Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günündə Laçından bu çağırışı etdi ki, azad Qarabağ üçün artıq uğur, sülh və inkişaf hekayəsi yazmaq zamanıdır
Regionda sabitliyin, təhlükəsizliyin qarantı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi, Şuşa Bəyannaməsində əksini tapan müddəalar əlaqələrimizin bugünkü və gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı daim dünyaya nümunə göstərilib. Dövlət başçısı İlham Əliyevin «Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır» fikri iki dost, qardaş ölkənin birliyinin, həmrəyliyinin region, dünya üçün əhəmiyyətini açıqlayır. Çünki bu dostluq, qardaşlıq böyük tarixə söykənir, bir millətin iki dövləti biri-biri ilə sıx tellərlə bağlıdır. Bu fikir daim böyük qürur hissi ilə qeyd edilir ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. Bu birlik bütün istiqamətlərdə qurulub və nümunədir. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk. Taleyimizin birliyi tarixin dərinliklərinə qədər uzanmaqdadır. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur.
Dünya 44 günlük İkinci Qarabağ müharibəsi dövründə bu birliyin sarsılmazlığının bir daha şahidi oldu. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında daim diqqəti bu məqama yönəldərək bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibə başlandığı andan «Azərbaycan tək deyil» mesajı bizə əlavə güc verdi. Qardaş ölkənin siyasi və mənəvi dəstəyini heç vaxt unutmayacağıq.
Bu günlərdə qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı İlham Əliyev ilə birgə Laçın Beynəlxalq Hava Limanının açılışında iştirakı da bu dostluğun, birliyin sarsılmazlığını təsdiqləyən mühüm amillərdən biri kimi dəyərləndirildi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksi olan “Dost Aqropark”da istehsal edilən məhsullara baxdılar. Qeyd edildi ki, kompleksdə “ağıllı kənd təsərrüfatı” texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulub. Aqroparkda hazırda 120 nəfər işlə təmin olunub. Tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.
Qeyd edək ki, iki dost ölkənin prezidentləri birlikdə 2021-ci ildə Füzuli, 2022-ci ildə Zəngilan Beynəlxalq Hava limanlarının açılışında iştirak etmişdilər. 28 May-Müstəqillik Günündə Laçında yazılan tarix də bu dostluğa, qardaşlığa bir daha işıq saldı. Müstəqillik Günü ilə bağlı təşkil edilən bayram tədbirində Türkiyə Prezidenti «Sizləri ən səmimi duyğularımla, hörmətlə, məhəbbətlə salamlayıram. Buradan Bakıdan Gəncəyə, Şuşadan Naxçıvana olmaqla, Azərbaycanın hər bir guşəsindəki qardaşlarıma sevgilərimi və ehtiramımı göndərirəm. Əvvəlcə, sizlərə “Can Azərbaycan”, “Bir millət, iki dövlət” deyiləndə qəlbində fırtınalar qopan 86 milyonun salamını çatdırmaq istəyirəm. İndi buradakı tabloda üç dövlət, bir millət var. Can Azərbaycanın 28 May - Müstəqillik Günü münasibətilə ortaq mədəniyyətimizi və qardaşlığımızı vurğuladığımız bu mənalı görüşdə sizinlə birlikdə olmaqdan böyük məmnunluq duyuram» söyləyərək onu da əlavə etdi ki, enerjidən nəqliyyata, müdafiədən ticarətə, kənd təsərrüfatından təhsilə qədər hər sahədə Azərbaycanla güclü əməkdaşlıqlar qururuq: «İlham qardaşımın bənzərsiz töhfələri sayəsində münasibətlərimizi hər gün təkcə bölgəyə deyil, bütün dünyaya nümunə olacaq səviyyəyə çatdırırıq. Sabitlik abidəsi kimi yüksələn Azərbaycanın uğurları ilə hamımız qürur duyuruq. Otuz ildən sonra əsarətdən azad olunan Qarabağ üçün artıq uğur, sülh və inkişaf hekayəsi yazmaq zamanıdır. Bu gün keçmişdə yaşadığımız ağrılardan dərs alaraq davamlı sülhün bərqərar olmasını, etimadın və mehriban qonşuluq münasibətlərinin qurulmasını hədəfləyirik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq.» Dövlət başçısı İlham Əliyev ilə Türkiyə Prezidentinin Laçında təkbətək görüşü oldu. Prezidentlər, həmçinin Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış oldular. Laçın Zirvə görüşü də həm ayrı-ayrılıqda Azərbaycan-Türkiyə, Azərbaycan-Pakistan, həm də üçtərəfli Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinə işıq saldı.
