10 iyun 2025 10:19
193

Dövlət Komitəsinin təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə üçün maariflənək” mövzusunda təlimlər keçirilib

4–5 iyun 2025-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə və Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli məktəbdə 6–9-cu sinif şagirdləri üçün “İnternetdən təhlükəsiz istifadə üçün maariflənək” mövzusunda maarifləndirici təlimlər keçirilib.

“İki sahil” xəbər verir ki, təlimlərin əsas məqsədi internet platformalarından və sosial şəbəkələrdən düzgün və təhlükəsiz istifadə bacarıqlarını məktəblilərdə formalaşdırmaq, şəxsi məlumatların qorunması, kibertəhlükələrdən müdafiə və bu sahədə hüquqi tənzimləmələrlə bağlı məlumatlandırmanı təmin etmək olub.

Təlimçi qismində çıxış edən Dövlət Komitəsinin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr sektorunun əməkdaşı Sevil Rəsulzadə internetin zərərli təsirləri, kibertəhlükələrlə mübarizə üsulları, şəxsi məlumatların mühafizəsi və sosial şəbəkələrdə təhlükəsiz davranış qaydaları barədə ətraflı təqdimatla çıxış edib. O, həmçinin bu prosesdə valideyn və müəllimlərlə sıx əməkdaşlığın vacibliyini vurğulayıb.

Təlimlər çərçivəsində uşaqlara “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun barədə də məlumat verilib.

Daha sonra Komitənin Uşaq məsələləri şöbəsinin əməkdaşı Könül Tağızadə tərəfindən məlumatlandırıcı çap materialları təqdim olunub və informasiya məhsullarının yaş həddinə görə təsnifatı haqqında ətraflı izahat verilib.

İnteraktiv şəkildə keçən təlimlər zamanı məktəblilərin sualları cavablandırılıb, müzakirələr aparılıb.