15 iyun 2025 12:55
129

Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

İyunun 14-də saat 15:30 radələrində Bakı–Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki,  Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Teyyub Məmməd oğlu Xəlilovun idarə etdiyi “Hyundai SantaFe” markalı, 10-TK-527 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət olub. Qəza nəticəsində avtomobildə olan azyaşlı sərnişin – sürücünün oğlu, 2022-ci il təvəllüdlü Fəhad Teyyub oğlu Xəlilov hadisə yerində həyatını itirib. Digər sərnişinlər – 1962-ci il təvəllüdlü Sevinc Abdullayeva və 1988-ci il təvəllüdlü Şəbnəm Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bu faciə bir daha göstərir ki, sürət sadəcə texniki göstərici deyil – həyatla ölüm arasındakı incə sərhəddir.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına bir daha xatırladır:

- Sürət həddini aşmayın;

- Yol və hava şəraitinə uyğun hərəkət edin;

- Sükan arxasındakı məsuliyyətsizlik təkcə sürücünün deyil, avtomobildəki hər kəsin həyatını riskə atır.

Unutmayın: Yüksək sürətə yox demək – evə sağ qayıtmaq deməkdir.