05 iyun 2025 18:37
278

Qanunla vicdanın kəsişdiyi yol: Bir gəncin hüquqa və Vətənə sadiqliyi

Mən istəmirəm ki, Prezident təqaüdçüsü olmaq sadəcə CV-də yazılan bir sətir kimi qalsın. İstəyirəm ki, bu ad illər sonra da fəaliyyətimdə pozulmaz iz kimi qalsın

Bu gün Azərbaycan gəncliyi öz savadı, dəyərləri və dövlətə bağlılığı ilə ölkəmizin gələcəyini formalaşdırır. “İki sahil”in budəfəki müsahibi də belə gənclərdəndir – hüquq sahəsində əldə etdiyi uğurlar, Prezident təqaüdünə layiq görülməsi və ölkəsinin maraqlarını beynəlxalq hüquq səviyyəsində qorumaq arzusu ilə seçilən bir gənc hüquqşünas. Bu müsahibədə onun şəxsi təcrübələri, könüllülük fəaliyyəti, hüquqi təlimlərdə qazandığı bacarıqlar və beynəlxalq hüquqa yönəlmiş istəkləri əksini tapır.

-Müsahibəmizə təqdimatınızla başlamaq istərdik…

- Həsənov İlham Babək oğlu. 2003-cü ildə Qazax rayonunda anadan olmuşam.  Atam polis (təhqiqatçı), anam Fransız dili müəllimidir. Atamın hüquqşünas olması məni bu sahəyə  həvəsləndirmişdi. 2021-ci ildə keçirilən qəbul imtahanlarında 674,5 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunmuşam. Elə həmin ilin sentyabrın 29-da cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüşəm və bu şərəfli adı 4 il boyunca saxlamışam. Hazırda 4-cü kursda təhsil alıram və  Yasamal Rayon Məhkəməsində təcrübə keçirəm.

-Ailənizdə hüquqşünas və müəllim kimi iki fərqli peşə sahibinin olması sizin dünyagörüşünüzə və peşə seçiminizə necə təsir edib?

- Atam mənə öyrətdi ki, həyatda qərar qəbul edərkən ədalətli olmaq lazımdır. Bu, istər hüquqi müstəvi, istərsə də gündəlik həyatda baş verən istənilən məsələdə belə olmalıdır. Anam isə qərar qəbul edərkən səbirli olmağı, insanları başa düşməyi, onların psixologiyasını anlamağı öyrətdi. Beləliklə, mən hüququ seçəndə atamdan qanunların dilini, anamdan isə insanların dilini başa düşməyi öyrəndim. Ümumilikdə, bu iki fərqli peşənin bir ailədə birləşməsi mənə əsas bir həqiqəti öyrətdi: hüquq insanlıqdan uzaq, insan hüquqdan uzaq ola bilməz.

Prezident təqaüdünə layiq görülmək həm motivasiya, həm də öhdəlik deməkdir

-Prezident təqaüdünə layiq görülmək sizə hansı məsuliyyəti və motivasiyaları qazandırdı?

-Bu təqaüd dövlətimiz, Prezidentimiz tərəfindən ölkədə savadlı gənclərə verilən dəyərin bariz nümunəsidir. Prezident təqaüdünə layiq görülmək mənim üçün uğurun rəmzi olmaqla yanaşı, həm də böyük bir məsuliyyətin başlanğıcı oldu. Bu təqaüd göstərdi ki, təkcə ailəmin və müəllimlərimin deyil, dövlətin də mənə inamı var. Bu inam isə özlüyündə həm motivasiya, həm də öhdəlik deməkdir. Prezident təqaüdçüsü olmaq, dövlətin sənə göstərdiyi etimadı doğrultmaq üçün daim öz üzərində çalışmaq lazımdır. Çünki bu şərəfli ad özü ilə birgə məsuliyyət gətirir. Əldə etdiyim bu nailiyyət, əslində, mənim bundan sonra necə bir insan, necə bir hüquqşünas olacağıma da təsir göstərəcək. Eyni zamanda, bu təqaüd mənim içimdə bir təşəkkür borcu yaratdı – dövlətimə, müəllimlərimə, ailəmə. Bu borcu qaytarmağın ən doğru yolunun xidmət olduğunu düşünürəm. Ona görə də gələcək planlarımda yalnız fərdi uğurlar yox, həm də ölkəmin beynəlxalq nüfuzunun qorunmasına töhfə vermək dayanır. Mən istəmirəm ki, Prezident təqaüdçüsü olmaq sadəcə CV-də yazılan bir sətir kimi qalsın. İstəyirəm ki, bu ad illər sonrakı fəaliyyətimdə pozulmaz iz kimi qalsın. 

