12 iyun 2025 11:38
163

Xalqın iradəsinin, milli həmrəyliyin və dövlət müdrikliyinin təntənəsi

Azərbaycan Respublikasının müasir tarixində mühüm əhəmiyyətə malik olan 15 İyun – Milli Qurtuluş Günü ölkəmizin ictimai-siyasi həyatında dönüş nöqtəsi olmuş, dövlətçilik ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından həlledici rol oynamışdır. Bu gün, ümummilli lider Heydər Əliyevin xalqın istəyi və təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdığı gündür və Azərbaycan xalqı tərəfindən böyük ehtiramla qeyd olunur.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ilk illərdə ciddi sınaqlarla üz-üzə qaldı. Ölkədə xaos və anarxiya hökm sürür, silahlı qarşıdurmalar, iqtisadi tənəzzül və siyasi qeyri-sabitlik dövlətçiliyin əsaslarını zəiflədirdi. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Qarabağ müharibəsi şiddətlənmiş, minlərlə insan həlak olmuş və yüz minlərlə vətəndaş qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. 1993-cü ilin iyun ayında baş verən Gəncə qiyamı isə ölkədə vətəndaş müharibəsi təhlükəsini daha da artırmışdı.

Belə bir mürəkkəb və taleyüklü dövrdə xalqın ümidsizlik içində qurtuluş ünvanı axtardığı bir zamanda, ümummilli lider Heydər Əliyev ölkənin rəhbərliyinə qayıtdı. Xalqın dəvəti ilə 9 iyun 1993-cü ildə Bakıya gələn Heydər Əliyev 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu və həmin gün sonralar Milli Məclisin qərarı ilə “Milli Qurtuluş Günü” elan edildi.

Heydər Əliyevin siyasi uzaqgörənliyi və liderlik keyfiyyətləri sayəsində ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi, dövlət quruculuğu prosesi sürətləndi, hüquqi islahatlara və demokratik təsisatların yaradılmasına başlanıldı. Onun təşəbbüsü ilə qəbul edilmiş yeni Konstitusiya müstəqil Azərbaycanın hüquqi əsaslarını müəyyənləşdirdi. Eyni zamanda, uğurla həyata keçirilən neft strategiyası Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirdi və iqtisadi inkişafın əsasını qoydu.

Bu gün 15 İyun – Milli Qurtuluş Günü təkcə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının ildönümü deyil, həm də Azərbaycan xalqının azadlıq, müstəqillik və sabitlik uğrunda mübarizəsinin, dövlətçilik ideyalarına sadiqliyinin rəmzidir. Bu günün mahiyyəti ondan ibarətdir ki, xalq və lider birliyinin nəticəsində dövlətçiliyimiz xilas edildi və müasir, müstəqil Azərbaycan dövləti formalaşdı.

Milli Qurtuluş Günü – xalqın iradəsinin, milli həmrəyliyin və dövlət müdrikliyinin təntənəsidir.

Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının  General Şıxlınski 56/2 ünvanı üzrə ərazi partiya təşkilatının üzvü