Bu il Şuşa Bəyannaməsinin imzalanmasından 4 il ötür. Heç bir şübhə yoxdur ki, bu bəyannamə Azərbaycan ilə Türkiyənin sarsılmaz qardaşlığını bütün dünyaya bəyan edən mühüm bir siyasi və mənəvi mesajdır. Tariximizin və mədəniyyətimizin dilbər guşəsi Şuşada imzalanan bu sənəd, iki qardaş ölkə arasında mövcud olan dərin münasibətlərin yeni və parlaq mərhələsinin başlanğıcını qoydu. Şuşa Bəyannaməsi çoxşaxəli strateji müttəfiqliyin rəmzinə çevrilmişdir. Tarixi Qars müqaviləsinin hüquqi və siyasi davamı olaraq, bir əsr sonra imzalanan bu sənəd, ortaq tarixə, ortaq mədəniyyətə və ortaq gələcəyə sədaqətin əbədi nişanəsidir. Bu bəyannamə yalnız Türkiyə-Azərbaycan münasibətlərini daha da möhkəmləndirməklə kifayətlənmir, həm də hər iki ölkənin bir-birini qoruyacağına, müdafiə edəcəyinə və hər şəraitdə dəstək verəcəyinə dair sarsılmaz iradəni ortaya qoyur. Şuşa Bəyannaməsi — dostluğun, qardaşlığın imzası, gələcəyin ortaq yol xəritəsidir.
Müasir Azərbaycanın xarici siyasət tarixində Şuşa Bəyannaməsi ölkənin dinamik diplomatiyasının və çoxtərəfli beynəlxalq formatlarda fəal iştirakının mühüm dayağı kimi çıxış edir. 2021-ci ildə imzalanmış bu strateji sənəd Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirməklə yanaşı, regionda sabitliyin, təhlükəsizliyin və qarşılıqlı inkişafın əsasını qoymuşdur. Şuşa Bəyannaməsinin əsas məqsədi Bakı ilə Ankara arasında siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi, eyni zamanda, regionda meydana çıxan geosiyasi təhdidlərin qarşısının alınması və mümkün fəsadların minimallaşdırılmasıdır. Bu bəyannamə, xüsusilə Cənubi Qafqaz və Cənub-Şərqi Avropada iqtisadi inkişafın sürətləndirilməsi, nəqliyyat-logistika infrastrukturunun modernləşdirilməsi və enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir. 2022-ci ildə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin Azərbaycan Respublikasının qanunu kimi təsdiqlənməsi, bu sənədə hüquqi və siyasi zəmin qazandırmaqla yanaşı, onun strateji təsirini daha da artırmışdır. Bu akt yalnız iki qardaş ölkə arasında münasibətlərin gücləndirilməsi deyil, həm də Cənubi Qafqazda və ümumilikdə Avropa məkanında sülh, sabitlik və davamlı inkişaf üçün yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.
Maraqlı və eyni zamanda dərin mənalı məqamlardan biri ondan ibarətdir ki, 15 iyun artıq ikinci dəfədir ki, Azərbaycan tarixində strateji və simvolik əhəmiyyətə malik xüsusi bir günə çevrilmişdir. Əgər 31 il əvvəl – 1993-cü ilin 15 iyununda Azərbaycan dövlət olaraq parçalanmaq, daxili qarşıdurmalar və xaos səbəbindən siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzə idisə, bu gün – artıq 15 iyun, müstəqil, güclü və qalib Azərbaycanın bölgədə və dünyada sülhə, təhlükəsizliyə və rifaha verdiyi mühüm töhfənin ifadəsi kimi tarixə yazılır. Bu baxımdan, 2021-ci ildə imzalanan və 2022-ci ildə Azərbaycan Respublikasının Qanunu kimi təsdiqlənən Şuşa Bəyannaməsi, müasir dövrün siyasi, mənəvi və tarixi reallıqlarını özündə ehtiva edən nadir sənədlərdən biridir. Bu sənəd, eyni etnik köklərə və ortaq mədəniyyətə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərini yeni, daha keyfiyyətli və strateji bir mərhələyə keçirir. Şuşa Bəyannaməsi, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimizdir, kədəri bizim kədərimizdir” kəlamları ilə özünün ideoloji və siyasi təməlini tapır. Bu sənəd sadəcə ikitərəfli münasibətlərin hüquqi çərçivəsini müəyyənləşdirmir, eyni zamanda ortaq gələcəyin konturlarını da formalaşdırır. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi:
“Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.” Bəyannamədə yer alan müddəalar təkcə siyasi sahələri deyil, eyni zamanda humanitar, iqtisadi, elmi, təhsil, mədəniyyət və media sahələrində də koordinasiyalı və sinxronlaşdırılmış əməkdaşlığı nəzərdə tutur. Bu, regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsində Azərbaycan-Türkiyə tandeminə geosiyasi çəki qazandırır.
