05 iyun 2025 17:19
182

Azərbaycanın enerji diplomatiyası milli maraqlara və müasir qlobal çağırışlara cavab verir

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizin enerji siyasətində əldə olunan nailiyyətlər və qarşıya qoyulan strateji hədəflərdən bəhs edərək çox mühüm məqamlara toxundu, enerji təhlükəsizliyi, regional inteqrasiya, iqlim dəyişikliyi ilə mübarizə və bərpaolunan enerjiyə keçid kimi məsələlərlə əlaqədar önəmli mesajlar verdi.

Ulu Öndər Heydər Əliyevin gərgin əməyi və müstəsna əhəmiyyətə malik fəaliyyəti sayəsində 1994-cü ildə imzalanmış və tarixi əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” Azərbaycanın enerji diplomatiyasının əsasını qoymuşdur. Bu mühüm sənəd vasitəsilə regionda dayanıqlı inkişaf üçün güclü iqtisadi platforma yaradılmışdır. Həmin dövrdə həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində xarici sərmayədarların dövlətimizə inamı formalaşmış, strateji tərəfdaşlıqlar qurulmuş və iri transmilli layihələrin reallaşmasına zəmin yaranmışdır. Enerji sektorunda əldə olunan uğurlar sadəcə iqtisadi artımla yekunlaşmamış, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, siyasi müstəqilliyin daha da möhkəmlənməsinə xidmət etmişdir. Dövlətimizin başçısı İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində vurğulayıb ki, bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu: “O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı”.

Enerji sektorundan əldə edilən gəlirlərin məqsədyönlü və şəffaf istifadəsi ölkədə davamlı iqtisadi modelin qurulmasına imkan yaradıb. Müstəqil maliyyə siyasətinin əsas üstünlüklərindən biri xarici borcun minimum səviyyədə saxlanılması olub ki, bu da iqtisadi sabitliyi gücləndirən əsas faktorlardandır. Eyni zamanda, sosial təminat proqramlarının genişləndirilməsi əhalinin rifahının yaxşılaşmasına səbəb olub. Təhsil, səhiyyə və infrastruktur layihələrinə yönəldilən vəsaitlər Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarını təşkil edib.

Keçmişdə atılmış uzaqgörən addımlar nəticəsində Azərbaycan dünya enerji bazarının fəal iştirakçısı kimi böyük nüfuz qazanıb. Mərhələli şəkildə qurulan infrastruktur layihələri – Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qaz Dəhlizi kimi mühüm marşrutlar regionun geosiyasi xəritəsini dəyişən layihələrə çevrilib. Hazırda təbii qaz ixracının 12-dən artıq ölkəni əhatə etməsi və yeni bazarların müəyyən edilməsi bu sahədə artan tələbatın çevik şəkildə qarşılandığını göstərir. Bu dinamika qarşıdakı illərdə enerji marşrutlarının və ixrac coğrafiyasının daha da genişlənəcəyindən xəbər verir. Orta müddətli strateji hədəf kimi 2030-cu ilə qədər illik qaz ixracının 33 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bununla yanaşı, bərpaolunan enerji sahəsində də irəliləyişlər nəzərdə tutulur, 6,5 giqavatlıq generasiya gücünün yaşıl enerji mənbələri hesabına yaradılması enerji təhlükəsizliyindəki mövqeyin möhkəmləndirilməsinə xidmət edəcək. Bu faktorlar həm də enerji tranzitində yeni çağırışlara cavab vermək və Avropanın tələbatına uyğun şəkildə transformasiyanı təmin etmək baxımından əhəmiyyətlidir.

Bərpaolunan enerji mənbələrinin inkişafı və yaşıl keçid konsepsiyasının tətbiqi dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Bu yanaşma təkcə ekoloji məsuliyyət deyil, eyni zamanda gələcək nəsillər üçün dayanıqlı enerji balansının formalaşdırılması anlamı daşıyır. 2030-cu ilə qədər enerji istehsalının ən azı 35 faizinin yaşıl mənbələr hesabına təmin olunması planlaşdırılır. Bu istiqamətdə artıq bir sıra mühüm layihələr icra olunur və xarici investorlarla əməkdaşlıq genişlənir. Ötən ilin noyabrında COP29 kimi nüfuzlu beynəlxalq tədbirin Bakıda keçirilməsi isə ölkənin qlobal iqlim siyasətinə verdiyi töhfənin göstəricisidir. Bu konfrans vasitəsilə inkişaf etmiş və inkişafda olan ölkələr arasında iqlim dialoquna körpü yaradılması beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır. COP29 həm də bərabərhüquqlu və ədalətli enerji keçidinin vacibliyini vurğulayan platformaya çevriləcək.

Açıq şəkildə bəyan olunub ki, enerji resursları heç bir zaman təzyiq aləti və ya siyasi manipulyasiya vasitəsi olmayıb. Əksinə, uzun illərdir qurulan münasibətlər ədalətli tərəfdaşlığa, qarşılıqlı etimada və beynəlxalq hüquqa əsaslanıb. Bu yanaşma nəticəsində enerji ixracı həyata keçirilən ölkələrlə etibarlı əməkdaşlıq mexanizmləri formalaşıb, regional sabitlik möhkəmlənib və qarşılıqlı maraqlar qorunub. Enerji siyasətində bu məsuliyyətli mövqe hazırda dünyada qarşıdurma və qeyri-müəyyənliyin artdığı bir zamanda dəyərlərə əsaslanan, inkişafa yönəlmiş bir modelin mövcud olduğunu nümayiş etdirir. Başlıca reallıq neft və qazla zəngin bir dövlətin yalnız resurs sahibi kimi deyil, eyni zamanda ədalətli aktor, sabit tərəfdaş və qlobal məsələlərdə etibarlı təşəbbüskar kimi çıxış etməsidir.

Nurlan Həsənov,
​Milli Məclisin deputatı