 

Hüquqşünas üçün hüquqi məntiq vacibdir, amma insanlarla
ünsiyyət, empatiya və dinləmə bacarığı da bir o qədər önəmlidir

-Akademik uğurlarınızla yanaşı, könüllülük  fəaliyyətləri və hüquqi təcrübələrdə iştirakınız sizə hansı praktiki bilik və bacarıqları öyrətdi?

-Mənim üçün hüquq yalnız kitab səhifələrində yazılan maddələrdən ibarət deyil. Hüququn gerçək mahiyyətini anlamaq, onun insan həyatına necə təsir etdiyini görmək üçün təcrübədə olmaq vacibdir. Ona görə də akademik uğurlarımla yanaşı, könüllü fəaliyyətlərə və hüquqi təcrübələrə böyük önəm verdim. Bu sahələrdə iştirak etmək mənim bir şəxsiyyət və hüquqşünas kimi formalaşmağıma yardımçı oldu. Məsələn, məhkəmədə təcrübə keçmək mənə qanunun praktiki tətbiqini öyrətdi. Prokurorluq və vəkil bürosunda keçdiyim təcrübələr isə məni daha çevik və diqqətli olmağa öyrətdi. Hər detalın önəmli olduğunu, bəzən bir cümlənin bir insanın taleyini dəyişə biləcəyini başa düşdüm. Hüquqşünas üçün hüquqi məntiq vacibdir, amma insanla ünsiyyət, empatiya və dinləmə bacarığı da bir o qədər önəmlidir. Könüllülük fəaliyyətlərim isə mənə komanda işi, ictimaiyyət qarşısında çıxış, təşəbbüs göstərmək və sosial məsuliyyət daşımaq kimi bacarıqları qazandırdı.

Verilən təhsili, göstərilən etimadı,  valideynlərimin və dövlətimin dəstəyini yalnız şəxsi uğura çevirmək istəmirəm

-Beynəlxalq hüquqa marağınız necə yarandı? Bu sahədə ixtisaslaşmaq arzunuzun arxasında hansı məqsədlər dayanır?

-Azərbaycan mürəkkəb beynəlxalq münasibətlər sistemində öz suverenliyini, ərazi bütövlüyünü və haqlı mövqeyini qorumaq üçün uzun illər mübarizə aparıb. Mən bu mübarizənin yalnız emosional yox, hüquqi cəbhəsində də var olmaq istəyirəm. Bu sahədə ixtisaslaşmaq arzumun arxasında yalnız şəxsi karyera hədəfləri dayanmır. Uşaq vaxtlarımdan  işğalçı Ermənistanla sərhəd zonasındakı bir rayonda – Qazaxda böyümüşəm. Bu o deməkdir ki, mənim üçün “beynəlxalq hüquq” anlayışı heç də yalnız dərsliklərdə oxunan terminlərdən ibarət olmayıb. Eşitdiyim atəş səsləri, öz doğma yurdlarından didərgin düşmüş insanların gözlərindəki hüzn məni bu sahəyə yönəldib. Sərhəddə böyümək insanın həm dünyagörüşünü, həm də ədalət hissini daha tez formalaşdırır. Ölkəmin, xalqımın yaşadığı çətinliklərə, əziyyətlərə dünyanın digər dövlətləri tərəfindən illərlə göz yumulması beynəlxalq sferada dövlətimi və xalqımı təmsil etməkdə, haqlı mövqeyini dünyaya hayqırmaqda mənə stimul verdi. Mən istəyirəm ki, ölkəm xaricdə layiqli hüquqşünaslarla təmsil olunsun, beynəlxalq tribunalarda öz hüquqlarını beynəlxalq hüquqa söykənən bir dillə izah edə bilsin. Bu, həm də mənim üçün  bir vicdan məsələsidir. Mənə verilən təhsili, göstərilən etimadı,  valideynlərimin və dövlətimin dəstəyini yalnız şəxsi uğura çevirmək istəmirəm. İstəyirəm ki, bu dəstəyin nəticəsi ölkəm üçün də faydalı olsun. Ona görə də beynəlxalq hüquq mənim üçün sadəcə bir ixtisas deyil – bu, mənim Vətən qarşısında öhdəliyim, haqqın yanında olma seçimim və gələcək hədəfimdir.

