14 iyun 2025 23:23
174

Almaniyada ümumi hərbi xidmətin bərpası ilə bağlı hazırlıqlara başlanması təklif olunur

Almaniyada mühafizəkar siyasi düşərgəni təmsil edən Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı (CDU/CSU) fraksiyası ölkədə ümumi hərbi xidmətin yenidən tətbiqi ilə bağlı hazırlıqlara başlanmasını təklif edir.

“İki sahil” “Spiegel” qəzetinə istinadla xəbər verir ki, CDU/CSU fraksiyasının rəhbəri Yens Şpan ümumi hərbi xidmətin bərpasına hazırlıq işlərinə başlanılmasının vacibliyini bildirib. O, “Rheinische Post” qəzetinə açıqlamasında Almaniya Silahlı Qüvvələrində (Bundesver) əlavə 60 min nəfər hesabına hərbi potensialı artırmaq məqsədilə lazımi infrastrukturun yaradılmasının vacibliyini vurğulayıb: “Bundesverdə ümumi hərbi xidmətə sürətli dönüşü mümkün edəcək struktur mütləq yaradılmalıdır”.

Y.Şpan qeyd edib ki, hazırkı qanunvericilikdə qadınlar üçün ümumi hərbi xidmət nəzərdə tutulmur. Qadınların da hərbi xidmətə cəlb olunması üçün Konstitusiya dəyişikliyinə ehtiyac olduğunu vurğulayan fraksiya rəhbəri qarşıdakı dörd il ərzində bu dəyişikliyin mümkün görünmədiyini vurğulayıb. Qeyd edək ki, Konstitusiya dəyişikliyi üçün Bundestaq və Bundesratda (əyalətlərin nümayəndələri palatası) üçdə iki səs çoxluğu tələb olunur.

Sabiq müdafiə naziri Anneqret Kramp-Karrenbauer isə qadınların da ümumi hərbi xidmətə cəlb olunmasını təklif edib. O, demoqrafik dəyişikliklər fonunda heç bir qrupun istisna edilməməsinin vacibliyini vurğulayıb.

Bundestaqın hərbi məsələlər üzrə müvəkkili Henninq Otte (CDU) kifayət qədər könüllü tapılmazsa, məcburi elementlərin tətbiqinin zəruriliyini bildirib.

Koalision hökumətin ortağı Sosial Demokratlar Partiyası (SPD) isə məsələyə daha ehtiyatlı yanaşır. Partiyanın müdafiə siyasəti üzrə sözçüsü Falko Drosman Bundesverin cəlbedici və elastik xidmət imkanları ilə gənclər üçün daha cazibədar hala gətirilməsinin prioritet olduğunu qeyd edib.

Bu partiyadan olan müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, hökumət hazırda yeni hərbi xidmət qanunu üzərində intensiv işləyir. Sənədin 2026-cı ilin yanvarında qüvvəyə minməsi planlaşdırılır.