05 iyun 2025 21:00
176

Bu gün Azərbaycan regionun və Avropanın əsas enerji təminatçılarındandır

Hazırda öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı nailiyyətlər ayrı-ayrı dövlətlər, beynəlxalq qurumlar və reytinq agentlikləri tərəfindən təqdir edilir. Xarici ekspertlərin də vurğuladıqları kimi, dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, həmçinin həyata keçirilən mütərəqqi islahatlar nəticəsində bütün sahələrdə inkişaf əldə edilən Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi ənənə halını alıb. İyunun 2-də Bakı Ekspo Mərkəzində öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər də Azərbaycanın qlobal enerji gündəliyini müəyyənləşdirən əsas aktorlardan olduğunu bir daha nümayiş etdirdi. 
Bu gün Azərbaycan regionun və Avropanın əsas enerji təminatçılarındandır. Ölkəmiz qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri ilə dünyanın diqqət mərkəzindədir. Azərbaycanın enerji strategiyası təkcə ölkəmiz üçün deyil, region və Avropa üçün də faydalıdır. Bakı Enerji Həftəsi dünya miqyasında enerji təhlükəsizliyi və istehsalı, yeni mənbələrin istifadəyə verilməsi, xüsusilə də "yaşıl enerji" sektorunun inkişafı ilə bağlı vacib məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələrin cəlb edildiyi tədbirdir. Belə ki, Bakı Enerji Həftəsi regionun aparıcı liderlərinin və dünya miqyasında enerji sektorunun ən önəmli iştirakçılarının bir araya gələrək, mühüm məsələləri müzakirə etdiyi və əhəmiyyətli qərarlar verdiyi effektiv bir platformadır.
Bu il tədbirdə 39 ölkədən 267 şirkətin iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Ölkələr arasında Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau, Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya iştirak edir. Almaniya Federativ Respublikası Milli pavilyon ilə iştirak edir.
Müasir dövrümüzdə enerji siyasəti ölkələrarası strateji əməkdaşlığı müəyyənləşdirən rola malikdir. Elə bu fakt da Bakı Enerji Həftəsinin qlobal əhəmiyyətindən xəbər verir. Danılmaz faktdır ki, bu platforma ölkəmizə yeni dividendlər qazandırır. COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl gündəlik sahəsində qlobal dialoqun önündə yer aldığını nümayiş etdirir. Bu proses çərçivəsində inkişafda olan ölkələrə ayrılan maliyyə dəstəyi 100 milyarddan 300 milyarda çatdırılmış, karbon bazarı işlək mexanizmə çevrilib. Əsas məqamlardan biri də enerji siyasətində istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqlar balansının qorunmasıdır. Bu prinsip Azərbaycanın həm ənənəvi, həm də yaşıl enerji sahəsində etibarlı tərəfdaş kimi qəbul olunmasına yol açıb. Konfrans çərçivəsində Qlobal Cənub və Şimal arasında körpü yaratmaq təşəbbüsü isə Azərbaycanın beynəlxalq etimad mühitinin təmin olunmasında rolunun artdığını göstərir. İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım paketi də ölkəmizin qlobal enerji liderliyi ilə yanaşı, ədalətli enerji keçidinə dəstəyini sübut edir. Dövlətimizin başçısı çıxışında vurğulayıb ki, bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi: “Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır. 
Prezidentin çıxışında yer alan konkret mesajlar, Azərbaycanın Avropa üçün alternativ enerji marşrutu rolunu gücləndirməsi, elektrik enerjisi ixracı, bərpaolunan enerji layihələrinin sürətlənməsi və regional təşəbbüslərdə aktiv iştirakı “Bakı sıçrayışı”nı reallığa çevirən əsas göstəricilərdir.

Anar Məmmədov,

Milli Məclisin deputatı