Azərbaycan ilə Türkiyə arasında mövcud olan münasibətlər sadəcə diplomatik əlaqələr çərçivəsində qiymətləndirilə bilməz. Bu əməkdaşlıq – regionda və beynəlxalq müstəvidə nadir rast gəlinən, dərin tarixi və mənəvi köklərə əsaslanan unikal müttəfiqlik modelidir. Bu modelin əsasını birgə tarix, ortaq etnik mənsubiyyət, eyni dil, mədəniyyət, din, milli dəyərlər və bir-birinə arxa-dayaq olmaq ənənəsi təşkil edir. Bu tarixi bağlar əsrlər boyunca sınaqlardan çıxmış, müxtəlif dövrlərdə xalqlarımız çiyin-çiyinə durmuş, bir-birinin ağrılarını və sevincini paylaşmışdır. Məhz bu amillər Azərbaycan-Türkiyə münasibətlərini adi tərəfdaşlıq çərçivəsindən çıxararaq, sarsılmaz strateji müttəfiqliyə çevirmişdir. Cənab Prezident İlham Əliyevin ifadə etdiyi kimi: “Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk.” Bu sözlər, mövcud münasibətlərin yalnız ikitərəfli formatda deyil, həm də qlobal səviyyədə nümunə olduğunu göstərir. Əməkdaşlığımız regional sabitliyin dayağı, enerji və nəqliyyat təhlükəsizliyinin təminatçısı, sülh və inkişafın aparıcı platformasıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın söylədiyi “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür” fikri isə bu ittifaqın qarşılıqlı güc və etimad üzərində qurulduğunu ifadə edir. Bu siyasi əməkdaşlıqdan tutmuş enerji layihələrinə, müdafiə sənayesindən mədəniyyət mübadiləsinə qədər geniş spektrdə öz real təsdiqini tapmış münasibətlər sistemidir. Bu baxımdan, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin birliyini dünyaya bəyan edən geosiyasi manifestdir. Bu bəyannamə göstərdi ki, iki qardaş ölkə bundan sonra təkcə keçmişin mirasını bölüşmür, həm də ortaq gələcəyi birlikdə qurmaq əzmindədir. Burada təsbit edilən müddəalar əməkdaşlığımızı hüquqi zəminə oturtmaqla yanaşı, onun gələcəkdə sistemli və məqsədyönlü şəkildə inkişafına xidmət edir.
İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdiyi qətiyyətli siyasi və mənəvi dəstək, qardaşlıq və strateji tərəfdaşlığımızın əsl mahiyyətini bir daha ortaya qoydu. Prezident Ərdoğanın 2021-ci il 15 iyun tarixində Şuşaya rəsmi səfəri və bu səfər çərçivəsində imzalanmış Şuşa Bəyannaməsi təkcə Azərbaycan-Türkiyə münasibətləri baxımından deyil, bütövlükdə regionun gələcək təhlükəsizlik arxitekturası üçün fundamental strateji hadisədir. Bu Bəyannamə, xüsusilə də bölgədə sülh prosesini ləngitməyə çalışan, revanşist niyyətlər güdən qüvvələrə və onların xaricdəki havadarlarına verilmiş aydın və qəti siyasi mesaj idi. Ermənistanda revanşizmin yenidən gücləndiyi, bəzi dairələrin Qars müqaviləsinin ləğvi ilə bağlı əsassız və təhlükəli ritorikaları səsləndirdiyi bir vaxtda imzalanan bu sənəd, həm tarixi yaddaşı, həm də beynəlxalq hüququ əsas tutaraq bölgədə sabitliyin və əməkdaşlığın alternativsiz yol olduğunu bir daha təsdiqlədi. Məhz bu kontekstdə, Prezident cənab İlham Əliyev də vurğuladı: “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Reallıq ondan ibarətdir ki, Qars müqaviləsini hədəfə alan bütün çağırışlar və iddialar regionda