Azərbaycan və Türkiyə arasında imzalanan bəyannamə, sadəcə diplomatik sənəd deyil, eyni zamanda tarixi irsin davamı və təsdiqidir. Bu sənədin əsasını Atatürkün “Azərbaycanın sevinci bizim sevincimizdir...” və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları təşkil edir. Hər iki liderin ideyaları əsasında formalaşan bəyannamə göstərir ki, bu əməkdaşlıq təsadüfi deyil, tarixi yaddaşın və ortaq mənəviyyatın nəticəsidir. Tarixi köklərə söykənən bu sənəd, xalqların birliyini gələcəyə daşıyır.Bəyannamə, iki ölkənin qarşılıqlı münasibətlərinin sadəcə bu günə deyil, uzunmüddətli strateji perspektivlərə yönəldiyini nümayiş etdirir. Sənəddə ifadə olunan fikirlər, həm siyasi qərarvericilər, həm də beynəlxalq ictimaiyyət üçün ciddi siqnaldır. Bu, iki dövlətin suverenliyini və milli maraqlarını qorumaq üçün daim birgə mövqe sərgiləyəcəyini, regional və qlobal məsələlərdə ortaq fəaliyyət göstərəcəyini göstərir. Strateji mesaj həm də gələcək nəsillərə sabit, güclü və dost münasibətlər üzərində qurulmuş birlik modeli təqdim edir.
Azərbaycan və Türkiyə arasındakı əlaqələr artıq ən yüksək müttəfiqlik səviyyəsinə çatıb. Bu münasibət təkcə hərbi və siyasi sahələrdə deyil, həm də mənəvi və ideoloji baxımdan sarsılmazdır. Hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi birmənalı siyasi və mənəvi
dəstək bu münasibətlərin real təzahürüdür. Müttəfiqlik artıq rəsmi sənədlərlə təsdiqlənmiş və hüquqi bazası olan, davamlı xarakter daşıyan münasibətə çevrilmişdir.Bəyannamədə əməkdaşlıq yalnız siyasi və hərbi çərçivədə deyil, həm də iqtisadiyyat, enerji, n qliyyat, təhsil, mədəniyyət, kənd təsərrüfatı və digər sahələrdə nəzərdə tutulur. Bu, münasibətlərin yalnız dövlətlərarası deyil, cəmiyyətlərarası səviyyəyə keçməsini təmin edir. Elm, tələbə mübadiləsi, ortaq mədəni tədbirlər və sənaye layihələri iki xalq arasında real inteqrasiyanı gücləndirir. Belə hərtərəfli əməkdaşlıq, hər iki ölkənin gücünü birləşdirərək daha böyük regional və qlobal imkanlar yaradır.
Bəyannamə, münasibətlərin yeni inkişaf mərhələsinə keçdiyini göstərir. Yüksək texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və startap sahələri əməkdaşlığın əsas istiqamətlərindən biri kimi müəyyən olunur. Həmçinin Şuşa Bəyannaməsi çərçivəsində birgə müdafiə sənayesi layihələri, rəqəmsal transformasiya təşəbbüsləri və strateji nəqliyyat marşrutları (Zəngəzur dəhlizi kimi) əməkdaşlığa yeni nəfəs verir. Gələcəyə yönəlmiş bu addımlar, iki ölkənin daha çevik, modern və müstəqil siyasət yürütməsinə zəmin yaradır.İqtisadi əlaqələr, siyasi və strateji münasibətlərin təbii davamıdır. Bu bəyannamə çərçivəsində ticarət dövriyyəsinin artırılması, gömrük və logistika prosedurlarının sadələşdirilməsi, ortaq sərmayə fondlarının yaradılması kimi mexanizmlər nəzərdə tutulur. TANAP və TAP kimi layihələr enerji təhlükəsizliyini təmin etməklə yanaşı, iqtisadi gücün birləşdirilməsinə imkan yaradır. İki ölkənin biznes strukturlarının inteqrasiyası, həm region daxilində, həm də beynəlxalq iqtisadi proseslərdə daha güclü və rəqabətədavamlı mövqe formalaşdırır.
Ülviyyə Fətullayeva,
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəziinin əməkdaşı