Məhz bu dostluğun hər bir sınaqdan şərəflə çıxmasına rəğmən dövlət başçısı İlham Əliyev çıxışlarında bu fikri böyük qürur hissi ilə qeyd edir ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Tarixə qısa baxış əsasında cənab İlham Əliyev bu reallığı qeyd edir ki, bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik.
Laçın Zirvə görüşündən öncə, ötən ayın 13-də Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə əlaqədar Türkiyə xalqını təbrik etdi. X sosial şəbəkə hesabında bununla bağlı etdiyi paylaşımda bildirdi ki, başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm. Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir.
Azərbaycan-Türkiyə dostluğundan, qardaşlığından, müttəfiqliyindən saatlarla, günlərlə bəhs etmək olar. Elə bir sahə yoxdur ki, iki ölkənin əlaqələri yüksələn xətlə inkişaf etməsin. Tarixi Zəfərimizdən sonra bəzi sahələr var ki, əməkdaşlıq əlaqələrinin qurülması əsas hədəf kimi qarşıya qoyuldu. Təbii ki, burada təhsili və media sahəsini xüsusi qeyd etmək istərdik. Bu gün informasiya müharibəsi dövrü olduğunu nəzərə alsaq, həqiqətlərimizin təbliğində diaspor təşkilatları ilə yanaşı, mətbuatın da üzərinə düşən məsuliyyət özünü qabarıq şəkildə büruzə verir. 44 günlük müharibə dövründə Azərbaycan mətbuatı həqiqətlərin təbliğində nə qədər fədakarlıq göstərdisə, Türkiyə mətbuatı da eyni qayda üzrə hərəkət etdi. Mətbuat səhifələrində yer alan qələbə xəbərləri televiziya kanalları vasitəsilə də dünya ictimaiyyətinə çatdırıldı. Türkiyə mediasını izlədikcə birliyimizdən, həmrəyliyimizdən daha da qürurlanırdıq. Eyni ab-hava Zəfər paradında, Şuşa Bəyannaməsinin imzalanmasında da özünü qabarıq şəkildə büruzə verdi. Qarabağımızda Azərbaycan və Türkiyə bayraqları birgə dalğalandı və dünya bu birliyin bir daha şahidi oldu. İki ölkə arasında bütün sahələrdə əməkdaşlıq media istiqamətində də bir zərurətə çevrildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin dekabrında Azərbaycana səfəri zamanı imzalanan sənədlər arasında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu xüsusi diqqət çəkdi. Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaların geniş vüsət aldığı indiki zamanda Ortaq Media Platformasının yaradılması vacib idi. Mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alaraq, hazırkı zamanda müasir dövrün yaratdığı imkanlardan maksimum istifadə etməklə qərəzi, əsassız təbliğatları tutarlı faktlarla cavablandırmaq, yalanın həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünü bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkündür. Türkiyə-Azərbaycan media əlaqələrinin inkişafı ilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn qara piarlara qarşı mübarizədə vahid strategiyaların yaradılması prioritet məsələyə çevrildi. Media əməkdaşlığı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, mövcud əlaqələrin inkişafında yeni bir səhifə açdı. Şuşa Bəyannaməsində əksini tapan müddəalarda da bu məqam öz əksini tapır ki, yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü dövlət tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Təbii ki, burada informasiya sahəsində əməkdaşlıq öz sözünü deyəcək. Dövlət başçısı İlham Əliyev jurnalistlərə açıqlamasında bildirmişdir ki, aramızdakı əməkdaşlığın adı müttəfiqlikdir və bunun özü hər şeyi deyir.