yeni qarşıdurmalar yaratmağa yönəlmiş, beynəlxalq hüquqla ziddiyyət təşkil edən destruktiv cəhdlərdir. Şuşa Bəyannaməsi bu baxımdan həm hüquqi, həm siyasi, həm də geosiyasi cavabdır. Bu sənəd Azərbaycan və Türkiyənin yalnız bu gün üçün deyil, gələcək onilliklər üçün strateji koordinasiyasını təmin edən platformadır. Bəyannamənin azad edilmiş Şuşada – erməni vandalizminin izlərini daşıyan, 30 il düşmən tapdağında qalmış şəhərdə imzalanması isə olduqca simvolikdir. Bir tərəfdə xarabalığa çevrilmiş mədəni irs, digər tərəfdə isə iki dövlət başçısının sülh, əməkdaşlıq və sabitliyə çağırışları... Bu mənzərə təkcə Ermənistanın deyil, bütün dünya ictimaiyyətinin görməli olduğu geosiyasi və mənəvi mesaj idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında dünya ictimaiyyətinə etdiyi çağırış xüsusi vurğulanmalıdır: “Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik...” Bu çağırış Ermənistan daxil olmaqla, regionda sabitliyə mane olan bütün aktorlar üçün aydın xəbərdarlıq idi: yeni dövr başlamışdır, Azərbaycan artıq tək deyil, güclü müttəfiqlik platforması ilə regional dinamikanın aparıcı tərəfidir. Bəyannamədə həmçinin Qarabağın bərpası, təhlükəsizliyinin təmin olunması və gələcək inkişafı istiqamətində iki ölkənin resurslarının səfərbər ediləcəyi rəsmən bəyan edilmişdir. Bu da təkcə siyasi niyyət bəyanatı deyil, həm də əməli fəaliyyət üçün yol xəritəsidir.
Həmin sənəddə diqqəti cəlb edən əsas məsələlərdən biri də beynəlxalq əhəmiyyət daşıyan irimiqyaslı layihələrin icrası ilə bağlıdır. Bu kontekstdə xüsusilə Cənubi Zəngəzur dəhlizi layihəsi ön plana çıxır. Sözsüz ki, bu dəhliz təkcə regional deyil, həm də qlobal miqyasda mühüm geosiyasi və iqtisadi əhəmiyyət kəsb edir. Layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə uzanan, müxtəlif dövlətlərin maraqlarını birləşdirən və qarşılıqlı iqtisadi əməkdaşlığı gücləndirən yeni bir strateji yol xətti formalaşacaqdır. Zəngəzur dəhlizinin gündəmə gəlməsi və reallaşması, İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni geosiyasi düzənin məntiqi nəticəsidir. Bu dəhliz təkcə nəqliyyat baxımından deyil, həm də bölgədə sülh, sabitlik və əməkdaşlıq mühitinin qurulması baxımından önəm daşıyır. Bu layihə həm də Türk dünyasının fiziki inteqrasiyasını təmin edən mühüm infrastruktur komponentidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də bu məsələyə dair mövqeyi tamamilə aydındır. O, çıxışlarının birində qeyd edib: “Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq”. Bu bəyanat, layihənin reallığa çevrilməsi istiqamətində Azərbaycan dövlətinin siyasi iradəsini və qətiyyətini əks etdirir. Bu sözlər eyni zamanda, layihə ətrafında səsləndirilən müxtəlif şübhə və fərziyyələrə ən qəti və aydın cavabdır. Azərbaycan bu layihə ilə regionda yeni əməkdaşlıq platformalarının əsasını qoyur və ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm addımlar atır. Eyni zamanda, bu təşəbbüs ölkəmizin müstəqil və çevik xarici siyasətinin, regional liderlik potensialının daha bir təzahürüdür.
