13 iyun 2025 09:59
172

Azərbaycan xalqının qurtuluş salnaməsi

Tarixi prosesləri təhlil edərkən bir çox paradoksal hadisələrlə qarşılaşırıq. Dünya xalqlarının bir çoxlarında müstəqillik mübarizəsi mövcud olmuşdur. Mübarizə nəticəsində müstəqillik əldə olunmuş, onunla yanaşı suverenlik, qurtuluş problemləri öz həllini tapmışdır. Azərbaycan xalqında isə bu proseslər bir qədər çətin və uzun illər ərzində davam etmişdir: 1918-ci ildə müstəqillik əldə olunmuş, 1991-ci ildə müstəqillik bərpa edilmiş, 1993-cü ildə Milli Qurtuluşumuz gerçəkləşmiş, 2020-ci ildə torpaqlarımız işğaldan azad edilmiş, 2023-cü ildə isə suverenliyimiz tam təmin olunmuşdur.

1991-ci ilin oktyabrında Azərbaycan dövləti müstəqilliyini əldə etməsinə baxmayaraq, müstəqilliyin ilk illərində siyasi hakimiyyət və dövlətin bütün təsisatlarının boşluğu mövcud idi. Yenidən müstəqilliyi bərpa etmək kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalı, getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyət ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Milli Qurtuluş Gününə, o proseslərə sadə tarixi proseslər kimi yanaşmaq, baxmaq olmaz. Bizi 1918-1920-ci illərin taleyinin təkrarı gözləyirdi. Çünki tarix bir çox hallarda təkərrürdən ibarətdir. Müstəqilliyi əldə etmək hələ tam müstəqil olmaq demək deyil. Başqa xalqlarda bəlkə də bu proseslər daha asan baş verib. Lakin Azərbaycan xalqı müstəqillik, qurtuluş və suverenlik məsələlərini çox böyük əziyyətlər və qurbanlar hesabına həll etmişdir.

1990-cı ildən başlayan müstəqilliyin bərpası prosesi yalnız Azərbaycanda baş verməmişdir. Bir-birindən fərqli xalqları, adət-ənənələri, ictimai-siyasi formasiyaları birləşdirən Sovetlər Birliyinin tərkibində olan bütün xalqlar ya müstəqillik əldə etdilər, ya da müstəqilliklərini bizim kimi bərpa etdilər. Nəzər yetirəndə görürük ki, heç də hamısında bu proseslər Azərbaycandakı kimi qanlı-qadalı keçməmişdir. Məsələn, 20 Yanvar hadisəsi, Qarakənd hadisəsi, Başlıbel hadisəsi, Qaradağlı soyqırımı, Xocalı soyqırımı, Murovdağ keçidində baş vermiş hadisələr... Bu siyahını daha da artırmaq olar. 1990-1993-cü illər ərzində saysız-hesabsız bədbəxt hadisələr xalqımızın başına gətirilmişdir. Əminəm ki, digər ittifaq xalqlarında bu cür hadisələr ya olmamışdır, ya da bu miqyasda baş verməmişdir.

Düşünürük ki, xalqımızın başına gətirilən hadisələrin iki böyük səbəbi var idi. Birinci faktor ölkəmizin zəngin təbii sərvətləri, barlı-bəhərli torpaqları, coğrafi şəraiti. İkinci faktor isə ölkəmizin 90-cı illərin lap əvvəlində siyasi tərbiyəsi zəif, təcrübəsi yox səviyyəsində olan dövlət aparatında çalışan insanların xalqımızın taleyi ilə oynaması. Lakin Azərbaycan xalqı hər zaman öz müdrik qərarları ilə fərqlənib. Sonda ən düzgün qərarı verə bilib. Cəmiyyət anlayırdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyət Heydər Əliyevdir.

 Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu.

Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin qürur səhifəsini təşkil edir. Xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin adı tarixə müstəqilliyimizin xilaskarı, qarantı kimi yazıldı. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində baş verənlərə nəzər salmaqla Ulu Öndərin böyüklüyünü və dahiliyini əyani surətdə görə bilərik.

“Belə bir vəziyyətdə səbri tükənmiş Azərbaycan xalqı Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması tələbini daha qətiyyətlə irəli sürdü. Hər gün Azərbaycanın müxtəlif yerlərindən Naxçıvana nümayəndələr yollanır, teleqramlar göndərilir, Heydər Əliyev hakimiyyətə, çətin vaxtda xalqın hayına çatmağa dəvət edilirdi. Xalq yeganə çıxış yolunu öz böyük oğlunun şəxsiyyətində, qətiyyət və zəkasında görürdü”. Bu sözlər “15 iyun gününün Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1997-ci il 27 iyun tarixli qərarında qeyd olunub.

Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra   Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Milli Məclisin 1997-ci il 27 iyun tarixli qərarında obyektiv olaraq qeyd olunur ki, böyük çətinliklərə baxmayaraq, xalq güclü şəxsiyyətin, böyük dövlət xadiminin, Qarabağ problemi də daxil olmaqla Azərbaycan xalqı və dövlətçiliyi qarşısında duran mühüm problemləri həll etməyə qadir şəxsiyyətin siyasi hakimiyyətə qayıdışından sonra sabaha daha böyük ümid və inamla baxmağa başladı. Məhz bu ümid və inamla Azərbaycan xalqı 1993-cü il oktyabrın 3-də yekdilliklə Heydər Əlirza oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi.

Siyasi hakimiyyətə qayıtdığı ilk gündən Heydər Əliyev elə bir dövlət qurmağa başladı ki, bu dövlət həm özünü, həm də vətəndaşlarını qorumağa tam qadir olduğunu dönə-dönə sübut etmişdir.

Ulu Öndər Heydər Əliyev fenomen şəxsiyyətdir. Ondan öyrənmək, ondan faydalanmaq, onun siyasi irsini yeni nəsillərə yönəltmək bizim borcumuzdur. Azərbaycan xalqı Heydər Əliyevə həmişə böyük etimad bəsləyib və hörmət edib. Lakin bir qrup adam var idi ki, ondan, onun qətiyyətindən və dəmir əqidəsindən həmişə qorxub. Talançı, yalançı, dağıdıcı adamlar Heydər Əliyevdən hər zaman çəkiniblər. Çünki biliblər ki, Heydər Əliyev milli kadrdır və milli maraqları müdafiə edir.

1990-cı illərin ilk vaxtlarında Heydər Əliyevin Ali Sovetdə saxta ittihamlara məruz qalması, Bakıda uzun illər rəhbər vəzifədə işləməsinə rəğmən onun burada qalmağına süni maneələr yaradılması, yaş senzi məsələsinin qaldırılması, bütün bunların hamısı Heydər Əliyev fenomeninin yaratdığı xof idi. Heydər Əliyev zəhmətkeş xalq kütlələrinin təkidli tələbi idi. Lakin talançı, yalançı, dağıdıcı adamların isə qorxulu röyası. Bu adamlar əlbəttə, heç vaxt istəməzdilər ki, xalq ağ günə çıxsın. Bütün bu maneələri nəzərə alan Heydər Əliyev məcburən Naxçıvana   – hər şeyin başladığı yerə getdi.

Naxçıvanda əhalinin Heydər Əliyevə inamı həm Naxçıvanı xilas etdi, həm də Azərbaycanı. Bir çox tarixi qərarlar məhz blokada şəraitində olan Naxçıvanda qəbul olundu. Qəribəsi odur ki, Naxçıvana, Azərbaycanın ayrılmaz parçasına ilk üzünü döndərən də məhz rəsmi Bakı olmuşdur. O dövrdə Heydər Əliyevin adını çəkmək böyük günah kimi qələmə verilirdi. Heydər Əliyev isə sözün bütün mənalarında Naxçıvandan bütün dünyaya Qurtuluş və Yeni Azərbaycan konsepsiyası yaymağa hazırlaşırdı. Heydər Əliyevin hakimiyyətə gəlmək kimi bir amalı yox idi. Heydər Əliyev xalqını, dövlətini xilas etmək istəyirdi.

Heydər Əliyevin Naxçıvan dövrünün ən parlaq səhifələrindən biri heç mübaliğəsiz məhz Yeni Azərbaycan Partiyasının yaradılması olmuşdur. Heydər Əliyevi bütün xalq öz nicatı, pənahı kimi görürdü. Lakin onun adının dilə gətirilməsi o dövrdə yalnız cəsarətli adamların işi idi. Onun qayıtması üçün az qala canlarını ortaya qoyanlar fırtınalardan keçmişlərdir. 91 nəfər ən dəyərli adam var idi ki, onlar Ulu Öndərə müraciət etdilər. Bu müraciət hakimiyyətə çağırış deyildi. Bu çağırış xilaskara müraciət idi. Heydər Əliyev kimi dahi şəxsiyyət, qorxmaz adam canı bahasına da olsa, bu müraciətə biganə qala bilməzdi. Qalmadı da...

21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması Milli Qurtuluş konsepsiyasının əsas komponentlərindən biri idi. Çünki burada yalnız qardaş qanının durdurulmasından söhbət getmir. Məsələ daha ciddi və daha mürəkkəb idi. Müstəqilliyin əldən getmə təhlükəsi var idi və hakimiyyətdə təmsil olunanlar azadlığın saxlanılmasını təmin edə bilmirdilər. Tez-tez hakimiyyət əl dəyişdirirdi, belə olan bir məqamda hakimiyyətə qanuni yolla gəlmək, seçkilərdə əzici qələbə qazanmaq lazım idi. Bunun üçün isə təşkilatlanmaq əsas şərt idi. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın milli qurtuluşunun siyasi tərəfini tam öz üzərinə götürdü və demokratik, sivil və seçki yolu ilə bir inqilab həyata keçirə bildi.