Təhsil sahəsinə gəldikdə isə Türkiyə-Azərbaycan Universitetinin yaradılmasını qeyd edə bilərik. «Bu, gələcəyə yönəlmiş təşəbbüsdür» söyləyən dövlət başçısı İlham Əliyev onu da qeyd etdi ki, çünki bizim gənc nəslimiz həm Türkiyədə, həm də Azərbaycanda qardaşlıq, müttəfiqlik, ortaq dəyərlər prinsipləri əsasında tərbiyə almalıdır. Bizim milli-mənəvi dəyərlərimizə sadiq olmalıdır. Yad təsirdən uzaq olmalıdır. Bilikli, savadlı, vətənpərvər insanlar olmalıdır. Bu gün Türkiyə-Azərbaycan Universitetinin yaradılması sadəcə olaraq təhsil məsələsi deyil, bu bizim birliyimizin növbəti simvoludur. Bu universitetin yaxın gələcəkdə nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəyinə əminlik ifadə edilir.
Reallıq budur ki, Azərbaycan və Türkiyə dövlətlərinin birgə səyləri, siyasi iradəsi və qətiyyəti sayəsində reallaşan enerji layihələri bölgəyə sülh, sabitlik gətirərək dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Əvvəllər regional çərçivədə başlanan əməkdaşlıq sonrakı illərdə coğrafiyasını genişləndirərək çoxtərəfli formata çevrilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, iqtisadi əhəmiyyətinə görə onlardan geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Azərbaycan təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu icrası ilə dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Bu günlərdə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum” da Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı inkişafına bir daha işıq saldı. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təbrik məktubunda bu münasibətlərə bir daha diqqəti yönəldərək vurtüuladı ki, Can Azərbaycan ilə yaxın münasibətlərimiz bütün sahələrdə olduğu kimi, enerji sahəsində də güclü şəkildə və qətiyyətlə davam etdirilir. Enerji sahəsində bir çox nailiyyətə illər ərzində birlikdə imza atdıq. Son illərdə yaşanan qlobal geosiyasi proseslər enerji təhlükəsizliyi məsələsində Türkiyə-Azərbaycan əməkdaşlığının nə qədər önəmli olduğunu bir daha təsdiqləmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və TANAP kimi infrastruktur layihələri ilə taclandırdığımız bu əməkdaşlığımız təkcə Türkiyə və Azərbaycana deyil, eyni zamanda, bölgənin və Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verməkdədir.
Türkiyə Prezidenti onu da bildirdi ki, mart ayında açılışını etdiyimiz İğdır-Naxçıvan qaz boru kəməri illərə və uğurlara əsaslanan enerji əməkdaşlığımızın ən yeni örnəyini təşkil etmişdir. Xəttin fəaliyyətə başlaması Naxçıvan bölgəsinin enerji təhlükəsizliyini və bizi birlikdə daha da gücləndirmişdir. Türkiyə ilə Azərbaycan arasında elektrik əlaqələrimizin artırılması bizim üçün strateji əhəmiyyət kəsb edən digər bir layihədir. Bu çərçivədə həm Türkiyə-Naxçıvan, həm də Türkiyə-Gürcüstan interkonnektor potensialının genişləndirilməsi sürətlə atmalı olduğumuz yeni addımlardır. Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında yeni elektrik interkonnektor xəttinin yaradılması məqsədilə yaşıl elektrik nəqli və ticarəti ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Bölgəmizin enerji təhlükəsizliyi və rifahı baxımından növbəti tarixi addım olan bu layihəni də, inşallah, ən qısa müddətdə yekunlaşdırmağı hədəfləyirik.
Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar isə biodirdi ki, Türkiyə ilə Azərbaycan arasındakı tərəfdaşlıq həqiqətən də bir strateji modeldir. Onun kökləri tarixi, mədəni və ortaq bağlarla ifadə olunur. Bu gün biz əsas sazişin imzalanması ilə Azərbaycanda neft-qaz istehsalını daha da artıracağıq. Söhbət “Şəfəq-Asiman” layihəsi üzrə sazişdən gedir. Bu, “Turkish Petroleum”, SOCAR və bp arasında üçtərəfli bir işbirliyi olacaqdır.
Azərbaycan-Türkiyə qardaşlığını təsdiqləyən saysız-hesabsız faktlar sadalaya bilərik. Qarşılıq etimad mühitinin qorunması, Prezidentlərin dostluq münasibətləri bu qardaşlığı daha da möhkəmləndirir.
Yeganə Əliyeva, «İki sahil»