Türkiyə, digər bir sıra müttəfiqlərimiz kimi, bizə hər zaman dəstək olmuş və xüsusilə çətin dövrlərdə böyük yardım göstərmişdir. Bu kontekstdə qeyd etmək yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyev uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan-Türkiyə münasibətlərinin strateji əsaslar üzərində qurulmasına böyük töhfə vermişdir. Onun "bir millət, iki dövlət" tezisi bu gün də iki qardaş ölkə arasındakı münasibətlərin əsas ideoloji dayağı olaraq qalmaqdadır. Ulu Öndər Heydər Əliyev Türk dünyasının birliyi və gələcək inkişafı naminə ardıcıl və məqsədyönlü siyasət həyata keçirmiş, türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirmişdir. Bu strateji xətt bu gün də Cənab Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Azərbaycan ilə Türkiyə arasında münasibətlər, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi və liderliyi nəticəsində daha da dərinləşmişdir. Hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində görülən işlər və artan əməkdaşlıq formatları Türk dünyasının inteqrasiyası istiqamətində mühüm mərhələ təşkil edir. Biz bu prosesin canlı şahidiyik və əminik ki, qarşıdakı illərdə bu qardaşlıq əlaqələri daha da möhkəmlənəcəkdir.
Beləliklə, bir daha vurğulamaq lazımdır ki, Şuşa Bəyannaməsində əks olunan müddəalar yalnız cari əməkdaşlıq mexanizmlərini deyil, eyni zamanda keyfiyyətcə daha yüksək səviyyəli strateji tərəfdaşlıq modelini formalaşdırır. İki qardaş dövlət – Azərbaycan və Türkiyə arasında imzalanmış bu sənəd təkcə siyasi deyil, həm də mənəvi və tarixi baxımdan müstəsna əhəmiyyət kəsb edir. Bu Bəyannamə müttəfiqlik münasibətlərinin rəsmi hüquqi çərçivəsini müəyyən etməklə, regionda sabitliyin və davamlı inkişafın əsas sütunlarından birinə çevrilmişdir. Azərbaycan Respublikasının həyata keçirdiyi xarici siyasət kursu həm ikitərəfli, həm də çoxtərəfli formatlarda bərabərlik, balans və qarşılıqlı maraqlar prinsiplərinə əsaslanır. Bu siyasət ölkəmizə regional və qlobal miqyasda etibarlı tərəfdaş imicini qazandırmışdır. Xüsusilə, Cənubi Qafqaz regionunda əməkdaşlıq və inkişaf imkanlarının genişlənməsi artıq beynəlxalq gündəliyin əsas istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan bu prosesi təkcə təşviq etmir, həm də onun fəal iştirakçısı və təşəbbüskarı kimi çıxış edir. Dövlətimizin strateji baxışları təkcə regionla məhdudlaşmır. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Xəzər hövzəsindən Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçirilən enerji təchizatı layihələri ölkəmizi Avropa üçün strateji enerji tərəfdaşına çevirmişdir. Bununla yanaşı, Azərbaycan qlobal miqyasda irəli sürülən təşəbbüslərə, o cümlədən Çinin "Bir Kəmər, Bir Yol" layihəsinə də fəal dəstək verir. Bu təşəbbüslər Azərbaycanın nəqliyyat, loqistika və kommunikasiya sahəsində mühüm qlobal qovşağa çevrilməsi baxımından xüsusi önəm daşıyır. Azərbaycanın mötəbər beynəlxalq maliyyə institutları – Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən yaradılmış Asiya İnfrastruktur və İnvestisiya Bankı ilə geniş əməkdaşlığı ölkəmizin etibarlı iqtisadi tərəfdaş kimi qəbul edildiyini bir daha təsdiqləyir. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən enerji, nəqliyyat, loqistika və kommunikasiya layihələri regional inteqrasiyanı qaçılmaz edir və qarşılıqlı asılılıq üzərində qurulmuş davamlı sabitliyin bünövrəsini möhkəmləndirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü “Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır” tezisi dövlətimizin sülh, əməkdaşlıq və qarşılıqlı faydalılıq prinsipinə əsaslanan siyasətinin bariz ifadəsidir. Bu yanaşma regional qarşıdurmaların deyil, dayanıqlı və inklüziv əməkdaşlıq mühitinin qurulmasına xidmət edir.
Bu gün Azərbaycan regionda mühüm geosiyasi aktor olmaqla yanaşı, qlobal səviyyədə də etibarlı, prinsipial və strateji tərəfdaş kimi tanınır. Ölkəmizin beynəlxalq nüfuzu getdikcə artır, siyasi çəkisi və diplomatik fəallığı regional və qlobal sabitliyin təminində həlledici rol oynayır. Bu isə Azərbaycan diplomatiyasının uğurla həyata keçirdiyi balanslı, uzaqgörən və milli maraqlara əsaslanan siyasətinin məntiqi nəticəsidir.
Hicran Hüseynova,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor