06 iyun 2025 10:24
106

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda ailələrə qurban payları çatdırılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban paylarının çatdırılmasına start verilib.

“İki sahil” xəbər verir ki, “Bizim Mətbəx” sosial layihəsi çərçivəsində həyata keçirilən bu xeyriyyə aksiyası ilk olaraq Yevlax rayonunda reallaşdırılıb və 100 aztəminatlı ailəyə qurban payları təqdim olunub.

Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim Mətbəx" sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən "Bizim Mətbəx" könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər və qida yardımları təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.

Qeyd edək ki, “Bizim Mətbəx” layihəsinin veb-saytı istifadəyə verilib və insanlar üçün ianə etmə və könüllü kimi qoşulma imkanları yaradılıb.