İyunun 18-dən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.
“İki sahil” xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan müəllimlər cəlb olunub. Bugünkü test imtahanlarında 2019 müəllim iştirak edib. Prosesin ilk günündə 95 faiz davamiyyət qeydə alınıb.
Sertifikatlaşdırmanın test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 19 müxtəlif şəhəri üzrə 39 imtahan mərkəzində təşkil edilir.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində müəllimlərə tədris fənni üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir.
Test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.