Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının nəzdində fəaliyyət göstərən “Gənc Diplomatlar” klubunun “Diplomatik Masa” simulyasiya çempionatı başa çatıb. Tələbələrin analitik düşüncə, arqumentasiya, siyasi təhlil və ictimai çıxış bacarıqlarını inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edən çempionatda iştirak edən tələbələr layihə çərçivəsində keçirilən debatlarda Rusiya - Ukrayna, Fransa - Azərbaycan, İsrail - Fələstin, ABŞ - İran, Pakistan - Hindistan, Türkiyə - Yunanıstan, ABŞ - Çin münasibətlərini müzakirə ediblər. İştirakçılar müxtəlif mövzularla bağlı debat və diskussiyalarda dünya dövlətlərinin mövqelərini müdafiə etməyə, siyasi və diplomatik arqumentlər gətirərək masada qarşı tərəfi üstələməyə çalışıblar.
Çempionatın yekunlaşması ilə əlaqədar olaraq keçirilən hesabat tədbirində universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, elmi işlər üzrə prorektor, riyaziyyat elmləri doktoru Yusif Qasımov, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva, kafedranın müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski, kafedranın müəllimləri, universitetin professor-müəllim və inzibati heyəti, çempionatda iştirak edən tələbələr və valideynlər, layihənin ekspertləri iştirak edib.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hesabat tədbirində çempionatın gedişinə nəzər salınıb, qaliblər mükafatlandırılıb. Layihə ekspertlərinin rəyinə əsasən 6 tələbə “Ulduz diplomat” seçilib.
Tədbirdə layihənin müəllifləri - Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışınski, simulyasiyanın moderatoru və eksperti Rafiq İbrahimov açılış nitqi ilə çıxış edərək layihənin ideyasının ortaya çıxması, məqsədlərinin müəyyənləşdirilməsi haqqında məlumat veriblər. Elvin Talışınski layihənin tədris prosesindəki rolundan danışıb. Rafiq İbrahimov isə çempionatın tələbələrin yumşaq bacarıqlarının da inkişafında rol oynadığını diqqətə çatdırıb.
Universitetin rektoru Səadət Əliyeva çıxışında çempionatda iştirak edən 48 tələbənin hər biri ilə qürur duyduğunu bildirib, onların Azərbaycanı gələcəkdə ölkə hüdudlarından kənarda uğurla təmsil edəcəklərinə əminliyini ifadə edib. Rektor qeyd edib ki, layihədə iştirak edən tələbələr əzmkarlıqlarının bəhrəsini irəlidə həm öz şəxsi həyatlarında, həm də iş mühitində mütləq alacaqlar. “Diplomatik Masa” çempionatının tələbələrə böyük dəyər qatdığını da bildirən rektor Səadət Əliyeva qalib komandanı elan edib. Ekspertlərin rəyi əsasında ABŞ-ni təmsil edən komanda 1-ci yeri tutub, Çini təmsil edən komanda isə çempionatı ikinciliklə başa vurub. Qalib komandanın üzvlərini medal və sertifikatla təltif edən rektor onlarla xatirə şəkli çəkdirib və çempionatı bağlı elan edib.