2021-ci il 15 iyun tarixi Azərbaycan və Türkiyə münasibətlərində yeni bir mərhələnin başlanğıcı oldu. Həmin gün Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Bu sənəd iki qardaş dövlət arasında strateji müttəfiqliyin rəsmi təsdiqi oldu.
Bəyannamə Azərbaycan-Türkiyə münasibətlərini yalnız diplomatik deyil, hərbi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə də yeni səviyyəyə qaldırdı. Ən önəmlisi isə, sənədin məhz Şuşada – Azərbaycanın azad olunmuş qədim mədəniyyət beşiyində imzalanması tarixi və simvolik məna daşıyır. Bu, qələbədən doğan birlik və gələcək güclü əməkdaşlığın simvolu kimi yadda qaldı.
Şuşa Bəyannaməsində hər iki ölkənin ərazi bütövlüyünün tanınması və bir-birinin təhlükəsizliyinə dəstək göstərilməsi qeyd olunub. Bu, həm də bölgədə sülh və sabitliyin qorunmasına, qarşılıqlı inam və strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.
2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi, iki ölkə arasında sarsılmaz müttəfiqliyin rəsmi hüquqi təməlini qoydu. Birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq və “Bir millət, iki dövlət” prinsipi bu münasibətlərin gücünü əks etdirir.
Bu bəyannamə ilə Azərbaycan və Türkiyə arasındakı “Bir millət, iki dövlət” prinsipi artıq rəsmi sənəd formasında təsdiq olundu. Şuşa Bəyannaməsi türk dünyasının birliyinə, bölgədə yeni geosiyasi düzənin formalaşmasına və Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına böyük töhfə verdi.
Şuşadan başlanan bu yeni yol – qardaşlıq, güc və ortaq gələcək yoludur!
Bəyannamənin strateji mesajının davamı kimi bu fikirləri qeyd etmək olar:
- Regional güc balansında söz sahibi olmaq – Azərbaycan və Türkiyə birgə addımlarla Cənubi Qafqazda sabitlik və inkişafın əsas təminatçısı kimi çıxış edir.
- Təhlükəsizliyin ortaq müdafiəsi – Hərbi təhdid və təhlükə zamanı qarşılıqlı yardım öhdəliyi iki ölkənin müdafiə ittifaqı səviyyəsində olduğunu göstərir.
- Türk dünyasının inteqrasiyası – Şuşa Bəyannaməsi Türk Dövlətləri Təşkilatının gələcək vizionuna xidmət edən ciddi addımdır.
- İqtisadi və enerji əməkdaşlığının dərinləşməsi – Enerji dəhlizləri, nəqliyyat yolları və sərmayə layihələri ortaq rifahı gücləndirir.
- Mədəni-siyasi həmrəylik – Bu sənəd “Bir millət, iki dövlət” fəlsəfəsinin hüquqi əsasını möhkəmləndirərək gələcək nəsillərə strateji yol xəritəsi təqdim edir.
Şuşa Bəyannaməsi siyasi, hərbi, iqtisadi, nəqliyyat, enerji, təhsil, mədəniyyət və digər sahələri əhatə edir. Əsas diqqəti çəkən məqamlardan biri, ölkələrin hərbi sahədə qarşılıqlı dəstəyini əks etdirən bəndlərdir. Bu, təhlükə yarandığı halda birgə müdafiə potensialının işə salınmasını ehtiva edir.
Sənəddə həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, birgə hərbi təlimlərin keçirilməsi, regional və beynəlxalq məsələlərdə koordinasiyanın artırılması vurğulanır. Bununla yanaşı, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, enerji və nəqliyyat layihələrinin birgə həyata keçirilməsi və Zəngəzur dəhlizi kimi strateji layihələrin dəstəklənməsi də sənəddə öz əksini tapır.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu “Bir millət, iki dövlət” fəlsəfəsi artıq müttəfiqlik səviyyəsinə yüksəlib. Şuşa Bəyannaməsi ilə bu prinsip hüquqi çərçivəyə salındı və iki ölkə arasındakı münasibətlər dərinləşdi. Bu sənəd, eyni zamanda, türk dünyasının siyasi inteqrasiyası istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Şuşa Bəyannaməsi təkcə Azərbaycan və Türkiyə üçün deyil, region üçün də strateji əhəmiyyət daşıyır. Bu sənəd Cənubi Qafqazda yeni geosiyasi nizamın əsasını qoyur. Azərbaycan-Türkiyə müttəfiqliyi bölgədə sabitliyin, sülhün və əməkdaşlığın mühüm təminatına çevrilir. Ermənistan və digər region dövlətləri üçün də bu bəyannamə sülh və əməkdaşlığa dəvət mesajı verir. Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətini artırır və strateji əməkdaşlığı daha da dərinləşdirir. 15 iyun 2021-ci ildə imzalanan bu tarixi sənəd yalnız siyasi və hərbi sahələri deyil, eyni zamanda iqtisadi inkişaf üçün də güclü hüquqi və praktiki baza formalaşdırır.Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi ildən-ilə artır. Şuşa Bəyannaməsi bu əlaqələrin daha da genişləndirilməsini, gömrük sahəsində sadələşmələrin tətbiqini və sərbəst iqtisadi zonaların birgə istifadəsini nəzərdə tutur. Enerji və nəqliyyat layihələri – xüsusilə Zəngəzur dəhlizi – regional və beynəlxalq ticarətin həcmini əhəmiyyətli dərəcədə artıracaq.
Azərbaycanın zəngin enerji resursları ilə Türkiyənin logistik imkanları birləşərək, hər iki ölkənin geoiqtisadi çəkisini artırır. Transxəzər nəqliyyat dəhlizində bu əməkdaşlıq mühüm rol oynayır. Bəyannamə çərçivəsində ortaq sənaye layihələri, texnologiya transferi, kiçik və orta sahibkarlığın təşviqi kimi sahələrdə də əməkdaşlıq nəzərdə tutulur.
Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə Türkiyə şirkətlərinin iştirakı ilə həyata keçirilən yenidənqurma layihələri bu əməkdaşlığın konkret nəticələridir. Bərpa olunan enerji, kənd təsərrüfatı və turizm sektoru qarşılıqlı sərmayələr üçün böyük potensial yaradır.
Nəticə etibarilə, Şuşa Bəyannaməsi təkcə siyasi sənəd deyil, iqtisadi dirçəlişin, regional inteqrasiyanın və ortaq gələcək quruculuğunun mühüm yol xəritəsidir.
Fidan Əliyeva,
YAP Xətai rayon təşkilatının məsləhətçisi