15 iyun 2025 09:49
214

Türkiyə-Azərbaycan qardaşlığının tarixi rəmzi - Şuşa Bəyannaməsi

2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki ölkə arasında dostluğun, qardaşlığın rəmzi olan son dərəcə qiymətli sənəddir. Müttəfiqliyimizi rəsmiləşdirən bu Bəyannamə iki qardaş ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı. Ekspertlərin qeyd etdikləri kimi, Şuşa Bəyannaməsi qırx dörd günlük müharibədən sonra bölgədə yeni geosiyasi reallıqlar çərçivəsində Azərbaycanın formalaşdırdığı regional təhlükəsizlik sisteminin ən önəmli hissəsidir.

Prezident İlham Əliyev 2022-ci il iyunun 15-də Şuşada keçirilən “Azərbaycan -Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubda bildirib ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir: “Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar tarix olan 15 İyun - Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi də vardır. İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi türk dünyasının parlaq şəxsiyyətləri “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” söyləyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir”.

 Şuşa Bəyannaməsi Türkiyə Prezidentinin Azərbaycanın tarixi, hüquqi və ayrılmaz hissəsi olan Qarabağa səfərinin başlıca diplomatik yekunudur. İşğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında məhz Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Şuşa Bəyannaməsinin böyük tarixi, hüquqi və siyasi əhəmiyyəti var. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı iki qardaş ölkə arasındakı münasibətlər daha yüksək səviyyəyə çatdı. Bu qardaşlıq əlaqələri müharibənin Azərbaycanın tarixi Zəfəri ilə başa çatmasında mühüm rol oynadı. Qardaş Türkiyənin Azərbaycana göstərdiyi hərbi-siyasi dəstək, xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bu savaşda üçüncü qüvvə olarsa, Türkiyə də tərəf olacaq” deməsi Azərbaycanın qələbəsini şərtləndirən amillərdən oldu.  İki qardaş ölkə öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etdi. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olundu, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyuldu. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan Çanaqqala döyüşlərində türklərlə yanaşı, azərbaycanlılar da işğalçı güclərə qarşı döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olublar. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra həmin il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə Çümhuriyyəti oldu.

 Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar. Bəyannamədə deyilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”. Bəyannamədə vurğulanır ki, Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü və sabitliyi təhdid etməsi nəzərə alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsi vacibdir.

Böyük tarixi, siyasi, tarixi və mənəvi əhəmiyyəti olan Şuşa Bəyannaməsi Prezident İlham Əliyev bildirdiyi kimi, böyük rəmiz məna daşıyır: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz yüz il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”.

Zahid Rza, “İki sahil”