18 iyun 2025 23:38
116

Könüllülükdən liderliyə: İctimai fəaliyyətdə qadın gücü

Qadınlar sosial dəyişikliklərin əsas aparıcı qüvvələrindən biri ola bilər

Bu gün cəmiyyətin sosial inkişafında gənclərin rolu danılmazdır. Könüllülükdən başlayan ictimai iştirakçılıq, zamanla sistemli fəaliyyətə çevrilərək böyük dəyişikliklərə yol aça bilir. Belə nümunəvi şəxslərdən biri də Aytac Ceyhun qızı Əjdərlidir. O, "Regional İnkişaf" İctimai Birliyində (RİİB) könüllü olaraq başladığı fəaliyyətini bu gün artıq beynəlxalq layihələrin rəhbəri kimi davam etdirir. Gəlin, Aytac xanımın şəxsi inkişaf yoluna, həyata keçirdiyi layihələrə və gələcəyə dair baxışlarına birlikdə nəzər salaq.

-Aytac xanım, bu sahəyə marağınız necə formalaşıb?

-İctimai fəaliyyətdə ilk addımımı “Regional İnkişaf” İctimai Birliyində könüllü kimi atmışam. Bu sahəyə marağım da məhz elə könüllülük dövründə formalaşıb. Gənc yaşlarımdan etibarən cəmiyyətə faydalı olmaq, xüsusilə uşaqlar, gənclər və həssas qruplar üçün nələrsə etmək istəyim var idi. “Regional İnkişaf” İctimai Birliyində keçdiyim könüllülük yolu mənə həm şəxsiyyət kimi formalaşmaqda, həm də peşəkar bacarıqlar qazanmaqda  böyük kömək etdi.  Könüllü fəaliyyətimdə göstərdiyim fəallıq nəticəsində artıq 6 ilə yaxındır ki,  İctimai Birlikdə Beynəlxalq təşkilatlarla əlaqələr şöbəsində layihə meneceri olaraq uşaq hüquqları, inklüziv təhsil, gənclərin potensial bacarıqlarının artırılması, ekoloji məsələlər, sosial sahələr və ictimai təşəbbüslər istiqamətində fəaliyyət göstərirəm, layihələrdə iştirak edərək, həm biliklərimi artırır, həm də komandada işləmək, layihə idarəetməsi, liderlik və kommunikasiya bacarıqlarımı inkişaf etdirirəm. Hər bir sosial təşəbbüsdə insanların real ehtiyaclarını görmək və onların həyatında kiçik də olsa dəyişikliklərə səbəb olmaq hissi bu sahəyə olan bağlılığımı daha da gücləndirib. Bu yol mənim üçün sadəcə bir peşə deyil, həm də mənəvi bir missiyadır.

- Qət etdiyiniz 6 illik yol sizə şəxsi və peşəkar baxımdan hansı əsas bacarıqları qazandırdı?

-Mənə həm şəxsi, həm də peşəkar inkişaf baxımından zəngin təcrübə qazandırdı. Bu müddət ərzində ictimai fəaliyyətin müxtəlif sahələri ilə yaxından tanış oldum və fərqli sosial qruplarla işləmək bacarığı əldə etdim. Komandada işləmək, layihələrin planlanması və icrası, vaxtın düzgün idarə olunması, operativ qərarvermə kimi vacib bacarıqları mənimsədim. Eyni zamanda, kommunikasiya və liderlik keyfiyyətlərim əhəmiyyətli dərəcədə inkişaf etdi. Müxtəlif layihələrdə iştirak etməyim, fərqli tərəfdaşlarla əməkdaşlığım təşkilati çevikliyimin, adaptasiya qabiliyyətimin və strateji düşünmə bacarığımın formalaşmasına səbəb oldu. Bu yol yalnız bir iş təcrübəsi deyil, həm də şəxsi dəyərlərimi, sosial məsuliyyət hissimi və cəmiyyətə töhfə vermək istəyimi daha da möhkəmləndirdi.

-Könüllü kimi başladığınız fəaliyyətdə, necə deyərlər, bu mərtəbəyə yüksəlməyinizə səbəb nə oldu?

- Bu mərtəbəyə yüksəlməyimə səbəb könüllü fəaliyyətim dövründə göstərdiyim təşəbbüskarlıq, məsuliyyət və aktivliyim oldu. Könüllü kimi fəaliyyət göstərdiyim müddətdə layihələrin təşkili və icrasında fəal iştirak edirdim, komandada işləmə bacarığım, öhdəliklərə yanaşmam və sosial mövzularda həssaslığım rəhbərlik tərəfindən də dəyərləndirildi. Məhz bu keyfiyyətlərim və gördüyüm işlərdə əldə etdiyim nəticələr sayəsində mənə etimad göstərilərək əməkdaş kimi fəaliyyətə başlamaq fürsəti verildi. Bu keçid mənim üçün həm böyük məsuliyyət, həm də daha geniş miqyaslı layihələrdə iştirak etmə imkanı yaratdı.

