Bu gün Azərbaycan dünyada müstəqil siyasi və iqtisadi gücə malik dövlət kimi tanınır. Ölkəmiz bu müstəqilliyini asan əldə etməmişdir. 70 il ittifaq tərkibində yaşamış Azərbaycanın siyasi, sosial və iqtisadi cəhətdən fərdi şəkildə dövlət kimi formalaşması zəruri idi. Lakin müstəqilliyinin ilk illərində Qarabağ münaqişəsinin yaratdığı mürəkkəb vəziyyət, siyasi hakimiyyətdə səriştəsizlik, sistemsiz iqtisadi şərait ölkəni qazandığı azadlığı itirmə təhlükəsi yaradırdı. Siyasi hakimiyyətdəki boşluğun fəsadları Qarabağ münaqişəsini daha da dərinləşdirirdi. Siyasətdə yaranmış bu boşluğa 1993-cü ilin yayında Azərbaycan real vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı. Respublikanın məhz həmin ağır dövründə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə yenidən qayıtdı.
1993-cü il iyun ayında yaranmış siyasi gərginlik, qarşıdurma ölkəni ağır fəsadlara sürükləyirdi. Ölkəni belə ağır vəziyyətdən çıxarmaq və gərginliyi aradan qaldırmaq üçün hakimiyyətə təcrübəli siyasi rəhbərin gəlməsi zəruri idi. Məhz həmin günlərdə xalqın istəyi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev yenidən hakimiyyətə gətirildi və 15 iyunda Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Onun sayəsində Azərbaycan vətəndaş müharibəsindən xilas oldu.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu cənab Prezident İlham Əliyev uğurla davam etdirir. 32 il ərzində ölkədə yaranmış siyasi və iqtisadi inkişaf bunun bariz nümunəsidir. Müstəqilliyimizi əldə etdiyimiz ilk zamanlardan qarşılaşdığımız Qarabağ münaqişəsi, itirdiyimiz torpaqlar 44 günlük Vətən müharibəsində aparılmış düzgün siyasət sayəsində həllini tapdı. Azərbaycan ermənilərin əsassız torpaq iddialarına həm döyüş meydanında, həm də siyasi danışıqlarla cavab verdi.
44 günlük Vətən müharibəsi hər kəsə bir daha xalqın həmrəyliyini nümayiş etdirdi. Siyasi səriştəsizlikdən yaranmış 1993-cü ilin iyun hadisələri respublikada vətəndaş qarşıdurmasına yol açırdısa, düzgün siyasət bu xalqın gücünü və lazım gəldikdə vahid məqsəd uğrunda yumruq kimi birləşə biləcəyini dünyaya göstərdi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkənin çətin zamanlarında hakimiyyətə yenidən gəlişi, yəni 15 iyun respublikanın tarixində Milli Qurtuluş Günü kimi daxil oldu. 1997-ci ilin iyun ayında Milli Məclis həmin günü bayram elan etdi.
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının sədri