Son dayanacaq hər zaman Vətənimdir

-Xaricdə təhsil almaq istəyinizin əsas motivasiyası nədir – fərdi inkişaf, beynəlxalq təcrübə, yoxsa ölkəyə faydalı olmaq?

-Mənim üçün xaricdə təhsil almaq sadəcə bir fərdi qazanc deyil, ölkə üçün də strateji bir investisiyadır. Mən düşünürəm ki, bu gün beynəlxalq hüquqda söz sahibi olmaq istəyən dövlətlərin arxasında yalnız güclü iqtisadiyyat və ya ordu yox, həm də güclü hüquqçu beyinlər dayanır. Dövlətim bu gün regionda və dünyada mühüm proseslərin içindədir. Mən istəyirəm ki, sabah bu proseslərin hüquqi müstəvidə təmsilində mənim də izim olsun. Xaricdə təhsil mənə bu hazırlığı verə bilər. Amma son dayanacaq mənim üçün hər zaman Vətənimdir. Orada öyrəndiklərimi bu torpağın gənclərinə, hüquq sisteminə, beynəlxalq nüfuzuna sərf etmək istəyirəm. Yəni, mənim xaricdə təhsil arzum bir başlanğıcdır – amma sonu mütləq bu ölkəyə qayıdıb faydalı olmaqla bitməlidir. Bu, mənim seçim deyil, vicdani borcdur.

Mənim üçün isə inkişaf, öyrənmək və gələcəyə hazırlaşmaq da bir növ istirahətdir

-Həftə sonlarını hüquqi seminar və təlimlərə həsr etməklə, həmyaşıdlarınızdan fərqli bir yol seçdiyinizi düşünürsünüzmü?

-Mən tələbəlik illərinin sadəcə diplom üçün deyil, eyni zamanda, xarakter formalaşdırmaq, hədəfləri dəqiqləşdirmək və özünü tanımaq üçün bir fürsət olduğuna inanıram. Bəziləri istirahəti fərqli şəkildə anlayır. Mənim üçün isə inkişaf, öyrənmək və gələcəyə hazırlaşmaq da bir növ istirahətdir. Hər seminar, hər təlim mənim dünyagörüşümə yenilik qatır, hüquqi biliklərimi dərinləşdirir, hüquqşünas olaraq daha təkmil düşünməyimə kömək edir. Üstəlik, bu tədbirlər təkcə bilik deyil, yeni tanışlıqlar, əməkdaşlıqlar, fikir mübadiləsi imkanları da yaradır. Mən heç vaxt öyrənməyi məcburiyyət kimi görməmişəm. Əksinə, bu yol mənim seçdiyim bir həyat tərzidir. Çünki yaxşı hüquqşünas olmaq üçün təkcə universitet proqramı ilə kifayətlənmək yetərli deyil, daim axtaran, sorğulayan, müasir hüquqi tendensiyaları izləyən biri olmaq lazımdır. Mən də bu prinsipi əsas götürərək, boş vaxtlarımı gələcək hədəflərimə uyğun şəkildə dəyərləndirməyə çalışıram.

-Bədii ədəbiyyata xüsusilə rus klassiklərinin əsərlərinə olan marağınız hüquqi düşüncə tərzinizə nə kimi təsir göstərir?