-Bir qadın olaraq ictimai sektorda çalışmaq sizə hansı üstünlükləri və çətinlikləri yaşadıb?

-Bir qadın olaraq ictimai sektorda çalışmaq həm dəyərli üstünlüklər qazandırıb, həm də müəyyən çətinliklərlə qarşılaşdırıb. Üstünlüklərdən başlasam, ilk növbədə, bu sahədə fəaliyyət göstərmək mənə cəmiyyətin müxtəlif təbəqələri ilə işləmək, onların real ehtiyaclarını anlamaq və sosial dəyişikliklərə töhfə vermək kimi mənəvi baxımdan dəyərli bir fürsət yaradıb. Qadın olaraq empatiya, həssaslıq və detallara diqqət kimi keyfiyyətlərim sosial layihələrin planlanması və icrasında xüsusilə ön plana çıxıb və bu, komandada balanslı və daha inklüziv yanaşmaların formalaşmasına kömək edib. Eyni zamanda, qadın olaraq uğur qazanmağım digər xanımlara da nümunə olmaq və onları ictimai fəallığa təşviq etmək baxımından mənə əlavə motivasiya verib. Cəmiyyətə faydalı olmaq, xüsusilə uşaqlar və gənclərlə işləmək mənə həm peşəkar, həm də şəxsi baxımdan dərin bir məmnunluq hissi yaşadıb.

 Çətinliklərə gəlincə bəzən qadınların ictimai sektorda liderlik mövqeyində qəbul olunması üçün daha artıq səy göstərməsi lazım gəlir. Cəmiyyətin bəzi konservativ yanaşmaları, xüsusilə sosial sahədə qadının səsinin daha çox duyulması əlavə enerji və əzm tələb edir. Bəzi hallarda qərarvermə prosesində qadınların fikirlərinin ikinci planda qalması və ya daha çox izahata ehtiyac duyulması ilə də qarşılaşmışam. Lakin bütün bu çətinliklərə baxmayaraq, bu sahədə qadın kimi fəaliyyət göstərmək mənim üçün bir güc mənbəyinə çevrilib. Qarşılaşdığım maneələr əzmimi daha da artırıb və hər bir uğur mənə göstərib ki, qadınlar sosial dəyişikliklərin əsas aparıcı qüvvələrindən biri ola bilər.

-Ekoloji və sosial layihələrin cəmiyyətə təsiri barədə fikirlərinizi bilmək maraqlı olardı...

-Hesab edirəm ki, ekoloji və sosial layihələr cəmiyyətin rifahına və dəyərlərin formalaşmasına uzunmüddətli və dayanıqlı təsir göstərir. Bu layihələr yalnız müəyyən bir problemi həll etməklə kifayətlənmir, həm də fərdlərin dünyagörüşünü genişləndirir, empatiya və vətəndaş məsuliyyəti hissini gücləndirir. Ekoloji istiqamətdə isə COP29-la əlaqədar həyata keçirilən layihələr ölkəmizin beynəlxalq səviyyədə ekoloji proseslərə verdiyi töhfəni artırmaqla yanaşı, yerli səviyyədə də insanlar arasında iqlim dəyişikliyi, tullantıların azaldılması və davamlı resurs istifadəsi barədə düşüncələrin formalaşmasına səbəb olur. Belə təşəbbüslər həm də gələcək nəsillərin ekoloji təhlükəsizlik və sağlam mühitdə yaşamaq hüququnun qorunmasına yönəlib. Ümumilikdə, bu cür layihələr cəmiyyətin inkişafına xidmət edən sosial ədalət, ətraf mühitə hörmət və insan hüquqlarına dəyər prinsiplərinin daha geniş yayılmasına və mənimsənilməsinə şərait yaradır.

-Uşaq hüquqları və inklüziv təhsil sahəsində sizi ən çox təsirləndirən hadisə hansıdır?