Bu gün doğma partiyamız olan Yeni Azərbaycan Partiyası VII qurultayında özünə yeni hədəflər müəyən etmişdir. Çünki qurtuluş konsepsiyası suverenliyimizin tam təmin olunması ilə başa çatmışdır. Indi hədəf yeni çağırışlar fonunda qurtuluşun gerçəkləşdirdiyi arzuları, yeni reallıqları qoruyub saxlamaq və yeni nəsillərə ötürməkdir. Bu gün YAP xalqımızın bu milli və mənəvi sifarişini ləyaqətlə yerinə yetirir.

Sonrakı hadisələrin xronoloji ardıcılığı paradoksal yanaşmalarla bir-birini izlədi. Bakıda yaşamağa icazə verilməyən, “axtardıq, onunla danışa bilmədik” deyilən, “arxasınca araba göndərək?” deyilən Heydər Əliyevin arxasınca son anda Prezident təyyarəsi göndərildi. Çünki o məhz bu cür rəftara layiq dahi şəxsiyət idi və nəinki xalqın, hətta hakimiyyətdəkilərin də şəxsi təhlükəsizliyini təmin etmək, bir növ onların da həyatlarını xilas etmək məhz Heydər Əliyevin taleyinə yazıldı.

Ulu Öndər Heydər Əliyevlə qurtuluşdan suverenliyə, Naxçıvandan Xankəndiyə uzanan Zəfər yoluna inanan geniş xalq kütlələri öz hədəfinə tam çatmışdır. Bir zamanlar dövlətimizin məhv olması ilə qarşı-qarşıya qalan xalqımız indi həm müstəqilliyini, həm suverenliyini, həm iqtisadi inkişafını, həm hərbi qüdrətini tam təmin etmişdir. Bunlar hamısı Milli Qurtuluşun töhfələridir. Milli Qurtuluşun ən böyük töhfəsi isə Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı Prezident cənab İlham Əliyevdir. İlk dəfə seçiləndə onun “mən Heydər Əliyevin siyasətinə davam etdirəcəyəm” deməsi elə onun qurtuluşa olan inam, etimad və sədaqətinin ifadəsidir. Elə bu inam, etimad və sədaqət xalqımızı böyük uğurlara, Müzəffər Zəfərə apardı. Burada Milli Məclisin 1997-ci il 27 iyun tarixli qərarına bir daha istinad etmək yerinə düşür. “Yaxın tarixi keçmişin bütün çətinlik və məhrumiyyətlərini öz gözləri ilə görmüş Azərbaycan xalqı 1993-cü il iyunun 15-dən sonra ölkəsi və özü üçün tamamilə yeni bir tarixin yazıldığını və yaşandığını görür və bu onun öz liderinə olan inamını, sevgisini qat-qat artırır. Bu da təsadüfi deyildir ki, Heydər Əlirza oğlu Əliyevin siyasi hakimiyyətə qayıdışının hər ildönümü tarixində ölkəmizin bütün bölgələrindən Azərbaycan Respublikasının Milli Məclisinə, Prezident Aparatına, başqa dövlət orqanlarına, kütləvi informasiya vasitələrinə göndərilən məktublarda, müraciətlərdə 1993-cü il 15 iyun gününün Azərbaycan xalqının milli qurtuluş günü elan edilməsi ilə bağlı çoxsaylı təkliflər verilir. Xalqın bu istəyi milli qurtuluşu üçün öz Prezidentinə minnətdarlığının ifadəsidir”.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanı real təhlükələrdən xilas etməklə yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə ilk mühüm addımlar atdı. Ulu Öndərin gərgin fəaliyyəti, səyləri nəticəsində ictimai-siyasi sabitlik bərqərar olundu, böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı. Gələcəyə, konkret nəticələrə hesablanmış bu siyasət nəticəsində, həmçinin Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza davam edən təcavüzünün qarşısını almaq mümkün oldu.

Azərbaycanın müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən Ulu Öndər Heydər Əliyev, sözün əsl mənasında, xilaskar, qurucu Lider rolunu oynadı. Ötən dövrə nəzər saldıqda aydın görürük ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Bu əsərin təməl daşının qoyulduğu gün – 15 iyun tariximizin ən parlaq səhifələrindən biridir.

Otuz iki il əvvəl Milli Qurtuluş fəlsəfəsinə inanan xalqımız bu gün nə qədər doğru qərar verdiyinin fərqindədir. Bu günün isə yeni çağırışları var. Tarixi Azərbaycan torpaqlarına sivil yolla qayıdış, regionumuzda sülh və əməkdaşlıq, əldə olunan Zəfərin qorunub saxlanılması yeni milli çağırışların yalnız bir hissəsidir. Biz bu çağırışlara inanırıq və öz rəhbərimizin ətrafında sıx, dəmir yumruq kimi birləşmişik.

Vüqar Seyidov,
YAP Suraxanı rayon təşkilatının sədri