10 iyun 2025 11:29
188

Tərtərdə şəhid ailəsi ziyarət olunub

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birgə Tərtər rayonu Qaradağlı kəndində şəhid İbrahimov Elnur Səxavət oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.

“İki sahil” xəbər verir ki, görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

Şəhidin valideynləri ilə söhbət zamanı şəhidin qısa ancaq şərəfli həyat yolundan danışılıb. Millət vəkili ailənin qayğı və ehtiyacları ilə maraqlanıb, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid ailələrinə hər zaman böyük diqqət və qayğı göstərildiyini bildirərək ölkə rəhbərliyinin bu sahədə həyata keçirdiyi işlərin Tərtərdə də davam etdirildiyini qeyd edib.

Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin baş giziri İbrahimov Elnur Səxavət oğlu 1990-cı il noyabr ayının 13-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub.

Elnur İbrahimov 19 sentytabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Qaradağlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhid İbrahimov Elnur Səxavət oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.