-Bu sahədə məni ən çox təsirləndirən hadisə küçə mühitində olan uşaqlarla bağlı həyata keçirdiyimiz layihə çərçivəsində qazandığım təcrübə oldu. Layihənin icrası zamanı bu uşaqlarla birbaşa təmasda olmaq, onların həyat hekayələrini dinləmək və çətin şəraitlərə baxmayaraq necə mübarizə apardıqlarını görmək məni dərindən sarsıtdı. Həmin uşaqların sosial və psixoloji ehtiyaclarının nə qədər böyük olduğunu və sistemli dəstəyə olan ehtiyaclarını yerində görmək, inklüziv yanaşmanın və müdafiə mexanizmlərinin nə qədər həyati əhəmiyyət kəsb etdiyini mənə bir daha göstərdi. Bu prosesdə hər bir uşağın ehtiyaclarına həssas yanaşmaq, onların müdafiəsi üçün konkret addımlar atmaq və aidiyyəti qurumlarla birgə işləyərək davamlı bir model formalaşdırmaq həm mənəvi, həm də peşəkar baxımdan unudulmaz bir təcrübə oldu. Uşaqların həyatında ən kiçik bir dəyişikliyin belə nə qədər böyük təsir doğurduğunu görmək isə bu sahədəki fəaliyyətimə daha böyük məsuliyyət və bağlılıq hissi qazandırdı. Bu təcrübə mənə bir daha sübut etdi ki, inklüziv təhsil və uşaq hüquqları sahəsində atılan hər bir addım yalnız bir siyasət deyil, insan talelərinə toxunan bir ümiddir.

-Gənclərə könüllülük fəaliyyətinə başlamaq üçün nə tövsiyə edərdiniz?

-Gənclərə könüllülük fəaliyyətinə başlamaq üçün ilk növbədə tövsiyəm budur ki, cəmiyyətə faydalı olmaq istəklərini heç vaxt kiçik görməsinlər. Könüllülük sadəcə vaxt keçirtmək və ya təcrübə toplamaq vasitəsi deyil – bu, insanın özünü tanıması, sosial məsuliyyət hissinin formalaşması və şəxsi inkişaf üçün çox dəyərli bir yoldur.Onlara tövsiyə edərdim ki, öz maraq və dəyərlərinə uyğun sahələrdə könüllü fəaliyyətə başlasınlar – istər təhsil, istər ətraf mühit, istərsə də sosial həssas qruplarla iş olsun. Hər bir sahədə könüllü olmaq onlara yeni bacarıqlar qazandırmaqla yanaşı, empatiya, liderlik, komanda işi və təşəbbüskarlıq kimi keyfiyyətləri inkişaf etdirəcək. Eyni zamanda, könüllülüyə başlayarkən “mükəmməl olmaq” üçün deyil, “faydalı olmaq” üçün yola çıxmağı tövsiyə edərdim. Ən kiçik dəstək belə bir insanın həyatında böyük dəyişiklik yarada bilər. Ona görə də könüllülük fəaliyyətinə başlamaq üçün ideal anı gözləməyə ehtiyac yoxdur – əgər içində bu istək varsa, elə indi başlamaq ən doğru addımdır.

-Gələcəklə bağlı nə kimi hədəfləriniz var? Özünüzü hansı sahələrdə inkişaf etdirmək istəyərdiniz?

-Gələcək hədəflərim cəmiyyətə daha sistemli və uzunmüddətli töhfə verə biləcəyim sahələrdə fəaliyyətimi genişləndirmək və daha təsirli layihələrə rəhbərlik etməkdir. Xüsusilə uşaq hüquqları, inklüziv təhsil və sosial müdafiə mexanizmlərinin gücləndirilməsi istiqamətində yerli və beynəlxalq səviyyədə davamlı təşəbbüslər həyata keçirmək əsas məqsədlərimdəndir. Arzum odur ki, sosial həssas qrupların – o cümlədən aztəminatlı ailələrin, xüsusi qayğıya ehtiyacı olan uşaqların və küçə mühitində olanların həyatında real dəyişikliklər yaradan layihələrin formalaşmasında aktiv rol alım. Peşəkar inkişaf baxımından isə özümü sosial siyasət və insan hüquqları sahəsində daha da təkmilləşdirmək, beynəlxalq standartlara uyğun strategiya və proqramlar hazırlamaq bacarığımı artırmaq istəyirəm. Eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində daha genişmiqyaslı layihələrdə iştirakçısı olmaq, qlobal təcrübəni Azərbaycana gətirmək və yerli ehtiyaclara uyğun adaptasiya etmək istəyirəm.

Aytac  Əjdərlinin fəaliyyəti göstərir ki, cəmiyyətə töhfə vermək üçün atılan kiçik addımlar zamanla böyük sosial dəyişikliklərə yol aça bilər. Onun könüllülükdən başlayaraq, inklüziv təhsil, uşaq hüquqları və ekoloji sahələrdə həyata keçirdiyi layihələr bu istiqamətdə böyük nümunədir. Aytac xanımın fəaliyyəti həm gənc lider, həm sosial təşəbbüskar, həm də cəmiyyətə faydalı olmağı hədəfləyən bir vətəndaş kimi gələcək nəsillərə stimul verə bilər.

- Müsahibəyə vaxt ayırdığı və dəyərli fikirlərini bizimlə bölüşdüyü üçün Aytac xanıma dərin təşəkkürümüzü bildirir, gələcək fəaliyyətində uğurlar arzu edirik!

Yaqut Ağaşahqızı, “İki sahil”