09 iyun 2025 15:16
116

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır

Gəncə şəhərində ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır.

“İki sahil” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla xəbər verir.

Məlumata görə, AYNA-nın Təlim-Tədris Mərkəzi tərəfindən Gəncədə ictimai nəqliyyat sahəsində fəaliyyət göstərmək üçün müraciət edən 700-ə yaxın sürücünün bacarıqlarının yoxlanılması həyata keçirilir. İlkin mərhələdə sürücülər hərəkətə başlama, manevretmə və nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində düzgün yerləşdirilməsi, müxtəlif trayektoriyalar üzrə idarəetmə kimi praktiki tapşırıqları yerinə yetiriblər. Yoxlama zamanı müvəffəqiyyət göstərən sürücülər növbəti mərhələdə tibbi yoxlanışdan keçdikdən sonra təlim prosesinə cəlb ediləcəklər.

Bildirilib ki, təlimlərdə sürücülərə avtomobil nəqliyyatı ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, avtobusların istismarına dair normativ tələblər, ictimai nəqliyyatda davranış mədəniyyəti, sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin edən idarəetmə üsulları, ekoloji səmərəliliyin artırılması məqsədilə “ekosürmə” texnikası üzrə nəzəri və praktik biliklər veriləcək.

Qeyd edək ki, bu yanaşma sərnişin məmnuniyyətinin yüksəlməsinə və yol hərəkəti təhlükəsizliyinin artırılmasına xidmət edir.