-Bədii ədəbiyyat mənim üçün təkcə boş zamanları doldurmaq vasitəsi deyil, düşüncə tərzimi formalaşdıran, hüquq anlayışımı dərinləşdirən mənəvi bir məktəbdir. Xüsusilə rus klassiklərinin əsərlərinə olan marağım mənə insan təbiətini anlamaq, əxlaqi dilemmaları təhlil etmək və hadisələrin arxasında gizlənən insan talelərini hiss etmək bacarığı qazandırıb. Ədəbiyyat mənə öyrətdi ki, hüquq sadəcə qanunları bilmək deyil, insanı və cəmiyyətin ruhunu anlamaqdır. Əgər bir hüquqşünas empati qurmağı, bir fərdin hekayəsini dinləməyi bacarmırsa, onun verdiyi hüquqi qərarlar da natamamdır. Ədəbiyyat mənə hüquqi mətnlərdən kənara baxmağı, hadisələrə yalnız Cinayət Məcəlləsinin filan maddəsi baxımından deyil, həm də sosial və mənəvi kontekstdə yanaşmağı öyrədib. Bu gün bir hüquqi məsələyə baxarkən, bəlkə də içimdə Dostoyevskinin sual verən qəhrəmanları danışır, Tolstoyun idealist xarakterləri mübahisə edir. Onlar mənə öyrədir ki, hüquq sadəcə sistem deyil, həm də ədalət hissidir.

Hüquqşünas yalnız qanunları bilən insan deyil, hüquqşünas həm də dövlətin səsini dünyaya hüquqi dillə çatdıran bir elçidir

-Gələcəkdə dövlətin maraqlarını beynəlxalq hüquqi müstəvidə qorumaq üçün hansı addımları atmaq niyyətindəsiniz?

-Gələcəkdə dövlətimin maraqlarını beynəlxalq hüquqi müstəvidə qorumaq mənim üçün yalnız bir peşə seçimi deyil, həm də mənəvi borcdur. Bu məqsədə çatmaq üçün bir neçə istiqamətdə konkret və ardıcıl addımlar atmaq niyyətindəyəm. Birincisi, akademik biliklərimi daha da möhkəmləndirmək. İkincisi, beynəlxalq hüquqla bağlı praktiki təcrübə toplamaq. Üçüncüsü, xarici dilləri dərindən öyrənmək və xüsusilə ingilis dilində sərbəst hüquqi dillə danışmaq, yazmaq bacarığımı inkişaf etdirmək. Çünki dövlətin mövqeyini beynəlxalq tribunalarda, arbitrajlarda və təşkilatlarda uğurla müdafiə etmək üçün beynəlxalq auditoriyaya təqdim etmək üçün bunlar vacibdir. Dördüncüsü, Azərbaycanın beynəlxalq aləmdə üzləşdiyi məsələləri izləmək, xüsusilə ərazi bütövlüyü və suverenliyimizin bərpasından sonra yaranan hüquqi münasibətlər üzrə dövlət mövqeyini dəstəkləyəcək analizlər aparmaqdır. Uşaqlıqdan sərhəd bölgəsində böyüməyim bu mövzuya şəxsi və peşəkar həssaslığımı artırıb. Ona görə də bu istiqamətdə öyrənmək və xidmət etmək mənim üçün bir borcdur. Bu ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik ili” elan olunması da suverenliyin hüquqi əsaslarını möhkəmləndirmək və beynəlxalq müstəvidə qorumağın vacibliyini bir daha diqqətimizə çatdırdı. Sonda isə bildirmək istəyirəm ki, hüquqşünas yalnız qanunları bilən insan deyil, hüquqşünas həm də dövlətin səsini dünyaya hüquqi dillə çatdıran bir elçidir. Mən bu səsi daha güclü etmək üçün var gücümlə çalışacağam.

Müsahibəyə görə təşəkkür edirik, bu şərəfli və çətin yolda sizə uğurlar arzulayırıq.

Yaqut Ağaşahqızı, “İki sahil”