19 iyun 2025 12:04
116

İİTKM-in şöbə müdiri Vüsalə Cəfərova İslamabadda regional əməkdaşlıq imkanlarını müzakirə edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Pakistanın paytaxtı İslamabadda keçirilən “CAREC Proqramı çərçivəsində ticarətin asanlaşdırılmasının təşviqi” mövzusuna həsr olunmuş 5-ci illik elmi tədqiqat konfransı çərçivəsində bir sıra beynəlxalq təşkilat və dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirib.

“İki sahil” xəbər verir ki, görüşlər zamanı Vüsalə Cəfərova İİTKM tərəfindən hazırlanan “Turkic State Economy” kitabı və “Turkic Economic Outlook” nəşrini təqdim edib, həmçinin İİTKM ilə Mərkəzi Asiyanın aparıcı beyin mərkəzləri arasında mümkün əməkdaşlıq istiqamətləri ətrafında müzakirələr aparıb.

Görüş keçirilən əsas şəxslər arasında CAREC İnstitutunun direktoru Çarımuhammet Şallıyev, Pakistanın İnvestisiya üzrə Federal naziri Qaiser Əhməd Şeyx, Pakistan Baş nazirinin Ofisindən Seyid Şakil Şah, Pakistanın Sargodha Universitetinin (UOS) rektoru, professor Qaisar Abbas, Pakistan Davamlı İnkişaf Siyasəti İnstitutunun (SDPI) icraçı direktoru Dr. Abid Qaiyum Suleri, Pakistan İqtisadi İnkişaf İnstitutundan (PİDE) dosent Dr. Kərim Xanç, Özbəkistan Nazirlər Kabineti yanında Makroiqtisadi və Regional Tədqiqatlar İnstitutunun nümayəndəsi Sergey Çepel və Türkiyənin TOBB təşkilatından mütəxəssis Burak E. Erdoğan olub.

Görüşlərdə Türk dövlətləri ilə regional əməkdaşlığın gücləndirilməsi, iqtisadiyyat sahəsində birgə tədqiqatların təşkili, rəqəmsal ticarətin inkişafı və logistika sahəsində təcrübə mübadiləsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Konfransı CAREC İnstitutu və Sargodha Universitetinin (University of Sargodha, UOS) İslam İnkişaf Bankı (Islamic Development Bank, IsDB), “Pakistan Single Window” (PSW), Davamlı İnkişaf Siyasəti İnstitutu (Sustainable Development Policy Institute, SDPI) və digər qurumlarla əməkdaşlığı çərçivəsində təşkil olunub.