəli, təhlükəsiz enerji təmin edən enerji şirkətinə çevrilmək strategiyamız üçün çox vacibdir".
Emissiyaların azaldılması ilə yanaşı, SOCAR bərpaolunan enerji mənbələrinin inkişafına da sərmayə yatırır. Belə ki, BƏƏ-nin "Masdar" şirkəti ilə əməkdaşlıq çərçivəsində şirkət günəş və külək enerjisi, eləcə də "yaşıl hidrogen" istehsalı üzrə bir sıra layihələr həyata keçirir. Bu layihələr təkcə SOCAR-ın enerji portfelini şaxələndirməyə kömək etməyəcək, həm də ölkədə istixana qazı emissiyalarının azaldılmasına töhfə verəcək. Müasir texnoloji imkanlardan istifadə etməklə metan emissiyalarının daha dəqiq inventarlaşdırılması SOCAR-ın ətraf mühitin mühafizəsi sahəsində əsas istiqamətlərindən biridir. Bu məqsədlə SOCAR "TotalEnergies" şirkəti ilə birgə neft-qaz mədən ərazilərində dron əsaslı metan emissiyalarının aşkarlanması və həcminin ölçülməsi tədqiqatlarını həyata keçirir. Layihə çərçivəsində "TotalEnergies" və onun tərəfdaşları tərəfindən hazırlanmış "AUSEA" ("Airborne Ultralight Spectrometer for Environmental") texnologiyasından istifadə edilir. Qeyd edək ki, "AUSEA" - metan emissiyalarını aşkarlayan, eyni zamanda onların mənbəyini təyin edə bilən dronda quraşdırılmış sensordan ibarətdir. Bu isə neft və qaz obyektlərindən atılan metan emissiyalarının yüksək dəqiqliklə aşkarlanmasına və həcminin ölçülməsinə imkan verir. Bu sahədə ilkin tədqiqatlar "TotalEnergies"in Xəzər dənizindəki fəaliyyət sahələrində aparılıb. Növbəti mərhələlərdə bu tədqiqatların SOCAR-ın dənizdə yerləşən fəaliyyət sahələrində aparılması nəzərdə tutulub.
Eyni zamanda, SOCAR və bp şirkəti arasında birgə əməkdaşlıq nəticəsində hazırda Cəbrayıl rayonunda "Şəfəq" günəş enerjisi layihəsi icra olunmaqdadır. Bundan əlavə SOCAR və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında Azərbaycanda "yaşıl gübrə" istehsalına dair əməkdaşlıq sazişi imzalanıb. Saziş çərçivəsində icrası nəzərdə tutulan layihə ilə bağlı əməkdaşlıq davam edir. Həmçinin SOCAR ilə "China Energy International Group Co.Ltd" şirkəti arasında Azərbaycan ərazisində bərpaolunan enerji layihələrinin inkişafını, tərəflər arasında təcrübə mübadilələrinin təşkilini, texniki və maliyyə cəhətdən potensial layihələrin reallaşdırılması üçün optimal yanaşmanı və bu istiqamətdə digər məsələləri nəzərdə tutan birgə əməkdaşlığa dair Saziş imzalanıb. Beləliklə, SOCAR-ın “yaşıl” enerji şirkətinə çevrilməsi təkcə dəyişən bazar şərtlərinə cavab deyil, həm də şirkətin gələcək nəsillər qarşısında məsuliyyətinin ifadəsidir.
Sevinc Azadi, “İki sahil”